Rauf Arifoğlu: “ANS-dən xahiş edirəm ki, qaşınmayan yerdən qan çıxartmasın”
Ötən gün ANS televiziyasında yayımlanan “Hesabat” verlişində “Yeni Musavat” qəzetinin 02.11.2009-cu il tarixli sayında dərc olunan “Müharibə başlasa, ABŞ “DQR”ı tanıyacaq” başlıqlı yazısının qəzet tərəfindən yalan məlumat kimi dərc olunması haqqında sujet yayımlanıb.
“Yeni Musavat” qəzetinin Baş redaktoru Rauf Arifoğlu isə həmin sujetlə bağlı münasibətini SİA-ya açıqlayıb.
R.Arifoğlu deyib ki, “biz yalan məlumatlar dərc etmirik və hansısa bir telekanalın qəzet məlumatlarını araşdırmasını və pisləməsini düzgün hesab etmirəm”.
Onun sözlərinə görə, “Müharibə başlasa, ABŞ “DQR”ı tanıyacaq” başlıqlı yazıda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisi Tina Kaydanovla bağlı məlumatlar göstərilib.
“Bu yazı ilə bağlı olaraq bizim konkret və etibarlı qaynaqlarımız var. Biz onlara etibar edirik və etibar etdiyimiz mənbələrin məlumatlarını “Yeni Musavat” qəzetində dərc etmişik. Biz heç vaxt ANS televiziyasının hansısa materialından yazı hazırlanmasını düzgün hesab etməmişik. Eyni zamanda da ANS-in bizim qəzetin yazısını təhrif etməsi düzgün deyil. ANS gedib mövzunu, prosesləri təhlil etsin və özünün mözqeyini ortaya qoysun.
“Yeni Musavat” qəzetinin yalanını çıxartmaq üçün və yaxud da qəzetimizin yazdığını yalana çıxartmaq üçün zəhmət çəkmələrini onlara rəva görmürəm”, - deyə R.Arifoğlu qeyd edib.
Baş redaktor R.Arifoğlu sözügedən sujetlə bağlı ANS-dən ona zəng edildiyini bildirib.
“ANS-dən mənə dedilər ki, biz müəlliflə görüşüb həmin məqalənin müəllifindən müsahibə almaq istəyirik. Mən soruşdum ki, müsahibəni nə üçün almaq istəyirsiniz, onlar dedilər ki, biz müəllifdən həmin məlumatın haradan almasını soruşacağıq.
Mən də dedim ki, axı o məlumat qəzetdə yazılıb və nəyi demək lazımdırsa, onları biz qəzetdə yazmışıq”, - deyə R.Arifoğlu bəyan edib. R.Arifoğlu “Yeni Musavat”ın yazdığı məqalələrlə bağlı efirdə səslənən fikirlərə görə, ANS televizyasına münasibət bildirib.
Baş redaktor deyib ki, biz “Yeni Musavat” qəzeti olaraq bir neçə dəfə ANS televiziyası ilə məhkəmə çəkişməsi aparmışıq.
“Hətta, bir dəfə məhkəmədə qalib gəlmişik və digərində isə tərəflər arasında barışıq əldə olunub. Mən növbəti məhkəmə çəkişməsinin olmasını istəmirəm. ANS-dən xahiş edirəm ki, qaşınmayan yerdən qan çıxartmasın”, - deyə R.Arifoğlu əlavə edib.
Xatırladaq ki, “Yeni Musavat” qəzetinin 02.11.2009-cu il tarixli sayında “Müharibə başlasa, ABŞ “DQR”ı tanıyacaq” başlıqlı yazı dərc olunub. Həmin məqalədə Azərbaycana Qarabağ məsələsi ilə bağlı güclü təzyiqlər olduğu, Ağ Evin öz sözünü dövlət katibinin köməkçisi Tina Kaydenau vasitəsilə çatdırdığını, rəsmi Vaşinqtondan rəsmi Bakıya sərt ultimatum göndərildiyini və digər məsələlər barəsində fikirlər dərc olunub.


