Ermənistan Avropaya qarşı oyun qurur
Belçikanın “New Europe” nəşri Ermənistanın regional layihələrə mane olduğunu yazıb
Belçikanın “New Europe” qəzeti Azərbaycanın Avropanın enerji siyasətində aparıcı roluna, Ermənistanın Cənubi Qafqazdakı destruktiv roluna və regional layihələri əngəlləməsinə istinad edən yazı dərc edib. Qəzetin “Qafqazda Avropaya qarşı oyunlar” sərlövhəli məqaləsində Ermənistanın törətdiyi münaqişənin Avropanın önəmli enerji layihələrini zərbə altında qoyduğu önə sürülüb.
Məqalədə deyilir: “Avropada iki regional qaz ötürücülərindən hansına daha çox üstünlük vermək barədə çoxsaylı müzakirələr aparılmaqdadır. Artıq xeyli müddətdir ki, Avropa Birliyi ölkələri Rusiyanın dəstəklədiyi “Cənubi axın” və Avropa ölkələrinin əksəriyyətinin dəstəklədiyi “Nabucco” ötürücüləri arasında rəqabət gedir. Hətta son dövrlərdə “Cənubi axın”ı öz ölkəsində qəbul edəcək Bolqarıstanın baş naziri Boyko Borisov da ölkəsinin “Nabucco” layihəsini prioritet hesab etdiyini bildirib. Avropada “Nabucco”nu prioritet hesab edən ölkələrin sayı günbəgün artır. Amma burada tərəddüd edənlər də var. Tərəddüd edənlər Xəzər dənizindən başlanğıcını götürəcək layihənin keçdiyi ölkələrin qonşularla problemini əsas gətirirlər. Bu problemin isə əsasən Ermənistandan qaynaqlandığı elan olunub. Ermənistan SSRİ dağılan vaxtdan etibarən Azərbaycanla ərazi münaqişəsinə girib. Nəticədə Azərbaycanın rəsmən elan etdiyinə görə 20 faiz ərazisini işğal edib. Hələlik tərəflər atəşkəs rejimindədirlər. Bununla belə müharibə təhlükəsi hər an gözlənilir. “Nabucco” çox bahalı bir layihədir və onun müharibə bölgəsindən keçməsi gələcək təhlükələrdən xəbər verir. Azərbaycan Xəzər regionu qazının əsas ötürücüsü olacaq. Ermənistanın hədələri davam edir. Ermənistan bölgədə Rusiyanın mənafeyini təmsil etməsi isə məsələni bir az da qəlizləşdirir. Son dövrlərdə isə “Nabucco”ya maneçilik törətmək məqsədilə Ermənistan özünün bu layihədə iştirak etmək niyyətini ortaya qoyub. Azərbaycan isə öz əraziləri işğaldan azad olunmayana qədər Ermənistanla hər hansı sahədə əməkdaşlıq etməyəcəyini bəyan edib. Azərbaycanın iştirak etdiyi layihələrin hamısı Ermənistanın iştirakı olmadan tərtib olunub. Azərbaycan Ermənistanın “Nabucco”ya qoşulmasına o halda razılıq verəcək ki, Ermənistan ərazi iddialarından əl çəksin və Azərbaycanın təklif etdiyi sülh variantına razılıq versin. Ermənistan isə əraziləri boşaltmaq istəmir, eyni zamanda regional layihələrdən kənarda saxlanılmasını beynəlxalq güclərin ədalətsizliyi kimi qiymətləndirir. “Ermənistan regional enerji layihələrindən kənarda saxlanılır. Bu isə blokada şəraitində yaşayan ölkəmizin iqtisadi vəziyyətini ağırlaşdırır” - deyə Ermənistanın prezidenti Serj Sərkisyan bəyan edib. Sərkisyan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşündə belə bir fikir də səsləndirib ki, əgər Azərbaycan xoşniyyətli olsa, Dağlıq Qarabağ münaqişəsinin həllinin dondurulduğu müddətdə də Ermənistanla əlaqələr qura bilər. Amma təbii olaraq bu gün Azərbaycan Ermənistanın regional layihələrindən təcrid olunmuş vəziyyətinin bundan sonra da davam etməsini istəyir. Çünki iqtisadi təzyiqlər Ermənistana qarşı mübarizədə yeganə rıçaqdır. Ermənistanın “Nabucco” sevdasının nə dərəcədə səmimi olması da layihəçilər tərəfindən tərəddüdlə qarşılanır. Ermənistan bu bölgədə Rusiyanın maraqlarının daimi təmsilçisi olduğundan, onun Rusiyanın enerjiötürücülərinə alternativ olan bir layihəyə maraq göstərməsinə şübhə ilə yanaşılır. Analitiklər bunu “oyunun pozulması uğrunda oyun” kimi qiymətləndirirlər.
Son dövrlərdə Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulmasını və sərhədlərin açılmasını ehtiva edən protokolun imzalanması Azərbaycan tərəfində ciddi əks-reaksiyalarla qarşılanıb. Çünki Türkiyə məhz Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanla sərhədlərini bağlı saxlayır. Rəsmi Bakı bəyan edib ki, sərhədlərin açılması Ermənistanın iqtisadi böhrandan çıxmasına səbəb olacaq. Bu isə onun münaqişənin həllində daha radikal mövqe nümayiş etdirməsilə nəticələnəcək. Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, sözügedən protokol imzalandıqdan sonra Ermənistanın münaqişəyə dair mövqeyi sərtləşib. Və o bu sərtləşməni Serj Sərkisyanla Kişinyov görüşündə açıq-aydın hiss edib. İlham Əliyev Azərbaycanın böyük iqtisadi potensialı olduğunu və regionun enerji siyasətində önəmli yer tutduğunu bildirib. Onun fikrincə, Ermənistan bu prosesdən özü-özünü təcrid edib.
Qeyd edək ki, bu gün Azərbaycan öz enerji siyasəti ilə regionun, eyni zamanda Avropanın enerji müstəvisində əhəmiyyətli rola malikdir. Xəzər regionunun digər enerji nəhəngləri - Türkmənistan və Qazaxıstanın Avropaya çıxışını da məhz bu ölkə təmin etməkdədir. Çünki bu ölkələrin enerji resursları Qərbə məhz Azərbaycanın xətti ilə çıxa bilər. Elə Avropa dövlətlərinin “Nabucco”ya Türkmənistan və perspektivdə Özbəkistan qazını da qoşma niyyətlərinin reallaşması yalnız Azərbaycandan keçəcək marşrutlarla mümkündür.
Son dövrlərdə Azərbaycanın enerji potensialını nəzərə alan Avropa Birliyi və ABŞ Qarabağ münaqişəsinin həllini sürətləndirməkdə maraqlıdır. Bu məqsədlə onlar Türkiyəni də dövrəyə daxil ediblər. Türkiyənin Azərbaycana təsir imkanları yüksək qiymətləndirilir”.
Möhtərəm
Xəbər lenti


