İlin ilk yarısı Bəstəkarlar İttifaqı üçün gərgin iş qrafiki var
Regional plenumlar, müasirlərlə dialoqlar, yubileylər, kitab təqdimatları və konsertlər keçirilməsi gözlənilir
Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadənin rəhbərliyi ilə Bəstəkarlar İttifaqının İdarə Heyətinin iclası keçirilib. İttifaqın mətbuat xidmətindən verilən məlumata görə, iclasda Bəstəkarlar İttifaqının 2010-cu ilin birinci yarım ili üçün nəzərdə tutulan iş planı müzakirə edilib. İlin ilk yarım ili üçün nəzərdə tutulan tədbirlərə toxunan F.Əlizadə qeyd edib ki, bu ildən etibarən bir çox yeni layihələr ittifaqın iş planına salınıb: “Yaradıcı təşkilatlar arasında əlaqələrin möhkəmləndirilməsi məqsədilə bu ildən etibarən “Müasirlərlə dialoq” adlı yeni layihəyə başlayırıq. İlk tədbirimiz yanvarın 28-də xalq yazıçısı Anarla olacaqdır”.
İttifaq sədrinin sözlərinə görə, 2011-ci ildə keçirilməsi planlaşdırılan II Beynəlxalq Muğam Festivalı ilə əlaqədar olaraq Azərbaycan Bəstəkarlar İttifaqında hər ay “II Beynəlxalq Muğam Festivalı ərəfəsində” adlı dinləmələrin və müzakirələrin keçirilməsi məqbul sayılıb.
ABİ üçün prioritet sayılan məsələlərdən biri də bölgə təşkilatlarının fəaliyyətinin möhkəmləndirilməsidir. Bu məqsədlə ilin ilk yarısında bir çox regionlarda səyyar plenumların keçirilməsi planlaşdırılıb. Çıxışında bölgə təşkilatlarının fəaliyyət səviyyəsinə də toxunan sədr, bu istiqamətdə daha çox Naxçıvan təşkilatının irəli getdiyini qeyd edib: “Regionlarda fəaliyyət göstərən bölmələrimizin arasında ən fəalı Naxçıvan Bəstəkarlar Təşkilatıdır. Bu işlərə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov xüsusi diqqət və qayğı göstərir. Artıq Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən konservatoriyada bəstəkarlıq kafedrası da açılıb. Təşkilatın üzvləri tez-tez konsertlər təşkil edirlər. Onlar artıq kamera orkestri də yaradıblar. Azərbaycan Bəstəkarlar İttifaqının 75 illiyinin konsert proqramlarına biz Naxçıvan Təşkilatının nümayəndələrinin əsərlərini də salmışdıq və bu əsərlər orada işin yüksək səviyyədə aparılmasından xəbər verir. Təşkilatların işinə yardım etmək məqsədilə bu ilin ilk yarısında Gəncə, Şəki, Lənkəran şəhərlərində səyyar plenumlar keçirməyi nəzərdə tutmuşuq”.
İclasda qeyd edilib ki, bu ildən etibarən Bəstəkarlar İttifaqı xarici ölkələrin respublikamızdakı səfirlikləri ilə birgə layihələr keçirməyi də planlaşdırır. Bununla bağlı təklif qarşı tərəfdən gəlib: “ Bilirsiniz ki, bu il dünyada “Şopen ili” kimi qeyd olunacaqdır. Bu məqsədlə aprel ayında Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda Polşa səfirliyi ilə birlikdə Frederik Şopenin 100 illiyinə həsr edilmiş tədbir keçiriləcək. Bundan başqa martda elə həmin məkanda Fransa səfirliyi ilə birgə Fransız Simli Kvartetinin konsertini təşkil etməyi də planlaşdırırıq.”
İlin ilk 6 ayı ərzində Bəstəkarlar İttifaqında bir sıra yeni kitabların təqdimat mərasimi də keçiriləcək. Çıxışında bu məsələyə də toxunan sədr Firəngiz xanım qeyd edib ki, kitabların təqdimatı ilə kitab müəlliflərinin yubileyləri bir arada qeyd olunacaqdır: “Böyük bəstəkarın doğum günündə- fevralın 5-də biz “Qara Qarayev- tələbələrin xatirəsində” kitabının təqdimat mərasimini keçirəcəyik. Tədbir çərçivəsində kitabın tərtibaçı-redaktoru Nərgiz Şəfiyevanın 70 illiyini də qeyd edəcəyik. Bundan başqa fevral ayında “II Beynəlxalq Muğam Festivalı ərəfəsində” layihəsi çərçivəsində musiqişünas-alim Səadət Abdullayevanın “Azərbaycan musiqisi və təsviri sənət” kitabının təqdimatını və müəllifin 70 illiyini keçirməyi planlaşdırırıq. Həmçinin “Etnomusiqişünaslığın problemləri” mövzusunda elmi-praktik konfrans və bu konfransda tarzən Əkrəm Məmmədlinin “Azərbaycan muğamları” not kitabının təqdimatı, kamança ifaçısı Arif Əsədullayevin “İnstrumental muğamlar” kitabının təqdimatı və müzakirəsi nəzərdə tutulub”.
Çıxışı zamanı sədr onu da bildirib ki, ittifaqın bu ilin ilk yarısı üçün nəzərdə tutulan tədbirlər planında görkəmli bəstəkarlar Soltan və İsmayıl Hacıbəyovların, SSRİ xalq artisti Müslüm Maqomayevin xatirə gecələri, bununla yanaşı xalq artisti Sevda İbrahimovanın-70, musiqişünas alim Rəna Məmmədova-Sarablının- 60, əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın- 70, bəstəkar Telman Hacıyevin isə 80 illik yubileyləri də qeyd olunacaq.
G.ƏSƏDOVA
Xəbər lenti


