Abunə:
Email:
BAŞ SƏHİFƏ | ANALİTİK | Ermənistanla müttəfiqlik Fransanın beynəlxalq alyanslardakı nüfuzunu sarsıdır

Ermənistanla müttəfiqlik Fransanın beynəlxalq alyanslardakı nüfuzunu sarsıdır

Şrift ölçüsü: Decrease font Enlarge font

“La Croix” qəzetinin fikrincə, Fransanın Ermənistan və İranı “Nabucco”ya qoşmaq cəhdləri ABŞ-ı qəzəbləndirib

Fransa Gürcüstanın və digər Cənubi Qafqaz ölkələrinin NATO-ya daxil olmasına tərəfdar deyil. Buna səbəb isə Rusiyanın məhz NATO-nun Şərqə doğru genişlənməsi layihəsinə görə Avropanı qaz təhdidləri ilə cəzalandırmasıdır. Fransanın “La Croix” qəzetinin yazdığına görə, prezident Nikolya Sarkozi NATO-nun Qafqaza doğru genişləndirilməsi planının qeyri-müəyyən vaxta qədər təxirə salınması təşəbbüsü ilə çıxış edib. Bununla da Sarkozi Rusiyanın təhdidlərinin aradan qaldırılmasına zəmin hazırlamaq lazım gəldiyini ifadə edib. 
Sarkozinin qənaətinə görə, NATO genişlənməsinin təxirə salınması ilə bərabər Avropa ölkələri alternativ enerji mənbələrini də axtarmağa davam etməlidirlər. Qəzet Fransanın son dövrlərdə “Nabucco”nun İrandan keçməsi layihəsini müdafiə etməyə başladığını bildirib. Eyni zamanda fransızlar bu layihəyə Ermənistanın da daxil edilməsi təşəbbüsü ilə çıxış ediblər. “La Croix”in Fransanın Qafqazla bağlı mövqeyindən bəhs edən məqaləsində daha sonra deyilir: “Ermənistan Fransanın müttəfiqidir. Blokada şəritində yaşayan Ermənistanın dünyaya yeganə çıxışı ABŞ-ın dəstəyi ilə sanksiyalaşdırılmış İrandır. Əgər İran bu layihəyə qoşulsa, o zaman Ermənistanın da layihədə tranzit ölkə kimi iştirakını təmin etmək asanlaşacaq. Lakin ABŞ İranın layihəyə qoşulmasına ciddi şəkildə qarşıdır. “Biz İrana 1 milyon dollardan artıq kreditlər ünvanlayan ölkələrə qarşı sanksiyaların tətbiqi prinsipinin qorunmasına tərəfdarıq. “Nabucco”nun İran üzərindən keçməsi isə bu prinsipin pozulması deməkdir. Eyni zamanda “Nabucco” Rusiyanın enerji təhdidlərindən çıxış yolu kimi düşünülmüş variantlardan biridir. Biz Rusiyanın təhdidlərindən qorunmaq yolları axtararkən İranın gələcək təhdidlərindən sığortalanmayan bir layihəyə qol qoymağın qəti əleyhinəyik” deyə ABŞ-ın dövlət katibi Hillari Klinton bildirib. Fransa ABŞ-ın ciddi maneələri ucbatından “Nabucco”nun Xəzər dənizi-Ermənistan-İran marşrutu ilə irəliləməsini reallaşdırmaqda acizdir. Belə olan təqdirdə isə Fransanın yeganə yolu Rusiya ilə enerji ittifaqına daxil olmaqdır. Fransa bu ittifaqa Almaniya ilə birlikdə qoşulmaq əzmindədir. Almaniya isə Fransadan fərqli olaraq NATO-nun Şərqə doğru genişləndirilməsinə tərəfdardır. ABŞ Fransa və Almaniyanın Rusiya ilə enerji alış-verişinə girməsini NATO-nun gələcəyi üçün potensial təhlükə hesab edir. Odur ki, NATO-nun Cənubi Qafqazla bağlı planlarının reallaşdırılmasına Böyük Britaniyanı qoşmaq niyyətindədir. Böyük Britaniya isə tarixən Qafqazda Rusiya ilə paralel olaraq öz maraqlarını ortaya qoyub. Britaniyanın iri neft maqnatları 100 ildən artıqdır ki, Xəzərin enerji mənbələrinə sahiblənmək niyyətini gizlətmir. Bu gün Xəzərdə mövcud olan enerji şirkətləri içərisində ən böyük paya da məhz ingilis şirkətləri sahibdir. NATO-nun Xəzərdən keçən enerji xətlərinin qorunması missiyasını üzərinə götürməsi təklifini də ilk dəfə Böyük Britaniya irəli sürüb. Bu Britaniyanın enerji şirkətlərinin Xəzərə yatırdığı milyardlarla investisiyasının qorunması məqsədilə ortaya atılıb. Son dövrlərdə Böyük Britaniyanın Londonun lobbi fəaliyyətləri ilə fəal şəkildə məşğul olan sabiq baş nazirinin Bakıda görünməsi, onun səfərinin Britaniya şahzadəsinin səfəri ilə müşayiət olunması da bu iddialara tamamilə əsas verir. Vaşinqton Qafqazda işləri Britaniyaya həvalə etmək niyyətindədir. Çünki enerji ilə bağlı son proseslərdə Britaniya birmənalı şəkildə Vaşinqtonun xəttini müdafiə edib. Belə mürəkkəb beynəlxalq siyasi oyunlarda yeni rolu üzərinə götürən Britaniyadan ilk növbədə Qafqazdakı münaqişələrin aradan qaldırılmasında fəal iştirak etməsi gözlənilir. Amerikalı politoloq, Şərqi Avropa ölkələri üzrə mütəxəssis Daniel Nelson Fransanın Qafqazla bağlı siyasətində mövqeyinin sarsıldığını iddia edərək deyib: “Fransa Rusiya-Gürcüstan münaqişəsinin həlli üçün dövrəyə girmişdi. O, Rusiyanın hərbi müdaxiləsinin qarşısını almaq üçün üzərinə götürdüyü missiyanı qismən yerinə yetirdisə də, sonradan münaqişənin həllinə heç bir töhfə verə bilmədi. Qafqazdakı digər Dağlıq Qarabağ münaqişəsinin həllində də Fransa öz töhfələrini verə bilmir. ATƏT çərçivəsində yaradılmış Minsk qrupu missiyasına həmsədr kimi daxil olan Fransa Ermənistan üzərindəki nüfuzundan istifadə edərək rəsmi İrəvana heç bir təsir göstərə bilməyib. Bununla da Fransa həm Gürcüstan, həm də Qarabağ münaqişəsinin həlli ilə bağlı ona göstərilən etimadı itirmiş olub. Eyni zamanda Fransa Rusiyanın müttəfiqi Ermənistanla sıx münasibətlərə malik olduğundan onun ABŞ-ın maraqlarının bölgədə tam təminatçısı ola biləcəyi şübhələr doğurur. Enerji məsələsinə gəlincə isə, Fransa “Nabucco”nun əsas tərəfdaşlarından olan Azərbaycanın Qarabağ münaqişəsi bitməyincə kəmərin Ermənistandan keçməsinin qəti əleyhinə olduğunu bilə-bilə bu təklifi yenidən gündəmə gətirib. Paris dövrəyə İranı da daxil edincə, onun geopolitik sahədə ciddi problemlər və böhran yaşadığı hər kəsə məlum olub. Bundan sonra çətin ki, ABŞ Qafqazın taleyini Fransaya tapşırsın”. Amerikalı politoloqun fikirlərindən belə anlaşılır ki, Fransa həm enerji məsələləri sahəsindəki əks fikirlərinə görə, həm də Qafqazdakı indiyəqədərki sülhyaratma missiyasında uğurla iştirak edə bilmədiyinə görə Vaşinqtonun hədəfindədir. Bura Rusiya ilə əlaqələr və NATO-nun genişlənməsinə qarşı mövqe nümayişi də əlavə olunur. Yaxın dövrlərdə Sarkozi hökuməti Qafqazla bağlı siyasətində köklü dəyişikliklər etməsə, onun Avropa Birliyi və NATO-dakı təsiredici nüfuzu ciddi şəkildə şübhə altına düşəcək”.
 
Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az