Mərkəzi Bank əhalini vəsaitlərini manatla saxlamağa çağırır
Elman Rüstəmov: “Bəyan edirəm ki, 2010-cu ildə manatın kursu sabit qalacaq”
Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, Azərbaycanın öz valyutasının dəyərini qorumaq üçün kifayət qədər ehtiyatı var: “Dünyada maliyyə böhranı başlayanda Azərbaycanın strateji valyuta ehtiyatları 17 milyard dollar idi. Əgər Azərbaycana valyuta daxil olmasa, bu ehtiyat ölkəmizi 27 ay idxalla təmin etməyə imkan verir. Yadıma gəlir ki, Azərbaycanda valyuta ehtiyatları fondu yeni yarananda orada cəmi 12 milyon dollar vəsait var idi. 1995-ci ildə bu rəqəm cəmi 250 milyon dollar idi. Onun isə 80-90%-ni beynəlxalq təşkilatlardan alınmış kreditlər təşkil edirdi. Bu gün isə 19 milyard dollardan danışırıq. Deməli, Azərbaycan əhəmiyyətli valyuta ehtiyatlarına malikdir”.
Elman Rüstəmov bildirib ki, 2009-cu ilin 10 ayı ərzində Azərbaycanda inflyasiya 2,1% olub: “Gələn il üçün 3%-lik infoyasiya nəzərdə tutmuşuq. Təbii ki, qiymətlərin aşağı artımı əhalinin real gəlirlərinin yüksək səviyyədə qalması deməkdir.”.
Elman Rüstəmov əhaliyə tövsiyyə edib ki, vəsaitlərini manatla saxlasınlar: “Gələn il manatın devalvasiyası üçün heç bir fundamental səbəb yoxdur. Bir vaxtlar manatın kursu ilə bağlı şayiələr gəzirdi. Amma biz ölkə prezidentinin siyasi dəstəyi ilə birmənalı şəkildə bəyan etdik ki, manatın kursu sabit qalacaq. Bunu bu gün də bəyan edirəm: 2010-cu ildə manatın kursu sabit olacaq”. Mərkəzi Bankın sədri hesab edir ki, Azərbaycanda bunun üçün kifayət qədər imkanlar var.
ANS
Xəbər lenti


