Abunə:
Email:
BAŞ SƏHİFƏ | ANALİTİK | Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb

Şrift ölçüsü: Decrease font Enlarge font
Yanvarın 25-də prezidentlər Qarabağ münaqişəsinin nizamlanma yollarını müzakirə edəcək. Yanvarın 25-də prezidentlər Qarabağ münaqişəsinin nizamlanma yollarını müzakirə edəcək.

Rəsmi Bakı prezidentlərin Soçidə keçiriləcək görüşünə ümidlə yanaşır

Yanvarın 25-də Soçidə Rusiya prezidenti Dmitri Medvedev Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sərkisyanla Qarabağ münaqişəsinin nizamlanma yollarını müzakirə edəcək. Bu xəbəri Kremlin mətbuat xidməti yayıb. Bu son 1 il 3 ay ərzində Rusiya ərazisində 3-tərəfli formatda artıq 4-cü görüşdür. Soçidə üçtərəfli Qarabağ görüşü haqda rəsmi məlumat son 10 gündəki diplomatik fəallıqdan sonra yayılıb. Özü də bu fəallığın mərkəzində məhz Rusiya olub.

Ötən həftə Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğan Moskvanı ziyarət edib və Qarabağ məsələsini müzakirə edib. Bu səfərdən dərhal sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvana səfər edib. Bu həftənin əvvəlində isə Ermənistan prezidenti Serj Sərkisyan qısa işçi səfərlə Moskvada olub(BBC). Bütün bu diplomatik canlanmadan sonra isə Soçi görüşü baş tutmalıdır. Moskvadakı MDB Ölkələri İnstitutunun müdür müavini Vladimir Jarixinə görə, hazırkı məqamda işdə irəliləmə üçün müəyyən şərtlər formalaşıb: “Hazırda xarici faktorlar güzəştli qərarın qəbul olunması üçün pozitivdir. Ümumən aparıcı ölkələrin işlə bağlı mövqeyi yaxındır və burada Qarabağ münaqişəsi başqalarından seçilir. Söhbət ümumən Madrid prinsiplərindən gedir. İndi tərəflər müəyyən güzəştlərə getməlidir və onlara bu addımı atmağa kömək etmək lazımdır”.  Öz növbəsində digər politoloq Aleksey Vlasova görə, Rusiya bölgədə fəallığıyla müəyyən rəqabəti üstələmək istəyir:”Ruisya işdə tək sırf vasitəçilik rolunu oynamır, o nizamlanma prosesindən kənarda qalmaq istəmir. Necə deyərlər müqəddəs yer boş qalmır və həm Moskva, həm Vaşinqton, həm Ankara, həm Brüssel bir birini işdə izləyir. Rusiya Vaşinqtonun işdə real maraqlarını ayırd etməyə çalışır və  əlbəttə, müəyyən mənada Moskvada ABŞ-ın bölgədə mümkün fəallaşmasından ehtiyatlanırlar”. Qafqaz üzrə şərhçi Aleksandr Skakova görə isə, hazırda Rusiya Qərbin Qarabağ məsələsinə marağının az olmasından istifadə edərək öz mövqelərini gücləndirir: “Hazırda həm ABŞ, həm də Avropa üçün Qarabağ nizamlanması bir qədər arxa plana keçib. Rusiya üçün isə Qarabağ məsələsi daha vacibdir və hazırkı vəziyyətdən istifadə edərək o faktiki müstəsna oyunçuya çevrilmək istəyir”.

Rəsmi görüş ərəfəsində Bakı maksimal güşətlərin nəyi ehtiva edə biləcəyinə bir daha aydınlıq gətirib; Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər. Bu barədə  Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Bakıda keçirilən Azərbaycan-Rusiya Humanitar Forumunda deyib: “Afinada keçirilən ATƏT XİNŞ-in iclasında Azərbaycan və Ermənistan xarici işlər nazirləri birgə sənəd imzalayıblar. İlkin olaraq Ermənistan sənədi imzalayıb və etiraf edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkün ola bilər”(Trend).

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovsa gözlənilən görüşlə bağlı qeyd edib ki, Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin   görüşünə müəyyən ümidlər var: “Düşünürük ki, bir neçə ildir, həyata keçirilən dialoqun davamı olaraq bu görüşdə yenidən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında başlanan prosesin müzakirəsi həyata keçiriləcək”. Şöbə müdirinin sözlərinə görə, həmişə ümid edilib ki, hər görüş müsbət sonluqla, optimist nəticə ilə başa çatacaq, erməni tərəfi qeyri-konstruktiv mövqeyindən geri çəkiləcək.

APA-nın “Rusiya Ermənistan-Azərbaycan münaqişəsinin həli üçün kifayət qədər səy göstərirmi” sualına cavab olaraq Ə. Həsənov bildirib ki, son iki ildə həm Rusiyanın, həm ABŞ-ın, həm də Fransanın səyləri əvvəlkindən daha çox və fəaldır: “Müəyyən səylər müşahidə olunur, amma hələlik Ermənistana ciddi təzyiq görünmür. Təzyiq olmadan da Ermənistanı və onun danışıqlarda iştirak edən rəhbərliyini göstərdiyi qeyri-konstruktiv mövqedən çəkindirmək çətindir”.

“Minsk qrupunun həmsədrlərinin bölgəyə indiki səfəri Azərbaycan və Ermənistan prezidentlərin növbəti görüşünə hazırlıqla əlaqədardır. Eyni zamanda, son vaxtlar münaqişənin həlli ilə bağlı aparılan danışıqlar və bununla bağlı qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi də səfər zamanı müzakirə mövzusu olub”. Bu sözləri YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı həmsədrlərin bölgəyə səfərini şərh edərkən deyib(yap.org.az).

M.Qurbanlı bildirib ki, hazırki situasiya 2010-cu ildə münaqişənin həll edilməsində müəyyən irəliləyişlərin olacağına əsas verir. Bu il ərzində də danışıqların daha intensiv xarakter alacağını demək mümkündür.

“Azərbaycan tərəfi məsələ ilə bağlı öz mövqeyini ifadə edib. Prezident İlham Əliyev Nazirlər Kabinetinin son müşavirəsində xarici siyasətimizin əsas məsələsinin Dağlıq Qarabağ probleminin həlli olduğunu qeyd edib. Bildirilib ki, 2009-cu ildə bu yöndə müəyyən irəliləyişlər baş verib. Dövlət başçısı vurğulayıb ki, məsələnin həlli yolu dəqiqləşdirilib. ATƏT-ə üzv olan ölkələrin xarici işlər nazirlərinin Afina sammitində qəbul olunmuş sənəddə Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hansı yollarla həll olunması açıq-aydın şəkildə göstərilib. Bu sənəddə ölkələrin ərazi bütövlüyü çərçivəsində münaqişələrin həllinin vacib olduğu xüsusi vurğulanıb və bu mövqe Azərbaycanı qane edir. Bəllidir ki, beynəlxalq hüquqda iki başlıca prinsip var: dövlətlərin ərazi bütövlyünün qorunması və millətlərin öz müqəddaratını təyin etməsi. Aydındır ki, Qarabağda yaşayan ermənilər icma olduğu üçün yalnız mədəni müxtariyyat formasında öz müqqədaratını təyinetmədən istifadə edə bilər. Ona görə də, Afinada qəbul olunmuş sənəd əhəmiyyətlidir” . Onun sözlərinə görə, ölkəmiz bu mövqedən geri çəkilməyəcək.

Dünənsə   Minsk qrupunun həmsədrləri bəyanat yayıblar. APA-nın ATƏT-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bəyanatda bildirilir: “Yanvarın 20-də ATƏT-in Minsk qrupunun həmsədrləri Yuri Merzlyakov (Rusiya), Bernar Fasye (Fransa) və Robert Bradtke (ABŞ) İrəvanda Ermənistan prezidenti Serj Sərkisyanla görüşüblər.Həmsədrlər öz ölkələrinin prezidentlərinin 2009-cu ilin iyulunda Akvilldə verdikləri göstərişlərə uyğun olaraq dekabrda Azərbaycana səfərləri zamanı prezident İlham Əliyevə təqdim etdikləri Madrid sənədinin yenilənmiş variantına dair baza prinsiplərinə son redaktələrini S. Sərkisyana təqdim ediblər. Yanvarın 21-də həmsədrlər Bakıda prezident İlham Əliyevlə görüşüblər. Həmsədrlərlə müzakirələr zamanı prezidentlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini davam etdirmək niyyətində olduqlarını bildiriblər.  Məsləhətləşmələrdən sonra həmsədrlər Rusiya prezidenti Dmitri Medvedevin Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünə ev sahibliyi edəcəyi Soçiyə gedəcək”.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərinin tezliklə razılaşdırılması lazımdır. Bunu da ATƏT-in rusiyalı həmsədri Yuri Merzlyakov ATƏT-in fəaliyyətdə olan sədri Kanat Saudabayevlə görüşdən sonra bildirib: ”Bizim çox maraqlı və məzmunlu söhbətimiz oldu. Danışıqlar zamanı biz, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair vəziyyət və perspektivlər üzrə öz fikirlərimizi ifadə etdik. ATƏT-in fəaliyyətdə olan sədri tərəfindən beynəlxalq həmsədrlərin cəhdlərinə dəstək ifadə olunub”(Trend).

Onun sözlərinə görə, ATƏT-in fəaliyyətdə olan sədri Saudabayevin fevralda Cənubi Qafqaza səfəri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prinsiplərinin tezliklə razılaşdırılmasına xidmət edcək: ”Cənab Saudabayevin qarşıdakı səfəri zamanı biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prinsiplərinin tezliklə razılaşdırılmasının zəruriliyini bildirən üç həmsədr ölkə (Rusiya, ABŞ və Fransa) və ATƏT sədrinin mövqeyini tərəflərə çatdıra bilərik”.

SABUTAY
Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az