"Diplomatik dil Azərbaycanın ziyanına dəyişib"
Bu il Dağlıq Qarabağ danışıqlarının intensivləşməsi ilə yadda qalacaq.
Bunu "Mediaforum" saytına Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri, konfliktoloq Elxan Mehdiyev bildirib. Azərbaycan və Ermənistan prezidentlərinin ilin ilk 11 ayında 6 dəfə təkbətək görüşdüklərini xatırladan Elxan Mehdiyev Münhen görüşü və Afina toplantısından sonra verilən nikbin bəyanatları inandırıcı saymır.
"Bu il həqiqətən də görüşlərin sayı çox olub, prezidentlər altı dəfə görüşüblər. Əslində bunun özü də anormal haldır. Çünki dünya praktikasına görə, belə məsələlər əvvəllər texniki heyətlər, ekspertlər, nazirlər səviyyəsində həll olunur, ən son məsələləri prezidentlər həll edirlər. Azərbaycan - Ermənistan danışıqlarında isə əksinə, yuxarıdan aşağıya həll yolu seçilib. Bu isə həm həmsədrlərin, həm Ermənistanın, həm də Azərbaycan hakimiyyətinin maraqlarına uyğundur", - deyə konfliktoloq iddia edib.
Elxan Mehdiyev bildirir ki, Ermənistan hakimiyyəti bu görüşlərlə beynəlxalq legitimlik qazanır, həm də Ermənistanın əleyhinə yönələcək təzyiqləri neytrallaşdırmaq imkanı əldə edir - bu səbəbdən İlham Əliyevlə görüş onun mənafeyinə uyğundur: "Azərbaycan tərəfi də bundan daxili siyasətdə istifadə edib və indi də edir. İlham Əliyevin son bəyanatları və ondan sonra verilən açıqlamalar da bir daha göstərdi ki, hakimiyyətin Qarabağ siyasəti ancaq daxilə hesablanmış sözlərdən - son zamanlarda buraya Ermənistanla münasibətlər qurmaq istəyən Türkiyəyə təhdidlər və demokratiyanın boğulmasına etiraz edən Qərbə aqressiv reaksiyalar da əlavə edilib - ibarətdir. İstər Münhen görüşü, istərsə də ondan sonrakı proseslər Azərbaycanın ATƏT-in irəli sürdüyü təkliflərin arxasında süründüyünü nümayiş etdirdi".
Elxan Mehdiyev 2009-cu ildə əslində Qarabağ məsələsi ilə bağlı ciddi təhlükə siqnallarının duyulduğunu düşünür. Onun fikrincə, ən ciddi siqnallardan biri ermənilərin Şuşa ilə bağlı addımlarıdır: "Şuşa 17 ildir işğal olunub, amma indiyə qədər ermənilər oraya sərmayə qoymurdu. 2009-cu ildə onlar danışıqlardan nə anlayıblarsa, Şuşaya sərmayə qoymaq qərarına gəliblər. Ermənistan 2010-cu ildə Şuşanı erməniləşdirmək, şəhərin strukturunu dəyişdirmək niyyətindədir. Bunun üçün Amerikada 15 milyon dollardan çox pul toplanıb".
Elxan Mehdiyevin fikrincə, bu, belə şübhələr yaradır ki, Azərbaycan tərəfi danışıqlarda Ermənistana hansısa əsaslar verib. "Azərbaycan üçün Şuşa və Xocalıya qayıtmaq kritik məsələdir - bu şəhərlər simvollardır. Xocalı şəhər kimi bərpa olunmayınca, Şuşa qayıtmayınca Dağlıq Qarabağ münaqişəsi başa çatmış sayıla bilməz. Danışıqlar başlayandan bu xətt əsas olub. Amma indi görünür ki, bu mövqedə geriçəkilmə var, əks halda ermənilər bu qədər həvəslənməzdilər", - deyə o qeyd edib.
Politoloq danışıqlardakı diplomatik dilin də Azərbaycanın ziyanına dəyişdiyini deyir: "Çünki hətta Heydər Əliyevin dönəmində də heç bir zaman müqəddəratı təyinetmə hüququ məsələsi danışıq mövzusuna çevrilməmişdi. İlham Əliyev hakimiyyəti isə bunu gündəm mövzusuna çevirib və müqəddəratı təyinetmə məsələsi sənədlərin bir maddəsi kimi müzakirələrdə yerini möhkəmlədib. Bundan sonra istənilən izahın faydası yoxdur".
"Mən əminəm ki, Azərbaycan razılıq verməsəydi, bu, diplomatik sənədlərdə ifadə oluna bilməzdi. Hakimiyyət razılıq verib, indi isə deyir ki, biz Azərbaycan daxilində müqəddəratı təyinetməni nəzərdə tuturuq. Belə şey yoxdur, olsa, sənəddə məhz elə yazılardı. Üstəlik, beynəlxalq birlik bu sənədlərdə ifadə olunan müqəddəratı təyinetmə hüququ sözünü ayrılma kimi görür və ona görə də referendum sözünü gündəmə gətirirlər. Onların yanaşması budur ki, referendum olacaq və Dağlıq Qarabağ erməniləri də müqəddəratlarını təyin edəcəklər. Azərbaycanı bəlaya salan əsas maddə budur", - deyə o bildirib.
Elxan Mehdiyevə görə, proseslərin analizi Azərbaycanın indi özünün 1994-cü ildəki zəif halından belə pis durumda olduğunu göstərir: "1994-cü ildə irəli sürülən təkliflər daha az dəhşətliydi. O zaman ermənilər özləri deyirdilər ki, biz ən pis halda konfederasiyaya hazırıq, Azərbaycan isə mədəni muxtariyyət təklif edirdi. İndi Azərbaycan ən yüksək dərəcəli özünüidarəetmə təklif edir, onlar isə düşünürlər ki, bunu verən müstəqilliyi də verər, ona görə də müstəqillik tələb edirlər".
Ayna
Xəbər lenti


