“Biz dost Azərbaycan xalqının faciəsini gərək unutmayaq”
Litvanın sabiq dövlət başçısının 20 yanvar faciəsi ilə bağlı məqaləsi dərc olunub
Bu sözlər 20 Yanvar faciəsinin 20 illiyi ilə əlaqədar Litvanın www.bernardinai.lt internet qəzetində yer alan “Azərbaycanın faciəsi” adlı analitik məqalədəndir. Məqalənin müəllifi Litvanın nüfuzlu siyasi və dövlət xadimi Vitautas Landsberqisdir. Müəllif məqalədə bil-dirb ki, 20 yanvar faciəsi bu hadisələrdən əvvəl törədilmiş 9 aprel 1989-cu il Tiflis qırğınını və daha bir il sonra isə Vilnüsdə baş vermiş 13 yanvar 1991-ci il qanlı faciəsini çox xatırladır.
Sanki Bakı 20 il əvvəl həmin hadisələr zəncirində “yenidən qurmanın” şərtiliyini və imperiyanın dəyişməzliyini sübut edən birləşdirici bir halqa olmuşdur: “Sovetlər Cənubi Qafqazın iki xalqını - ermənilərlə azərbaycanlıları, və hətta onların demokratik-azadlıq hərəkatlarını belə qızışdırıb aralarına nifaq sala bildilər. Baltiya ölkələrinin xalq hərəkatları Ermənistan və Azərbaycan Xalq cəbhələrini və Qarabağ komitəsini barışdırmaq üçün fevralın ilk günlərində Riqada səylər göstərdilər (mən orada iştirak etmişəm), amma, onda danışıqlar çox ağır gedirdi, KQB araqarışdıranları isə mürgü döymürdülər”.
V.Landsberqis yazıda 1989-1990-cu illərin qovuşuğunda Azərbaycanda mövcud olmuş durumu müfəssəl surətdə təsvir edib: “İmperiya azərilərlə ermənilər arasında yalnız Dağlıq Qarabağ uğrunda bir qədər əvvəl baş vermiş münaqişədən yox, həm də bu münaqişə nəticəsində qaçqın düşmüşlərin və qisas qurbanlarının fəlakətindən öz məqsədləri üçün istifadə etdi. Hər iki xalq tələyə düşdü, Azərbaycanın yenicə şəfəqlənən azadlığı isə, 50 minlik nəhəng sovet ordusu tərəfindən Bakı sanki bir düşmən şəhəri tək “fəth” olunarkən, darmadağın edildi, qan girdabında boğuldu. Budapeşt, Praqa... Hər yerdə eyni cür olub və bu dəfə də qırmızı ulduzlu tanklar müdafiəçilərin barrikadalarını basıb darmadağın etdilər. Bu cür yolla “sovet hakimiyyəti bərpa edilirdi”. Vilnüs o günlər hələ ki, öz həlledici saatını gözləməkdə idi, həmin vaxt bir ildən sonra gəlib çatdı”.
O, məqalədə qeyd edib ki, indiyədək ermənilərlə münasibətlərdə qızışdırılan münaqişələr kimi, həmin faciə də Azərbaycanın müstəqilliyi yolunda ona vurulan zərbə və zaman itkisi idi.
Qeyd edək ki, Vitautas Landsberqis Litvanın incəsənət, musiqi və mədəniyyət üzrə tarixçisi, 1978-ci ildən Litva Musiqi və Teatr Akademiyasının professorudur. 25.11.1988-21.04.1990-cı il tarixlərdə Litvanın “Sayudis”(Birlik) hərəkatının rəhbəri , 1989-1990-cı illərdə SSRİ Ali Sovetinin deputatı, 1990-cu ildə Litva Respublikası Ali Sovetinin sədri seçilib. 1990-1992-ci illərdə Litvanın Müvəqqəti Konstitusiyasına əsasən Litvanın ən yüksək rütbəli dövlət xadimi, yəni, faktiki olaraq Litvanın dövlət başçısı olub. 1990-1991-ci illərdə dövlət səviyyəsində SSRİ rəhbərliyi ilə aparılan danışıqlarda nümayəndə heyətinin başçısı, 1990-1992-ci illərdə Baltikyanı Dövlətlər Şurasının rəhbərlərindən biri olub. 1993-2003-cü illərdə Litva Konservatorları Partiyasının sədri, 2003-cü ildən etibarən isə həmin partiyanın siyasi komitəsinin sədri və rəyasət heyətinin üzvü, 2004-cü ildən Avropa Parlamentinin üzvüdür. 2009-cu ildə Avropa Parlamentinə ikinci dəfə seçilib. Bir sira Avropa ölkələrinin yüksək dövlət mükafatları ilə təltif olunub. 1988-1994-cü illərdə V. Landsberqisin Dağlıq Qarabağ münaqişəsinə və Ermənistan-Azərbaycan münasibətlərindəki geosiyasi faktorlara münasibəti birmənali olmayıb. Elə bu baxımdan onun 20 yanvar faciəsindən bəhs edən məqaləsi siyasi əhəmiyyət kəsb edir.
F.HÜSEYNZADƏ
Xəbər lenti


