Dövlət Gömrük Komitəsi ötən il 17 xidməti it alıb
Gömrük orqanları ötən il 3 005 hüquqpozma faktı aşkar ediblər
Dövlət Gömrük Komitəsi ötən il 17 xidməti it alıb. Bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.Bununla da komitənin Kinoloji Mərkəzindəki itlərin sayı 39-a çatdırılıb. Əldə olunan itlərdən Naxçıvan Dövlət Gömrük Komitəsi üçün 1, Astara Gömrük İdarəsi üçün 2, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi üçün 5, Bakı Baş Gömrük İdarəsi üçün 1, Xaçmaz Gömrük İdarəsi üçün 1 xidməti it narkotiklərin axtarışı üzrə təlim olunaraq hazırlanıb.
Komitədən bildirilib ki, 2009-cu ildə kinoloji itlərin tətbiqi nəticəsində 10 narkotik qaçaqmalçılığı faktı aşkar olunub və bu faktlar üzrə külli miqdarda narkotik qanunsuz dövriyyədən götürülüb.
Gömrük orqanları tərəfindən 2009-cu ildə 3 005 hüquqpozma faktı aşkar edilib. Bu faktlardan 162-i cinayət xarakterli olub və həmin faktlar üzrə tutulmuş qaçaqmalçılıq əşyalarının və digər predmetlərin dəyəri 688 686 manat təşkil edib. Cinayət əməllərinin törədilməsində təqsirli bilinən 160 nəfərin cinayət təqibi üzrə müvafiq tədbirlər görülüb.Görülmüş tədbirlər nəticəsində ötən il ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 65 fakt aşkar olunub. Bu faktlar üzrə 319 kq 907 qram narkotik, o cümlədən 208 kq 825 q həşiş, 61 kq 870 q heroin, 48 kq 885 q tiryək, 326,92 q marixuana, 1 kq 982 q psixotrop maddə (ampul, kapsul və həb şəklində), 1,65 q metadon, 10,819 q metamfetamin maddəsi tutulub. Bu faktlar üzrə 66 nəfəri kişi 15 nəfəri qadın olmaqla ümumilikdə 81 nəfər məsuliyyətə cəlb olunub. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar tutulan şəxslərin 39-u Azərbaycan, 17-si İran, 7-si Pakistan, 6-sı Rusiya, 4-ü Özbəkistan, 2-si Nigeriya, 2-si Türkiyə, 1-i Gürcüstan, 1-i Hindistan, 1-i Litva, 1-i Kamboca vətəndaşlarıdır.
Ötən il aşkar olunmuş faktların və əməliyyat məlumatlarının təhlili nəticəsində narkotik qaçaqmalçılarının ən çox İran-Azərbaycan-Rusiya və İran-Azərbaycan-Çin marşrutundan istifadəyə cəhd göstərdikləri, son illər mütəşəkkil cinayətkar dəstələr tərəfindən törədilən narkotik qaçaqmalçılıq hallarının çoxaldığı müəyyənləşib. Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 13 mütəşəkkil cinayətkar dəstə və narkoqrup aşkarlanaraq zərərsizləşdirilib. Belə ki, 8 may 2009-cu ildən 10 iyul 2009-cu ilə qədər olan dövrdə həyata keçirilmiş kompleks əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 6 transmilli mütəşəkkil cinayətkar dəstə ifşa olunub və onlardan 50 kq-dan artıq güclü təsirli narkotik vasitə olan heroin götürülüb.
2843 gömrük qaydaları əleyhinə inzibati xəta faktı üzrə 596 hüquqi şəxs (o cümlədən 150 xarici hüquqi şəxs) və 2 238 fiziki şəxs (o cümlədən 887 xarici) inzibati məsuliyyətə cəlb edilib. Göstərilən şəxslərə qarşı 1 mln. 790 min manatdan çox cərimə, 750 215 manat dəyərində müsadirə tətbiq olunub. Miqdarına görə aşkar edilmiş inzibati xəta faktlarının ən çoxu - 346-sı malların və nəqliyyat vasitələrinin bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi ilə əlaqədar xətalardır.
Valyuta qanunvericiliyinin pozulmasına qarşı 2009-cu ildə hüquqpozma predmeti kimi külçə və zinət əşyaları şəklində 3 kq 721 qram qızıl, 313 ədəd gümüş əşyalar, 236 000 ABŞ dolları tutulub.
Hesabat dövründə 1 ədəd “QLOK-19” tipli tapança və onun 31 ədəd 9 mm-lik patronu, 45 ədəd patron, 2 ədəd hərbi təyinatlı radiostansiya, 1 334 ədəd mobil telefon, 1 038 ədəd dini məzmunlu kitab, 6 695 ədəd DVD disk, 14 kq qara kürü, 500 litr neft məhsulu, Ermənistan istehsalı olan və orqanizm üçün zərərli sayılan 13,8 kq qəhvə tutulub.
Komitədən bildirilib ki, 2009-cu il ərzində DGK-nın Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsi tərəfindən 8 cinayət və 8 inzibati xəta faktı üzrə müvafiq icraat və təhqiqat aparılıb. Hüquqpozma törətmiş şəxslərə 70 min manatdan çox cərimə və müsadirə tətbiq olunub, cərimələrin ödənilməsi təmin edilib.
Xəbər lenti


