Azərbaycan vətəndaşları fevralın 1-dən İrana vizasız səfər imkanı əldə edəcək
Bu barədə İranın Azərbaycandakı səfirliyinin konsulluq şöbəsinin müdiri Behruz Zare Mirzaye dünən keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, İrana getmək istəyən istənilən Azərbaycan vətəndaşının Bakı, Gəncə və Lənkəran şəhərlərində müvafiq klinikalarda 18 manat vəsait ödəyib sağlamlıq haqqında arayış alması kifayətdir: “Əgər Azərbaycan vətəndaşları İranda 15 gündən çox qalmaq istəyirlərsə, o zaman İranın Daxili İşlər Nazirliyinin Miqrasiya Xidmətinə müraciət edib 3 ay qalmaq üçün icazə ala bilərlər”.O, deyib ki, hazırda konsulluq idarələri gündə 200-250 Azərbaycan vətəndaşına İrana getmək üçün viza verir: “Ümidvaram ki, viza rejimi ləğv olunandan sonra İrana gedən Azərbaycan vətəndaşlarının sayı artacaq”. 1993-cü ildə Azərbaycanla İran arasında viza rejiminin ləğv edilməsi barədə memorandum imzalanıb, İran hökumətinin bu addımı həmin memoranduma uyğundur: “İran ümid edir ki, Azərbaycan tərəfi də İran vətəndaşları üçün viza rejimini ləğv edəcək”. Diplomat həmçinin qeyd edib ki, İran-Azərbaycan sərhədinin 45 kilometrliyində yaşayan Azərbaycan vətəndaşları üçün mövcud olan sadələşdirilmiş viza rejimi də ləğv olunub.
Xəbər lenti


