Səfər Əbiyev parlamentə çağırıldı
Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı millət vəkili Cəmil Həsənli Azərbaycanda neft haqqında baza qanununun qəbul olunmasının zəruriliyini bildirib.
C.Həsənlinin toxunduğu digər məsələ isə Bakı şəhərində 2000-ci ildən tikilmiş 146 binanın sakinlərinin problemləri olub. O deyib ki, həmin binalara hələ də qaz çəkilməyib: “Bu məsələ həll olunmalıdır”.
Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə öz çıxışında deyib ki, Nazirlər Kabinetinin mart ayında Milli Məclisdə verəcəyi hesabatında müdafiə naziri də qatılmalıdır. O, buna səbəb kimi ordudakı neqativ halları, xüsusən Daşkəsəndə yerləşən hərbi hissədə baş verən faciəni göstərib.
Spiker Oqtay Əsədov isə deyib ki Daşkəsəndəki hadisə ilə bağlı cinayət işi açılıb və istintaq qrupu yaradılıb: “Əlavə məlumat veriləcək”.
Milli Məclisin iclasında Ümid Partiyasının sədri İqbal Ağazadədən başqa, Müsavat deputat qrupunun üzvü İkram İsrafil də Daşkəsəndə yerləşən hərbi hissədə bir neçə gün əvvəl baş verən hadisəyə toxunub. İ.İsrafil parlamentin Təhlükəsizlik və müdafiə məsələləri Komitəsinin sədri, vitse-spiker Ziyafət Əsgərovun rəhbərliyi ilə bir qrup deputatın həmin hərbi hissəyə səfər etməsini təklif edib.
YAP-çı deputat Səyavuş Novruzov isə deyib ki, ordu cəmiyyətin bir hissəsidir. Onun sözlərinə görə, Daşkəsəndəki hadisəni xüsusi olaraq qabartmaq lazım deyil.
Vitse-spiker Ziyafət Əsgərov bildirib ki, Daşkəsəndəki hadisə hamını, ordu rəhbərliyini də narahat edir. O, bu məsələ ilə hadisə baş verən gün maraqlandığını bildirib: “Bu hadisə ilə bağlı çox ciddi tədbirlər görüləcək”.
Xəbər lenti


