İntihar və həyat
Bəzən elə hallar keçiririk ki, özümüzü bu dünyadan ayırmaq, hər şeydən uzaqlaşmaq istəyirik.
Bu vəziyyət elə bir hala gəlib çatır ki, tanatos - yəni ölüm eşqi erosu həyat eşqini üstələyir. Bunun nəticəsində insan tamamilə bu dünyadan ayrılmaq, qopmaq istəyir.
İntihar. Bu sözü duymaq istəməsəm də tərs kimi son zamanlarda ən çox eşitdiyim söz elə budur. Televiziyalarda, qəzetlərdə, digər informasiya vasitələrində hər gün bir neçə intihar xəbərlərini eşidib görmək olar. Özü də intihar edənlərin əksəriyyəti gənc nəslin nümayəndələridir. Bəs nə üçün intihar hadisələri baş verir? Bunun səbəbi nələrdir?
Müasir dövrdə dünyada intiharların sayı get-gedə artır. Maraqlı cəhət ondan ibarətdir ki, inkişaf səviyyəsinə görə öndə olan ölkələrdə bu intiharlar geniş yayılmışdır. Rəsmi məlumatlara görə müsəlman ölkələrində belə hallara daha az rast gəlinir. Bunun səbəbi İslamda intiharın günah olmasının vurğulanmasıdır.
İntihar əslində iradəsizliyin nişanıdır. Çünki iradəcə güclü olan insanlar hər zaman çıxış yolu haqqında düşünər və sona qədər mübarizə aparar. İradəsizlik isə insanın məğlubiyyətinə gətirib çıxarar.
İntiharın ilkin səbəblərindən biri cəmiyyətimizdə geniş yayılan işsizlik problemidir. Evə çörək pulu gətirə bilməyən, borc içində itib-batan iradəsi zəif insanlar( kişilər) son əlac kimi intiharı seçirlər. Lakin bu hərəkəti edərkən düşünmürlər ki, onlar arxada qoyub getdikləri insanları da böyük bəlaya düçar edirlər. Belə ki, onların adlarına olan borcların ağırlığı onların ailə üzvlərinin üzərinə düşür. Yəni, həmin insanlar ancaq rahat ölümü seçməklə yalnız özlərini qurtarırlar, qoyub getdikləri ailə üzvlərinin vəziyyətini fikirləşmirlər.
İntiharın digər səbəblərindən biri də qısqanclıqdır. Bu yaxınlarda metronun “20 yanvar” stansiyasında intihara cəhd halı baş verdi. İntihar etmək istəyən xanım söyləyirdi ki, o bir oğlanı sevir, lakin həmin oğlan başqasına aşiqdir. Onu qısqandığından özünə qəsd etmək istəyib. Belə faktlar çoxdur. Mənə maraqlıdır ki, bu insanlar nə üçün həyatlarını belə sadə səbəblərdən sona çatdırmaq istəyirlər. Həyat şirindir və bu həyatı gözəl yaşamaq varkən nə üçün səni dəyərləndirməyən, səni sevməyən bir insana görə özünə qəsd edəsən? Həyat elə qəribədir ki, elə anlar olur ki, bəzən həmin insana qovuşmadığın üçün sevinirsən. Həyatın hər dəqiqəsini elə yaşamalısan ki, peşman olmayasan.
İntiharın digər səbəblərindən biri ailədə baş verən boşanmalardır. Xüsusən də uşaqlı ailələrin boşanması həmin uşağın mənəvi erroziyasına gətirib çıxarır. Belə ki, ailə fərdləri ayrı yaşayan uşaqlar alkoqol və narkomaniyaya daha çox meyl göstərirlər. Həmin şəxslər ailə üzvlərinin nəzarətindən uzaq olduqlarını hesab edərək belə şeylərə maraq göstərirlər. Bu yaxınlarda mən belə şəxslərdən biriylə etdiyim söhbətdə onun bir sözü mənə təsir etdi. O, deyirdi ki, mən artıq bu həyatda heç nəyə ümid etmirəm. Tək istəyim sadəcə tez ölməkdir. Baxın, bu insanın psixikasının pozulmasına bir işarətidir. Əgər bir insanın ümidləri ölübsə, deməli həmin insan “ölü insan”dır. Yəni, onun yalnız görüntüsü vardır, mənəvi cəhətdən isə artıq o, ölüb.
Bu günlərdə məşhur rus kanallarının birində yüngül həyat tərzi keçirən qadınların intiharının səbəblərini araşdıran gözəl sənədli filmə baxdım. Burada həmin qadınları özünə qəsdə təhrik edən səbəblərdən birincisi kimi cəmiyyətin qınağı göstərilirdi. Doğrudur onlar normal həyat tərzi keçirməsələr də onları məncə anlamaq lazımdır. Onlara qarşı pis münasibət bəsləyərkən bir şeyi fikirləşin. Onları da bu işə məcbur edən səbəblər var və onları bu hala gətirən ilk qüvvə də cəmiyyətdir. Məsələn, evdən müəyyən səbəblər üzündən qaçan xanımların əksəriyyəti əlacsızlıqdan və həyatda qalmaq üçün bu yolu seçir. Bu halların qarşısını almaq üçün mütləq cəmiyyətdə maarifləndirməyə xüsusi önəm verilməlidir.
İntiharlar qeyd etdiyim kimi daha çox yeniyetmələr və gənclər arasında geniş yayılıb. Xüsusən də cənub bölgələrində erkən nigahlarda olan uğursuzluqlar gənc qızların bu yolu seçməsinə şərait yaradır. Ailə yükünü daşıya bilməyən bu qızlar həyatın ağır zərbələri qarşısında tab gətirə bilməyib son çarə kimi özlərinə qəsd edirlər. Buna görə də bu evliliklərə razılıq verən ailə üzvləri mütləq hər şeyi nəzərə almalıdırlar ki, son nəticədə belə faciələrlə üzləşməsinlər.
Sonda ailə üzvlərinə bildirmək istəyirəm ki, ailədə öz uşaqları ilə daha çox məşğul olsunlar. Uşaqdan bu günün necə keçdiyini soruşmaqla siz onu çox sevindirərsiniz. Çünki uşaq anlar ki, onun haqqında həqiqətən də fikirləşən var. Xüsusən də uşaqlarla psixoloji söhbətlər aparmaq lazımdır. Avropada olduğu kimi bizdə də uşaqların ayda heç olmazsa bir dəfə psixoloqun yanına aparılması məqsədəuyğundur. Bu uşaqlarda yaranan psixoloji gərginliyin aradan qaldırılması üçün yaxşı vasitədir. Uşaqlarla aparılan düzgün psixoloji işlər onu özünü cəmiyyətdə yeri olduğuna inandırmağın ən gözəl üsuludur.
İnsan Allah tərəfindən ona verilmiş yaşam şansını gözəl dəyərləndirməli və bu həyatda yaşayaraq yalnız Rəbbinə şükür etməlidir.
Murad BAXŞƏLIYEV
Xəbər lenti


