Editor.Az / Xəbər: “Allah adımızı qiyamət günü yaxşı siyahılara salsın” “Allah adımızı qiyamət günü yaxşı siyahılara salsın” ================================================================================ admin on 22/11/2009/ 22:12 Amerikanın məşhur Corctaun Universiteti və mərkəzi İordaniyada olan Strateji Araşdırmalar Mərkəzi dünyanın ən nüfuzlu 500 müsəlmanının adını açıqlayıb. anspress universitetin rəsmi internet saytına istinadən xəbər verir ki, siyahıya 4 azərbaycanlının da adı salınıb. Bunlar Azərbaycan prezidenti İlham Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə, “İçərişəhər” cümə məscidinin imam-camaatı, DEVAMM sədri, hüquq müdafiəçisi Hacı İlqar İbrahimoğlu və xalq artisti Alim Qasımovdur. Qeyd edək ki, nüfuzlu şəxslərin siyahıya alınması öz ölkələrindəki gücləri, ətraf ölkələr üzərindəki təsirləri və dünyada baş verən proseslərdəki iştiraklarına görə həyata keçirilib. Onu da bildirək ki, dövlət başçısı İlham Əliyevin, 30 il şeyxülislam postunda çalışan Paşazadənin və böyük sənətçimiz, YUNESKO-nun önəm verdiyi Alim Qasımovun adının bu siyahıda yer alması təəccüblü deyil, təbiidir.Ancaq adının bu siyahıya düşməsi ilahiyyatçı-alim İlqar İbrahimoğlu üçün böyük uğurdur. Bu, onun beynəlxalq arenada tanınmasının göstəricisidir. Son beş ildə ölkədən kənara çıxmasına yasaq qoyulan, uzun illərdən sonra yalnız bu ay xarici ölkələrə səfər edən və mövcud hakimiyyətə müxalif fikirləri ilə tanınan bir şəxsin dünyanın ən nüfuzlu 500 adamından biri seçilməsi diqqətəlayiq hadisədir.Hacı İlqar qəzetimizə açıqlamasında bildirdi ki, adının belə bir siyahıda yer alacağı barədə ona adıçəkilən universitet tərəfindən öncədən heç bir məlumat verilməyib, ondan heç bir məsələ soruşmayıblar: “Mənə bu haqda iki gün öncə beynəlxalq səviyyəli vəkillərim telefon açıb təbrik edəndə dedilər. Lakin mən dəqiq bilmirdim ki, burada söhbət nədən gedir. Nəhayət, bu gün (dünən-red.) ölkə mətbuatında bu haqda ətraflı məlumat veriləndə məsələ aydın oldu. Corctaun Universiteti və Strateji Araşdırmalar Mərkəzi dünyaca məşhur qurumlardır. Onların mənim fəaliyyətimi nə zamandan izləməsi haqda da heç bir məlumatım yoxdur. Mənim adımın bu siyahıya salınması gözlənilməz bir məsələdir. Mənim Allahdan istəyim odur ki, adımız Qiyamət günü açıqlanacaq yaxşı siyahılarda olsun. İndi açıqlanan siyahı dünyada olan bir məsələdir. Amma eyni zamanda düşünürəm ki, bu, böyük bir hadisədir. Rəsmi şəxslərdən savayı bura mənim və Alim Qasımovun adının salınması ciddi uğurdur. Biz hər ikimiz elm bölməsində yer almışıq. Eyni zamanda bizim din xadimi, DEVAMM sədri, hüquq müdafiəçisi kimi də fəaliyyətimiz qeyd olunub. Alim Qasımovun mədəniyyətimizin təmsilçisi kimi adının ora düşməsi Azərbaycan üçün ciddi uğurdur. Digər insanların da adlarının çəkilməsi şübhəsiz ki, böyük önəm daşıyır. Bu, mənim şəxsi nailiyyətim deyil. Azərbaycanda olan bütün dostlarımızın, həmkarlarımızın, mətbuatın nailiyyətidir. Azərbaycan kimi çox da böyük olmayan müsəlman ölkəsindən dünyanın 500 məşhur müsəlmanı sırasında 4 nəfərin düşməsi önəmli hadisədir”.Adları beynəlxalq miqyasda tanınmış ən nüfuzlu müsəlmanların sırasında yer alan dörd həmvətənimizin hamısını qəzetimiz adından təbrik edirik. Maqsud MAHRIZLIMUSAVAT