Məscidlər sökülür, azan qadağa olunur....
Son zamanlar Azərbaycan tarixinin ən biabırçı hadisələrinin şahidi oluruq. Dünən isə, 2007-ci ildə yaşadığımız bu cür biabırçılığın təkarar olunması ilə rastlaşdıq. Bakı və ətraf kəndlərdə səsgücləndirici vasitəsilə azan verilməsi qadağan olunmasını başqa cür adlandırmaq da olmaz.
2007-ci ildə nə qədər qəribə görünsə də qərarın müəllifi Azərbaycanın ən qədim dini qurumu sayılan Qafqaz Müsəlmanları İdarəsi idi. Qərarın «əsaslandırılma» hissəsində göstərilir ki, paytaxt əhalisinin çoxsaylı şikayətlərindən, narazılıqlarından sonra QMİ məscidlərdə səsgücləndirici vasitəsilə azan verilməsinə qadağa qoyub. Belə ki, vətəndaşlar gün ərzində verilən azanların, xüsusən də sübh azanının onları narahat etdiyini, azyaşlı uşaqların yuxusunu qaçırdığını bildirirmişlər. QMİ isə vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq bu cür qərara imza atıb. Vəssalam. 21-ci əsrin ən absurd qərarlarından birinin izahatı bu sətirlərdən ibarət idi.
Ancaq bu dəfə heç bir izahat verilməyib. QMİ məlumtı təsdiqləsə də, açıqlamanın bazar günü günorta veriləcəyini söyləyib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində isə məsələni nə təsdiqləyib, nə də təkzib ediblər. Yəqin ki, elə bu cür qadağanın qeyri iş günü icra olunması da, qərar verənlərin “uzaqgörənliyi” olub ki, istirahət günləri heç bir qurumdan rəsmi açıqlama tələb olunmasın.
Bilməyənlərə xatırladaq ki, azan İslam dinində əsas ibadət olan namaza çağırışdır. İlk dəfə Məhəmməd Peyğəmbərin (s) göstərişi ilə Mədinə şəhərində azan oxunub. İlk vaxtlar azan həm də mühüm hadisələr baş verən zaman Mədinə icması üçün çağrış səsi olub. Ancaq sonrakı illərdə azan yalnız gündəlik ibadətlərə çağırış kimi səsləndirilib. Günün müəyyən saatlarında müəzzin (azan oxuyan) məscidin minarəsinə çıxaraq uca səslə müsəlmanlara ibadət saatının daxil olduğunu xəbər verir. Azanda müəzzin Allahın tək olması, Həzrət Məhəmmədin (s) Onun rəsulu, İmam Əlinin (ə) Peyğəmbərin təyin etdiyi imam olmasını elan edir və insanlar Allah yanında ən xeyirli əməl olan namaza dəvət olunur. İslamın mövcud olduğu ötən dövrdə azan dinin əsas simvollarından biri olaraq qalıb. Bu ilahi avaz nəinki müsəlmanlar, hətta başqa dinlərin nümayəndələri tərəfindən rəğbətlə dinlənilib.
Bir çox həkimlər və tədqiqatçılar azan səsinin insan səhhəti üçün, xüsusən də əsəblərin sakitləşməsinə yardım etdiyini bildirirlər. Quran ayələrində olduğu kimi, azan səsi də dinindən asılı olmayaraq hər kəsin qəlbinə rahatlıq bəxş edir. Məhz buna görədir ki, dünyanın əksər ölkəsində, hətta Qərb dövlətlərində məscidlərdə mütəmadi olaraq azan verilməsinə baxmayraq kimlərsə onun dayandırılmasını tələb etməyib.
Amma bir sıra dövlətlərdə sırf siyasi səbəblər ucbatından azan və digər dini atributların istifadəsinə qadağa qoyulub. Azanın qadağan olunması «təcrübəsi» qonşu Türkiyədə də olub. Türkiyədə dinə və dindarlara qarşı sərt münasibət göstərən Mustafa Kamal Atatürk bu ölkədə dini zəiflətmək üçün hətta azan verilməsinə qadağa qoyub. Bu qadağa onun ölümündən çox sonra – 1950-ci ildə ləğv olunub. Azərbaycanda isə sovetlərin ilk illərində rəvac verilən ateizm kampaniyası zamanı azan verilməsinə qadağa qoyulur. Ancaq sonrakı illərdə bu qadağa yumşaldılır və hətta Bakıdakı məscidlərdə azan verilir. Müstəqillik əldə olunduqdan sonra isə ölkədə fəaliyyət göstərən bütün məscidlərdə azan verilirdi.
Yuxarıda qeyd olunduğu kimi, 2007-ci ildə Qafqaz Müsəlmanları İdarəsi absurd bir qərarla azan verilməsini qadağan etdi. Daha sonra məsləyə dövlət başçısının qarışdığından sonra problem çözüldü.
Qeyd etmək lazımidır ki, azan verilməsinə qadağa qoyulması ölkə əhalisi, xüsusən də müsəlman dindarlar arasında ciddi narazılığa səbəb olmuşdu. Dindarlar hesab edirlər ki, İslam Dininin əsas atributunun səsləndirilməsinin qadağan olunması dinin özünə yönəlmiş qadağadır. Ən dəhşətlisi isə bu qadağanın məhz müsəlman ölkəsində qoyulmasıdır. Doğrudan da müsəlman məmurların İslamın əsas atributlarından birinə qarşı çıxması anlaşılan deyil. Hətta sovet hökuməti dindar qurumlarını Allahsız qərara vadar edə bilməyib. Bütün bu suallar isə bir ünvana – QMİ-yə yönəlib. Qurum isə günorta açıqlama ilə çıxış edəcəyini bildirib. Biz də gözləyirik...
Son zamanlar ölkədə dini durum olduqca acınacaqlıdır. Hicab problemi həll olunmamış qalır, məscidlər “qeyri-qanuni tikili” adı altında bağlanır və sökülür, indi isə azanı yenidən qadağa edirlər. Bir ölkənin müsəlman olub-olmaması məhz bu üç atributla müəyyən olunur – xanımların hicabı, məscidlərin çoxluğu və azan səsi. Bu üç amil İslam dini ilə yanaşı Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsi olub və qalmaqdadır. Bununla mübarizə etməklə biz müsəlmançılığımızdan və azərbaycanlılığımızadan imtina etmək istəyirik mi? Hansı məqsəd və arzular bizi öz milli kimliyimizi unutdururmağa, tariximizi və mədəniyyətimizi danmağa vadar edir?
Ümid etmək istərdik ki, problem hansısa məmur özbaşınalığı səbəbindən yaranıb və tez bir zamanda öz həllini tapacaq. Rus və Sovet imperiyasının 200 illik mübarizəsinə, xrisitanlığın daha sonra isə ateizmin bu millətə zorla təbliğ olunmasına baxmayaraq yenə biz bütün milli və mənəvi dəyərləriizi qoruduq. Məgər bizim ata-babalarımız böyük imperiyaların qarşısında onun üçün müqavimət göstərirdilər ki, bu gün azadlıq əldə etdikdən sonra həmin dəyrələri əldən verək?
salaminfo.az


