Avropanın azərbaycanlı və türk diaspor təşkilatları birgə müraciət qəbul edib
Noyabrın 21-22-də Almaniyanın Frankfurt şəhərində Avropa Azərbaycanlıları Konqresi və Azərbaycan-Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının birgə toplantısı keçirilib.
Toplantıda Milli Məclis sədrinin müavini Bahar Muradova, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, deputatlar Sabir Rüstəmxanlı və Fazil Müstafa, Türkiyə TBMM-nin bir neçə üzvü, alimlər, ziyalılar iştirak ediblər.
Tədbirin sonunda Azərbaycan və Türkiyə prezidentlərinə, eləcə də hər iki ölkənin parlamentlərinə müraciət qəbul olunub. Müraciətdə deyilir: “2009-cu il oktyabr ayının 10-da Türkiyə və Ermənistan arasında “Diplomatik münasibətlərin qurulmasına dair” və “İkitərəfli əlaqələrin inkişaf etdirilməsinə dair” protokolların imzalanması Azərbaycan və Türkiyə ictimaiyyətinin, habelə xarici ölkələrdə yaşayan yüz minlərlə azərbaycanlı və türkün ciddi narahatlığına səbəb olub. Hesab edirik ki, bu razılaşmanın mümkün nəticələri iki qardaş ölkə arasında münasibətlərə mənfi təsir etməklə yanaşı, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı danışıqlarda qeyri-konstruktiv fəaliyyətini sərtləşdirməsinə səbəb olacaq”.
Sənəddə qeyd olunur ki, Azərbaycan ərazilərinin 20 faizinin işğal altında qaldığı, bir milyondan çox azərbaycanlının məcburi köçkün kimi yaşadığı bir vaxtda bu protokolların imzalanması Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə olan ümidləri xeyli azaldır: “Biz Azərbaycan əraziləri işğaldan azad edilmədən, bir milyona yaxın soydaşımzın öz doğma torpaqlarına qayıdışı mümkün olmadan, eyni zamanda Türkiyəyə qarşı soyqırım və ərazi iddiaları ortadan qalxmadan Türkiyə ilə Ermənistan arasında imzalanmış protokolların təsdiqlənməsinin qəti əleyhinə olduğumuzu bildiririk. Biz əminik ki, zəngin dövlətçilik ənənələrinə malik Türkiyə dövləti tarixin bu sınağından da üzüağ çıxacaq, qardaş və dost ölkə olan Azərbaycanın maraqlarına zidd heç bir addım atmayacaq”.
«Media forum»
Xəbər lenti


