Abunə:
Email:
BAŞ SƏHİFƏ | DİASPOR | Frankfurtda azəri və türk diasporu bir araya gələcək

Frankfurtda azəri və türk diasporu bir araya gələcək

Şrift ölçüsü: Decrease font Enlarge font

Noyabrın 21-22-də Almaniyanın Frankfurt şəhərində Avropa Azərbaycanlıları Konqresi və Azəri-Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının birgə toplantısı keçiriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsi Avropa Azərbaycanlıları Konqresinin və Avropanın müxtəlif ölkələrindəki türk icmalarının Dövlət Komitəsinə ünvanladığı müraciətləri nəzərə alaraq belə bir tədbirin keçirilməsi təşəbbüsü ilə çıxış edib.

DİDK-yə daxil olan müraciətlərdə bildirilib ki, 2009-cu il ərzində regionda baş verən bir sıra mühüm hadisələr, xüsusilə də oktyabrın 10-da Türkiyə və Ermənistan arasında “Diplomatik münasibətlərin qurulmasına dair” və “İkitərəfli əlaqələrin inkişaf etdirilməsinə dair” protokolların imzalanması azəri və türk diaspor təşkilatlarının ciddi narahatlığına, etirazına səbəb olub. Diaspor təşkilatları Dağlıq Qarabağ münaqişəsi həll edilmədən Türkiyə-Ermənistan sərhədlərinin açılmasının yolverilməz oldugunu və bu məsələdə Azərbaycan Respublikasının mövqeyini dəstəklədiklərini bildirirlər.

Regionda baş verənlərə dair Azərbaycan və Türk diasporlarının mövqeyinin daha geniş miqyasda ifadə olunmasını zəruri sayan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçiriləcək ikigünlük toplantıda Avropa Azərbaycanlıları Konqresi və Azəri-Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının üzvləri ilə yanaşı Azərbaycanın dövlət rəsmiləri və millət vəkillərinin iştirakı nəzərdə tutulub.

 Qeyd edək ki, toplantı çərçivəsində “Avropa Azərbaycan İnformasiya Mərkəzi”nin təqdimat mərasimi də keçiriləcək. Bu mərkəzin yaradılması barədə ideyanı və layihəni Benilüks Azərbaycanlıları Konqresi irəli sürüb. Belə bir mərkəzin yaradılması Avropadakı Azərbaycan diasporunun təbliğat imkanlarını genişləndirəcək. Mərkəz ölkəmizin tarixi və bu günkü reallıqları haqqında əsasən avropalılara informasiya ötürməklə məşğul olacaq. AAİ-nin yaradılması nəticəsində xaricdə yaşayan soydaşlarımız arasında həmrəyliyin daha da möhkəmlənməsi ilə yanaşı, onlarla Azərbaycan ictimaiyyəti arasında da mühüm körpu yaranacaq. Layihə həm də dilindən, mənəvi dəyərlərindən uzaq düşərək Avropa cəmiyyətində assimliyasiyaya uğramaqda olan bir sıra gənc soydaşlarımızın milli mənəvi dəyərlərimizə, mənsub olduqları xalqın tarixinə, mədəniyyətinə marağını artırmağı qarşısına məqsəd qoyub.

Avropa Azərbaycanlıları Konqresi və Azəri-Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının birgə toplantısı çərçivəsində həmçinin Avropa Azərbaycan Qadın Təşkilatları Birliyinin Təşəbbüs Qrupu yaradılacaq. Avropa ölkələrində yaşayan azərbaycanlı xanımlar Azərbaycan mədəniyyətini, ədəbiyyatını, incəsənətini, milli adət-ənənələrini təbliğ etmək üçün bir araya gələrək belə bir qurum yaratmaq təklifi ilə çıxış ediblər. Bu təşkilatı yaratmaqla xanım həmvətənlərimiz Avropa məkanında Azərbaycanın mənafelərini qorumaq və ölkəmizin imicini daha da yüksək səviyyələrə qaldırmaq istiqamətində görülən işlərə öz töhfəsini vermək istəyir.

F. HüseynzadƏ

Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az