Abunə:
Email:
BAŞ SƏHİFƏ | ANALİTİK | ABŞ Konqresi nəyə görə Azərbaycan icmasını unudur?

ABŞ Konqresi nəyə görə Azərbaycan icmasını unudur?

Şrift ölçüsü: Decrease font Enlarge font

Dünya azərbaycanlıları ABŞ Konqresini separatçılığa dəstək siyasətindən əl çəkməyi tələb edir

Bu gün ölkə mətbuatının əsas müzakirə mövzularından biri ABŞ Konqresinin Dağlıq Qarabağa 8 milyon dollar yardım ayırmasıdır. Təbii ki, bu addım Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, separatçılığa dəstək, haqsızlıq və ədalətsizlikdir.
Ən mühüm problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin uzanmasına təsir göstərən amillərdən bəhs edərkən daim dünyanın ikili siyasəti ön çəkilir. Münaqişənin beynəlxalq problemə çevrilməsi, hər bir dövlətin məsələnin həllinə öz maraqlarından yanaşması nizamlanma prosesinə mənfi təsir göstərir. Prezident İlham Əliyev dünyanın ən nüfuzlu təşkilatlarının tribunalarından dünya dövlətlərini, təşkilatları münaqişənin mahiyyətini düzgün qiymətləndirməyə, ədalətli mövqe nümayiş etdirməyə çağırır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində, eyni zamanda BMT Baş Assambleyasının sessiyalarında qəğbul olunan qətnamələrdə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni işğalçılarının ərazilərimizdən qeyd-şərtsiz çıxmalarının vacibliyi qeyd olunur. Lakin beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymayan işğalçı Ermənistan qeyri-konstruktiv mövqeyi ilə problemin həllinin uzanmasına səbəb olur. İşğalçını adı ilə çağırmaqdan ehtiyat edən dünya dövlətləri bunun problemin həllinə mənfi təsir göstərəcəyini bildirirlər. Təbii ki, bu, onların ikili siyasətlərinin göstəricisidir. 
Bir məqamı da qeyd etmək yerinə düşər. 2001-ci ilin sentyabrın 11-də ABŞ-da terror hadisəsi baş verəndə buna laqeyd münasibət göstərən dövlətlərdən biri Ermənistan oldu. Baxmayaraq işğalçı dövlət bu münasibəti ilə öz mövqeyni ortaya qoydu ona qarşı hansısa bir addımın atılmaması diqqətdən kənarda qalmadı.
Həmin terror hadiəsinə ilk münasibətini bildirən ulu öndər Heydər Əliyev terrorizmlə birgə mübarizənin gərəkliyini bildirdi, bunu əməli işdə sübut etməyin vacibliyini diqqətə çatdırdı. Azərbaycanın terrorizmlə mübarizənin ön cərgəsində olması rəsmi Vaşinqton tərəfindən yüksək dəyərləndirilir. Bu terror aktından sonra ABŞ Azərbaycana qarşı xarici siyasətində dəyişiklik etdi. 1992-ci ildə ölkəmizə qarşı tətbiq olunan lAzadlığa müdafiə aktı»na 907-ci düzəlişin ədalətsiz olduğunu bildirdi. Terror aktından sonra həmin ədalətsiz qərarın fəaliyyətinin bir illik dondurulması ilə bağlı qərar qəbul olundu. Artıq 2001-ci ildən həmin qərar hər il yenidən təsdiqlənir.
Bunları sadalamaqda məqsədimiz budur ki, bütün dünyada terrorla mübarizəni prioritet vəzifə elan etmiş ABŞ-ın işğal altındakı nəzarətsiz ərazilərə maliyyə yardımı hərbi xuntalara və separatçı rejimlərə dəstək kimi qəbul edilir. Bu addım ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın neytral status saxlamadığını, bu ölkənin xarici siyasətində ziddiyyətlərin və tərəfkeşliyin olduğunu göstərir. Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və dəstəklədiyini, münaqişənin ədalətli həllinə çalışdığını dəfələrlə ən yüksək səviyyələrdə bəyan etmiş ABŞ-ın Dağlıq Qarabağdakı separatçı rejimə dəstəyi beynəlxalq aləmdə onun demokratik imicinə ciddi zərbə vurur və rəsmi Vaşinqtona qarşı inamsızlığı gücləndirir.
Rəsmi Bakı dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının tribunasından bəyan edir ki, Azərbaycan Ermənistanın işğalçılıq siyasəti nəticəsində Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı, qaçqın və məcburi köçkün problemini də yaşayır. Onların pozulmuş hüquqlarının bərpası nə beynəlxalq təşkilatları, nə də dövlətləri düşündürür. Əksər humanitar təşkilatlar Azərbaycana yardımlarının həcmini azaldanda, yaxud birdəfəlik dayandıranda ölkəmizin bugünkü iqtisadi inkişafını önə çəkirlər. Lakin Prezident İlham Əliyev ölkəmizin qaçqın və məcburi köçkün problemini daim onların diqqətinə çatdırır.
 ABŞ Konqresinin bu ədalətsiz hərəkəti ölkəmizdə ictimai dairələr arasında da narahatlıq yaradıb. Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyi ötən gün bununlıa bağlı bəyanat yayıb. Bəyanatda bildirlir ki, ABŞ-ın Ermənistana və Dağlıq Qarabağa mütəmadi şəkildə hər il davam edən maliyə yardımları Cənubi Qafqazda erməni separatizmini və terreorçuluğunu daha da gücləndirməyə, Azərbaycan torpaqlarının işğalının illərlə uzadılmasına, ermənilərin işğalı alttındakı ərazilərdə Azərbaycanın  mili Mədəniyyət nümunələrinin kütləvi şəkildə məhv edilməsinə xidmət edir. “Məhz ABŞ Dövlətinin maliyə yardımı hesabına təkcə 1992-2009-cu illər ərzində:

Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında yuzlərlə inzibati yaşayış mərkəzləri dağıdılaraq xarabalığa çevrilib. 600 müsəlman dini abidələri siyahısına daxil olan məscidlər, türbələr, qəbirüstü abidələr, at-qoç fiqurları, inanc yerləri və digər ibadətgahlar ermənilər tərəfindən dağıdılaraq yararsız hala salınıb. Qarabağın Dünya Əhəmiyyətli Azıx, Cəbrayıl rayonunun Tağlar mağaralarında qazıntılar aparılaraq əldə edilən maddi sübutlar Amerikaya, İngiltərəyə və digər xarici dövlətlərə aparılmışdır.

ABŞ-ın maliyə vəsaiti hesabına Ağdam, Xocalı, Xankəndi ərazilərində və Qarqar çayı boyuca yerləşən bütün Kurqanlar Ermənistanın ekspedisiya qrupları tərəfindən dağıdaraq əldə edilən bütün əşya və dəlillər Ermənistana aparılıb. Şuşa, Əsgəran, Şahbulaq, Ağdərə, Kəlbəcər və Laçın rayonları ərazilərində 30-a qədər arxeoloji qazıntı işləri aparılıb, bu qazıntı işlərində ABŞ, İngiltərə, Hollandiya, Norveç və digər ölkələrdən olan onlarla mütəxəsis iştirak edib”.

Sənəddə qeyd olunur ki, ABŞ-ın maliyə vəsaiti hesabına Azərbaycanın işğal olunmuş ərazilərindəki xaraba kəndlərində 15 yeni erməni kilsəsi tikilib. ABŞ-ın maliyə vəsaiti hesabına 1700 Alban dövrü Tarix və Mədəniyyət Abidəsinin üzərindəki tarixlər, divar yazıları götürülərək erməni mətnləri ilə əvəzlənib. “Təşkilatımız hesab edir ki, Amerika dövlətinin bu ikiüzlü siyasəti Amerika Azərbaycan strateji əməkdaşlığının üzərinə ləkə salır və hər bir təşkilat üzvünün qəlbində Amerika Dövlətinə qarşı nifrət hissini daha da alovlandırır. ABŞ Dövləti mümkün qədər tezliklə özünün Cənubi Qafqaz siyasətinə yenidən  baxmalı əks təqdirdə Azərbaycan Amerika əlaqələrinə tezliklə son qoyulmalıdır”.

Dünyanın super dövləti, eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupuna həmsədr dövlət kimi ABŞ-ın ədalətli mövqeyi ölkəmiz üçün önəmlidir. Azərbaycan vətəndaşları, bütün dünya azərbaycanlıları ABŞ Konqresini separatçılığa dəstək siyasətindən əl çəkməyi tələb edir.

                                                                                                                                                                                                                                 F.HÜSEYNZADƏ
Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az