Talış separatizmini təbliğ edən kitablar nəşr olunur
Rusiyanın paytaxtı Moskva şəhərində fəaliyyət göstərən talış diasporası tərəfindən “Talışlar: Səfəvilər dövründən İran-Rusiya müharibəsinin sonuna qədərki dövr ərzində” adlı rus dilində nəşr olunan kitabın təqdimetmə mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan sözügedən diasporanın sədri İsmayıl Şabanov adı çəkilən kitabın guya tarixi faktlar üzərində və qərəzsiz şəkildə yazıldığını bildirərək müəllif Hüseyn Əhmədini (İran tarixçisidir) iştirakçılara təqdim edib.
H.Əhmədi çıxışının əvvəlində kitabın nəşr olunmasında köməyi olan şəxslərə, eləcə də mətni tərcümə edən, hazırda Rusiyada yaşayan, qatı separatçı Famil Cəfərova öz minnətdarlığını bildirib və özü haqqında məlumat verib. Belə ki, H.Əhmədi bildirib ki, o 25.03.1964-cü ildə İran İslam Respublikasında anadan olub, tarix elmləri namizədidir və hazırda İranın Müassir Tarixinin Tədqiqatı Unversitetinin xarici siyasət bölməsində çalışır.
O, şimal və cənub talışlarının ayrılması barədə yazılmış “Əxbərnamə” kitabının və 50-yə yaxın məqalənin müəllifi olduğunu qeyd edib.
Qeyd olunan mətbuat konfransında bir sıra kütləvi informasiya vasitələri (KİV) nümayəndələri, özünü müstəqil tarixçi kimi təqdim edən erməni əsilli Robert Qapalyan, “Moskva Kürd Milli Mədəniyyət Mərkəzi”nin sədri Əli Osmanov, “Beynəlxalq Talış Mədəniyyət Fondu”nun sədri Adil Nəsirov, eləcə də Azərbaycan Respublikasında yaşayan talış separatçılarının fəalı Hilal Məmmədov da iştirak edib.
Hilal Məmmədov Azərbaycan Respublikasına qayıdarkən Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları onun çantasından “Talışlar: Səfəvilərin dövründən İran-Rusiya müharibəsinin sonuna qədərki dövr ərzində” adlı kitabın bir neçə nüsxəsini aşkarlayaraq götürüb və müvafiq rəyin alınması üçün Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) göndəriblər.
AMEA-nin Tarix İnstitunun rəyinə görə isə, sözügedən kitab ölkəmizin cənub regionunda separatçılığı gücləndirməyə və etnik qarşıdurma yaratmağa xidmət edən, tarixi həqiqətləri saxtalaşdıran, Azərbaycan dövlətçiliyi və milli maraqlarının qorunmasına ciddi təhlükə yaradan nəşr kimi qiymətləndirilib. AMEA-nin Tarix İnstitunun “Talışlar: Səfəvilər dövründən İran-Rusiya müharibəsinin sonuna qədərki dövr ərzində” adlı rus dilində nəşr olunan kitabla bağlı rəyi aşağıdakı kimidir:
“1. «Талыши: от эпохи Сефевидов до окончания второй русско-иранской войны 1826-1828 гг.» (“Talışlar: Səfəvilər dövründən İran-Rusiya müharibəsinin sonuna qədərki dövr ərzində”) kitabı Moskavada fəaliyyət göstərən “Regional Talış Milli-Mədəni Muxtariyyatı”, “Talış evi” ictimai təşkilatı, “Talış diasporu” Regional İctimai Təşkilatı, “Talış Mədəniyyətinin Bərpası Beynəlxalq Fondu” tərəfindən çapa hazırlanıb. Göstərilən dörd ictimai təşkilatın fəaliyyəti faktiki olaraq Azərbaycan dövlətçiliyinin əleyhinə yönəldilib.
Göstərilən mjərkəzlər bu məqəsədlə seriya kitablar nəşr etməklə məşğuldur.
2. Gömrük orqanları təəfindən saxlanılan «Талыши: от эпохи Сефевидов до окончания второй русско-иранской войны 1826-1828 гг.» (“Talışlar: Səfəvilər dövründən İran-Rusiya müharibəsinin sonuna qədərki dövr ərzində”) kitabı ölkəmizin cənub regionunda separatçılığı gücləndirməyə və etnik qarşıdurma yaratmağa xidmət edir.
3. Göstərilən “kitab”da ilk mənbələr kobudcasına təhrif olunur. Azərbaycan Səfəvilər dövlətinin tarixi, bu dövlətin yaradılması və inkişafında səfəvi türklərinin mühüm rolu inkar edilir.
Səfəvi nəsilindən olan Lənkəran xanlarının etnik mənşəyi ilk mənbələrə və tarixi həqiqətə zidd olaraq saxtalaşdırılır və “talışlaşdırılır”.
4. «Талыши: от эпохи Сефевидов до окончания второй русско-иранской войны 1826-1828 гг.» (“Talışlar: Səfəvilər dövründən İran-Rusiya müharibəsinin sonuna qədərki dövr ərzində”) kitabının ölkəmizin dövlətçiliyi ətrafında sıx birləşmiş Cənub-Şərq bölgəsinin əhalisi arasında separatçılıq meyllərinin qızışdırılması və 1993-cü il hadisələrinin yenidən təkrarlanması məqsədilə yazılması şübhə doğurmur.
5. Göstərilən kitab Azərbaycan dövlətçiliyi və milli maraqlarının qorunmasına ciddi təhlükədir”, - deyə AMEA-nin rəyində qeyd olunur.
Vasif Həsənli
Editor.Az


