Dağlıq Qarabağ münaqişəsi dünya müharibəsinə səbəb ola bilər
ABŞ-ın strateji araşdırma qurumu olan “Stratfor” bu fikirdədir, MKİ rəhbəri isə Dağlıq Qarabağda münaqişənin təzələnməsi riskini real sayır
ABŞ-ın strateji araşdırma qurumu olan “Stratfor” Dağlıq Qarabağ münaqişəsinin I Dünya Müharibəsinin başlamasına səbəb olan Bosniya böhranına bənzər bir beynəlxalq təsir yarada biləcəyini və Türkiyənin özünü hər an Qarabağ münaqişəsini ortasında yer ala biləcəyini bildirib (Milliyet).
Türkiyə, Rusiya və İran kimi regional güclərin heç istəmədikləri halda Qarabağ münaqişəsinin ortasına sürüklənmə təhlükəsiylə üz-üzə qaldığını deyən” Stratfor”un siyasi analitiklərindən Marko Papik hadisələrin nəzarətdən çıxa biləcəyini, hətta sözügedən münaqişənin 1914-cü ildə Bosniyada olduğu kimi xırda bir münaqişənin dünya müharibəsinə çevrilmə ehtimalının olduğunu söyləyib: “Bu məhəlli güclərin öz aralarındakı münasibətlər də Azərbaycan və Ermənistana bağlı olaraq dəyişəcək. Rusiyanın məqsədi həlli çətin olan bu məsələyə Türkiyəni də cəlb etməkdir. Türkiyə bu səbəbdən bölgədə zaman və enerji itirir. Türkiyə ilə Ermənistan arasındakı görüşlərdən rahatsız olan Azərbaycan isə yavaş-yavaş Rusiyaya doğru sürüklənir”.
Fevralın 2-də ABŞ Senatının Kəşfiyyat Komitəsində açıq dinləmə keçirilib. Dinləmələr belə adlanıb: “Birləşmiş Ştatlara hazırkı və gözlənən təhdidlər”. ABŞ-ın Milli Təhlükəsizlik İdarəsinin direktoru Dennis Bleyer komitədə çıxış edib.
Avrasiyada potensial münaqişə ocaqlarına toxunan Bleyer deyib: “Qafqazın həll olunmamış münaqişələri Avrasiya regionunda qaynar nöqtələrə oxşayır. Gürcüstanın separatçı Cənubi Osetiya regionunda Moskvanın genişlənmiş hərbi iştirakı və bu regionla siyasi-iqtisadi münasibətləri, həmçinin hərdənbir baş verən zorakılıqlar səhv proqnoz və həddən artıq reaksiya yaradar ki, bu da savaşı qızışdıra bilər”. Onun fikrincə, son bir ildə Türkiyə-Ermənistan yaxınlaşmasında irəliləyiş olub, bu yaxınlaşma Ermənistanla Azərbaycanın həssas münasibətlərinə təsirini göstərib. Oxşar dinləmələr Nümayəndələr Palatasında da keçirilib(Amerikanın səsi).
Rusiya mətbuatı da Dağlıq Qarabağ münaqişəsinin həllinin dalana dirəndiyini yazır. Vpk.ru saytının fikrincə, Soçidə iki ölkə prezidentini görüşündə yenə də ciddi bir irəliləyişin olmaması bunu deməyə əsas verir: “Bakı münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü prinsipi ilə həllini istəyir. İrəvan isə bununla razılaşmır. Digər tərəfdən Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə münaqişənin həllində hərbi gücdən istifadə olunaca biləcəyini bəyan edib. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun analoji bəyanatla çıxış etməsi Azərbaycanın münaqişənin həllində hərbi gücdən istifadəni istisna etmədiyini bir daha təsdiq edir”.
Türkiyə ABŞ və İsveçrədən yazılı təminat istəyir
“Referans” qəzeti isə bölgədə gərginliyin artacağını yazaraq 24 aprel tarixinə diqqət çəkir. Maraq doğuran məsələ aprelin 24-də ABŞ prezidentinin çıxışında nə deyəcəyi ilə bağlıdır. Bəziləri isə bu fikirdədir ki, bundan narahat olmağa dəyməz. Gündəlikdə duran əsas məsələ Türkiyə ilə Ermənistan arasında imzalanan protokollardır. Verilən məlumata görə Türkiyə də protokolları qəbul etmək istəmir. Ancaq ilk geri çəkilən tərəf də olmaq istəmir.
Ermənistanın Konstitusiya Məhkəməsinin 1915-ci ildə baş verənləri soyqırım kimi təsdiqləməsi isə vəziyyəti daha da qəlizləşdirib. Bu səbəbdən də Türkiyə protokolların təsdiq edilməsini ləngidən tərəf olmamaq üçün ABŞ və İsveçrədən yazılı təminat istəyir.Qarabağ məsələsinə gəlincə, burada yaxın gələcəkdə münaqişənin həlli gözlənilmir . Əslində Ermənistanla Azərbaycan arasında görüşlərin keçirilməsi vacibdir. Hətta, Azərbaycan ermənilərin Dağlıq Qarabağdaki 5 rayondan çəkiləcəyi təqdirdə sərhədi aça biləcəklərini söyləyirlər. Ermənilər isə məsələnin bütünlüklə həll edilməsinda israr edirlər.
Ermənistan Konstitusiya Məhkəməsinin 2 ölkə arasında imzalanan protokolların ruhuna zidd qərar verməsindən sonra Türkiyə yeni diplomatik hücuma keçir.
Türkiyə xarici işlər nazirliyi rəsmisi Feridun Sinirlioğlu bu gün protokolların imzalandığı İsveçrəyə gedəcək. Sinirlioğlu Berndə isveçrəli həmkarı Mixael Ambul ilə görüşündə Ermənistan Konstitusiya Məhkəməsinin məlum qərarında protokollarla uyğun gəlməyən məqamları anladacaq və İrəvanın protokollara sadiq qalacağına dair addım atmamağı halında, Türkiyənin bu prosesi davam etdirmək imkanının qalmayacağına diqqət çəkəcək. Qeyd edək ki, Ambul, Ankara və İrəvanın 2008-ci il iyulun 8-də başlayan gizli görüşlərin memarlarından biri olub.
Türkiyə XİN-də Ankaranın başlatdığı diplomatik hücumun ilk mərhələdə təkbətək görüşlər vasitəsilə həyata keçiriləcəyi, daha sonra isə yazılı hazırlanacaq hüquqi mətnin tərəflərə təqdim olunacağı bildirilir. Həmçinin Türkiyənin İsveçrədən sonra Minsk Qrupu (ABŞ, Rusiya və Fransa) ölkələrinə qarşı da eyni prosesi başladacağı vurğulanır(APA).
Azərbaycan bölgənin “açar” ölkəsidir
Türkiyə Cənubi Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması çərçivəsində fəaliyyəti davam etdirməklə yanaşı, mədəni və tarixi əlaqələri olan Azərbaycanla münasibətləri inkişaf etdirmək, habelə qarşılıqlı etimadı sarsıtmadan bölgənin “açar” ölkələrindən biri kimi gördüyümüz Azərbaycanın Ermənistan ilə problemlərini də tez bir zamanda həll etmək üçün çox ciddi səylər göstərir.
Bu fikri Türkiyənin Baş naziri Rəcəb Təyyib Ərdoğan Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin Ankarada keçirilən toplantısındakı çıxışında bildirib.
Baş nazir əlavə edib ki, bu məsələdə ATƏT-in Minsk qrupunun üzərinə götürdüyü vəzifəni yerinə yetirməsi lazımdır. Rusiya, Fransa və ABŞ problemin həllində səylərini artırmalıdır. Ərdoğan bir daha Ermənistan Konstitusiya Məhkəməsinin məlum qərarının bu ölkə ilə imzalanmış protokollara zərbə vurduğunu, Türkiyənin öhdəliklərinə sadiq olduğunu və eyni sədaqəti rəsmi İrəvandan da gözlədiklərini demişdir (AzərTAc).
“Sabah” qəzeti isə Türkiyənin bir nömrəli probleminin işsizlik olduğunu və Türkiyə-Ermənistan sərhəddinin açılmasının problemi qismən həll edəcəyini yazıb.Bunun üçün də investisiya tələb olunduğunu deyən qəzet Ermənistanla sərhəddin açılacağı təqdirdə Türkiyənin şərq vilayətlərinin ixracatdan ildə 6 milyard dolları gəlir əldə edəcəyi qənaətindədir. Bu səbəbdən də şərqlilər sərhədlərin açılmasını ümidlə gözləyirlər.
B. TOFIQOĞLU
Xəbər lenti


