Davos forumuna böhran əleyhinə bir neçə ssenari təqdim olunacaq
Prezident İlham Əliyev forumun işində iştirak edir
Bu dəfəki proqram 6 əsas mövzunu əhatə edir - “İqtisadi və sosial vəziyyəti necə yaxşılaşdırmaq”, “Sabit inkişafı necə təmin etmək”, “Etibarlılığı necə təmin etmək”, “Səmərəli institutları necə yaratmaq” və s. Forumun işində 90 ölkədən 2,5 mindən çox nümayəndə iştirak edir (“Vesti”).
Yanvarın 31-nə kimi davam edəcək Forumun ekspertləri böhranın ikinci dalğasının gözlənildiyini bildirirlər. “Hökumətlər biznesə yardım ediblər, indi isə özləri bankrot olublar” deyən ekspertlər ilk zərbənin Çinə dəyəcəyini proqnozlaşdırırlar. Diskussiyalarda həmçinin 30 ölkənin dövlət və hökumət rəhbərləri, bir çox ölkələrin xarici işlər, ticarət və maliyyə nazirləri, 12 milli bank rəhbəri, 500-dən artıq vətəndaş cəmiyyətinin nümayəndələri, 50 QHT rəhbəri iştirak edir.
Forumu Fransa prezidenti Nikola Sarkozi açıb. Onun nitqi kapitalizmin gələcək perspektivlərinə həsr olunub. Bu səbəbdən müşahidəçilər bu dəfəki forumun müasir kapitalizmin vəziyyətinin təhlil edilməsinə həsr olunacağını zənn edirlər.
Dünya ölkələrinin iqtisadi qurumlarının təkliflərinin müzakirə olunacağı foruma antiböhranla bağlı bir neçə ssenari təqdim olunacaq. Həmin ssenarilərə əsasən böhranın 2010-cu ilin sonu - 2011-ci ilin əvvəlinə başa çatmasını nəzərdə tutan paket təkliflər yer alıb.
Xatırladaq ki, Dünya İqtisadi Forumu mütəmadi olaraq illik iclaslar, regional iqtisadi sammitlər və ölkə üzrə tədbirlər təşkil edir. Əsas məqsədi dünyada mövcud olan vəziyyətin daha da yaxşılaşdırılmasından ibarət olan bu təşkilat müstəqildir və fəaliyyətini gəlir əldə etməyə yönəltməyib. Dünya İqtisadi Forumu BMT-nin İqtisadi və Sosial Şurası yanında qeyri-hökumət təşkilatı kimi məsləhətverici statusa malikdir. Ötən əsrin 80-ci illərindən nüfuzu getdikcə artan, dünya iqtisadiyyatı ilə bağlı əhəmiyyətli mövzuların müzakirə edildiyi və yeni qlobal strategiyaların formalaşdırıldığı, bəzilərinə görə “Neoliberal ideologiyaların istehsal mərkəzi”, digərlərinə görə isə qlobal iqtisadi münasibətlərin formalaşmasında əsas ünsürlərdən olan forumun 36 illik keçmişi var. Alman əsilli isveçrəli professor Klaus Şvabın 1971-ci ildə avropalı şirkət idarəçiləri ilə birgə təşkil etdiyi kiçik bir toplantıyla başlayan, əvvəllər Avropa İdarəetmə Forumu kimi tanınan qurum avropalı biznesmenlərin ABŞ-da biznes həyatına uyğunlaşmalarını asanlaşdırmaq və amerikan üsullu kapitalizmin qaydalarını avropalılara öyrətmək məqsədini daşıyan seminarlar silsiləsi idi. Lakin 1970-ci illərin ikinci yarısından əlaqədar mövzuların məşhur iqtisadçı, biznesmen və siyasətçilərin iştirakıyla geniş platformaya cəlb olunması, forumu mühüm dünya məsələlərinin müzakirə edildiyi geniş toplantılar silsiləsinə çevirdi. Beləliklə, 1979-cu ildə təşkilatlanan Davos toplantıları, dünya səviyyəsində söz sahibi olan güclərin xüsusi maraqlandığı akademik və siyasi platforma xarakteri aldı.
1982-ci ildə İsveçrənin Davos qəsəbəsində dünya iqtisadiyyatı liderlərinin ilk qeyri-rəsmi toplantısı, bir il sonra isə ilk Davos İdarəçilər Toplantısı təşkil edildi. Bu kimi tədbirlərə paralel olaraq nüfuzu getdikcə artan və qlobal iqtisadi siyasətlərin formalaşmasında söz sahibi olan təşkilat, 1986-cı ildə Dünya İqtisadi Forumu adını aldı. 11 sentyabr terror hadisələrindən sonra istisna olaraq 2002-ci ildə “beynəlxalq terrorizm” mövzusu ilə Nyu-Yorkda təşkil edilən forum, ənənəvi olaraq hər il yanvar ayında Davosda yığışır. Bəs Dünya İqtisadi Forumunu bu qədər məşhur edən nədir? Əvvəla 1980-ci illərdən etibarən dünyada sülhə töhfəsini verən bir sıra proseslərin ideya əsaslarının ortaya qoyulduğu toplantılara ev sahibliyi etməsi səbəbindən forumun nüfuzu mütəmadi artıb. Forumun daha bir özəlliyi ondan ibarətdir ki, burada təkcə iqtisadi mövzular müzakirə edilmir. Davos toplantıları artıq siyasət, iqtisadiyyat, texnologiya, elm, tibb kimi sahələrdə yeni tendensiyaların müşahidə edildiyi ən mühüm ünvana çevrilib.
Azərbaycan Dünya İqtisadi Forumuna 1995-ci ildən qatılır. Həmin il ümummilli lider Heydər Əliyev ilk dəfə Davosda Dünya İqtisadi Forumunda iştirak edib. Ulu öndər Dünya İqtisadi Forumunda üç dəfə - 1995, 2000 və 2002-ci illərdə iştirak edib. Prezident İlham Əliyev də Davos iqtisadi forumlarında Azərbaycanı təmsil edib, burada iştirak edən müxtəlif ölkələrin dövlət və hökumət başçıları, iri şirkətlərin rəhbərləri, beynəlxalq təşkilatların səlahiyyətli nümayəndələri ilə görüşüb danışıqlar aparıb. Prezident İlham Əliyev bu il də forumda iştirak edir.
Dünən İlham Əliyev “Chevron” korporasiyasının vitse-prezidenti Cey Prior ilə görüşüb. Görüşdə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Chevron” korporasiyası arasında ikitərəfli əməkdaşlığın yüksək səviyyədə olduğu bildirildi, enerji məsələləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
FUAD
Xəbər lenti


