Keçən il 93 müəssisədə məhsul istehsalı dayandırılıb
Tonlarla keyfiyyətsiz ərzaq məhsulları məhv edilib, 10 adda oyuncaq satışdan çıxarılıb
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) 2009-cu il ərzində görülən işlərlə bağlı hesabat yayıb. Komitənin mətbuat xidmətindən aldığımız məlumata görə, 2009-cu il komitə üçün uğurlu il olub. Belə ki, SMPDK-nın səlahiyyətlərinə aid olan standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, sənaye mülkiyyətinin mühafizəsi sahələrinin 2009-cu ildə inkişaf tempi bir az da sürətlənib, ciddi müvəffəqiyyətlər qazanılıb. Qeyd olunub ki, ötən ilin 31 avqustunda Prezident İlham Əliyevin fərmanı ilə “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında əsasnamə” təsdiq edilib. Bu fərmanla komitənin fəaliyyət istiqamətləri, vəzifələri, hüquqları və fəaliyyətinin təşkili müəyyən olunub.
Azərbaycanda mövcud olan standartlaşdırma, metrologiya, akkreditə, uyğunluğun qiymətləndirilməsi və sənaye mülkiyyətinin mühafizəsi sahələrinin beyəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə komitə öz səlahiyyətləri çərçivəsində bir sıra işlər aparıb. 2006-cı il noyabrın 14-dən Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış fəaliyyət planından irəli gələn məsələlərin həyata keçirilməsi üçün komitədə “Twinning” texniki yardım layihəsi uğurla həyata keçirilib. Belə ki, layihənin istiqamətlərindən biri çərçivə qanunvericiliyinin Avropa İttifaqının tələblərinə uyğunlaşdırılmasından ibarətdir. Məsələ ilə bağlı artıq bir sıra işlər həyata keçirilib, hazırlanacaq və təkmilləşdiriləcək qanunlar müəyyən edilib.
Ölkəmizdə standartlaşdırma üzrə texniki komitələrin fəaliyyətini tənzimləmək məqsədi ilə komitə tərəfindən yeni AZS 1.1-2009 “Standartlaşdırma üzrə texniki komitələr. Yaradılması və fəaliyyət qaydası” milli standartı qəbul olunub. Yeni standartın qəbulu məhsul və xidmətlər bazarının bilavasitə iştirakçısı olan təşkilatların standartlaşdırma üzrə texniki komitələrdə geniş iştiraklarına, onlar tərəfindən qəbul edilən qərarların bazar iqtisadiyyatı xarakterini şərtləndirməsinə, elmi-texniki və iqtisadi cəhətdən daha mütərəqqi müəssisələrin onlarla əməkdaşlığı isə sənədlərin yüksək səviyyədə işlənib hazırlanmasına kömək edəcək.
Standartın qəbulundan sonra bir sıra yeni texniki komitələrin yaradılmasına dair müvafiq işlər aparılıb. Bu sahədə neft və qaz sənayesi, yeyinti məhsulları, tikinti üzrə texniki komitələri qeyd etmək olar.
63 milli standart qeydiyyata alınıb
Milli standartların işlənib-hazırlanması istiqamətində də ötən il məhsuldarlığı ilə yadda qalıb. Belə ki, yeyinti sahəsində 19, neft və kimya sahəsində 8, nəqliyyat sahəsində 3 olmaqla, Komitə tərəfindən ümumilikdə 63 milli standart ekspertizadan keçirilərək qeydiyyata alınıb.
Ötən il metrologiya sahəsi üzrə də uğurlar az olmayıb. Belə ki, 2009-cu ilin 19-21 may tarixlərində Bakıda Dövlət Metrologiya Qurumlarının Avro-Asiya əməkdaşlığı təşkilatının (Coomet) 19-cu iclası keçirilib. Tədbirdə metrologiya sahəsi üzrə Avropa İttifaqı və digər beynəlxalq və milli qurumların nümayəndələri iştirak ediblər.
Azərbaycanda ölçmələrin vəhdətinin təmin edilməsi üzrə bir sıra işlər yerinə yetirilib. Müəssisələrdə metroloji təminata, metroloji norma və qaydalara riayət edilməsinə dövlət nəzarətinin təmin edilməsi məqsədilə respublika ərazisində fəaliyyət göstərən istehsal və xidmət müəssisələrinin əksəriyyətində metroloji araşdırmalar həyata keçirilib.
Ölçmələrin vəhdətinin təmin edilməsinin əsas şərtlərindən biri də, respublika ərazisində aparılan ölçmələrin nəticələrinin izlənilməsinin təmin edilməsidir. Bu məqsədlə müəssisə və təşkilatlarda istismar edilən, dövlət tənzimləmə sahələrinə aid edilən bütün ölçmə vasitələrinin dövri yoxlama müddətlərinə uyğun olaraq, muvafiq dövlət etalonları vasitəsilə muqayisəli yoxlamadan keçirilir və yaxud kalibrlənir. Bu işlərin beynəlxalq tələblərə uyğun şəkildə yerinə yetirilməsi üçün komitənin tabeliyində təsərrüfat hesablı Təcrübə Sınaq Mərkəzi (AzTEST) yaradılıb. Yaxın gələcəkdə ərazi dövlət nəzarəti idarələrində müasir tələblərə cavab verən kalibrləmə laboratoriyalarının yaradılması nəzərdə tutulub.
2009-cu il ərzində komitə tərəfindən yeni 14 laboratoriya, 1 məhsulun sertifikatlaşdırılması üzrə orqan, 2 digər sistemlərdə akkreditasiya olunub və Azərbaycan ərazisində sertifikatlaşdırma fəaliyyəti razılaşdırılmış orqan və 1 idarəetmə sistemlərinin yaradılması sahəsində konsaltinq xidmətləri göstərən qurumun fəaliyyəti razılaşdırılaraq dövlət reyestrində qeydiyyata alınıb. Onu da nəzərinizə çatdıraq ki, 2009-cu ildə akkreditasiya üzrə Dövlət reyestrində 201 obyekt qeydiyyata alınıb.
1113 təsərrüfat subyektində yoxlama aparılıb
Ölkədə istehsal olunan və idxal yolu ilə gətirilən məhsulların keyfiyyətinə və standartların tələblərinə cavab verməsinə dövlət nəzarətinin gücləndirilməsi, bu məhsulların Milli Sertifikatlaşdırma Sisteminin tələblərinə müvafiq olaraq sertifikatlaşdırılması istiqamətlərində ərazi idarələri tərəfindən müəyyən işlər görülüb. 2009-cu ilin ilkin nəticələrinə görə bütövlükdə hüquqi və fiziki şəxs statusu ilə fəaliyyət göstərən 1113 təsərrüfat subyektində məhsulun keyfiyyətinə, standartlara, metroloji norma və qaydalara əməl olunmasına dövlət nəzarəti həyata keçirilib. Bu araşdırmaların nəticəsində aşkar olunmuş ciddi nöqsanlara və pozuntulara, o cümlədən istehsal olunan məhsulların insan həyatı və sağlamlığı, habelə ətraf mühit üçün təhlükə yaratdığına, normativ sənədlərin tələblərinə cavab vermədiyinə və digər səbəblərə görə həmin müəssisələrdən 93-də məhsul istehsalı dayandırılıb, ümumi dəyəri 381975 min manat olan 340 məhsul partiyasının satışı qadağan olunub, həmin təsərrüfat subyektlərinə 277 iradnamə və 433 tələbnamə verilib. Ciddi nöqsanlara yol vermiş müəssisələr üzrə qanunvericiliklə nəzərdə tutulmuş qaydada 118 protokol tərtib olunub və 76475 manat məbləğində cərimə sanksiyaları tətbiq olunub.
Tonlarla keyfiyyətsiz ərzaq məhsulu məhv edilib
Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində aparılan dövlət nəzarətinin nəticəsində fiziki-kimyəvi və mikrobioloji göstəricilərinin insan həyatı və sağlamlığı, habelə ətraf mühit üçün təhlükəli olduğu üçün ölkədə istehsal olunan və idxal yolu ilə gətirilən 39,7 ton qənnadı məmulatı, 888,4 ton düyü, 9,8 ton balıq konservi, 56,3 min litr alkoqolsuz içki və meyvə şirəsi, 7,3 ton un, 10,1 ton süd məhsulu, 8,5 ton tərəvəz və bir sıra digər ərzaq məhsulları dövriyyədən çıxarılaraq məhv edilib.
Dövlət başçısı tərəfindən 2009-cu ilin “Uşaq ili” elan edilməsi ilə bağlı ötən il uşaq qidasının və uşaq oyuncaqlarının müvafiq normativ sənədlərə uyğunlaşdırılması və idxal edilən uşaq istehlak mallarının ölkə ərazisinə uyğunluq sertifikatı olmadan gətirilməsi faktları araşdırılıb və Çində istehsal olunan 10 adda uşaq oyuncağı toksiki elementlərin miqdarına görə normativ sənədlərin tələblərinə cavab vermədiyi üçün satışdan çıxarılaraq məhv edilib.
İstehlakçıların çoxsaylı haqlı şikayətlərini nəzərə alaraq Bakı şəhəri ərazisində yerləşən 45 yanacaqdoldurma məntəqəsində və 2 neft bazasında neft məhsullarının keyfiyyətinə dövlət nəzarəti həyata keçirilib. Aparılmış araşdırmaların nəticəsində 26 yanacaqdoldurma məntəqəsində satılan yanacağın keyfiyyət göstəricilərinin standartların tələblərinə cavab verməməsi və miqdarının normaya uyğun olmaması aşkar olunub. Bununla əlaqədar olaraq qanunvericiliyə müvafiq qaydada protokollar tərtib edilib və inzibati qaydada təqsirkar şəxslər cərimə olunublar.
Qış mövsümü ilə əlaqədar olaraq texniki təhlükəsizlik qaydalarına uyğun olmayan, müvafiq qaydada sertifikatlaşdırılmamış, kustar üsulla hazırlanmış və primitiv qızdırıcıların, sobaların və digər məişət cihazlarının idxal olunmasının və satılmasının qarşısının alınması üçün tədbirlər görülüb. Aparılan araşdırmaların nəticəsində 156 belə cihaz satışdan çıxarılıb.
Sənaye nümunəsi və faydalı model patentlərinin sayı artıb
İxtira patentlərinin sayının ötən illə müqayisədə artım fərqi az olsa da, sənaye nümunəsi və faydalı model patentlərinin sayında müəyyən qədər artım olub. Belə ki, 2008-ci ildə sənaye nümunəsinə verilən patentlərin sayı 25 və faydalı modellərə verilən patentlərin sayı 5 ədəd olduğu halda, bu rəqəm cari ildə artaraq müvafiq şəkildə 30 və 11 ədəd təşkil edib.
Patent sisteminin hüquqi bazasının təkmilləşdirilməsi istiqamətində işlər də az olmayıb. Əqli mülkiyyət sahəsində ÜTT-nin tələblərini şərtləndirən Ticarət aspektlərində əqli mülkiyyət hüququ haqqında sazışin tələblərini özündə ehtiva edən “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” və “Patent haqqında” qanunlara dəyişikliklər və əlavələr edilməsi barədə müvafiq qanun layihələri işlənib hazırlanıb.
Komitə keçən il beynəlxalq tədbirlərdə də fəal iştirak edib. Ümumdünya Əqli Mülkiyyət Təşkilatı, Avrasiya Patent Təşkilatı tərəfindən təşkil olunan tədbirlər xüsusi əhəmiyyət kəsb edib.
B. TOFIQOĞLU
Xəbər lenti


