Diqqət makroiqtisadi sabitliyə yönəldiləcək
“İqtisadiyyatımız böhranlı ildə də uğurla inkişaf etməyə davam etdi”
Ötən il dövlətimizin iqtisadi qüdrətinin, idarəetmə qabiliyyətinin səviyyəsinin qiymətləndirilməsi baxımından əlamətdar bir il kimi çağdaş tariximizə daxil olub. 2008-ci ildə dünyanın əsas maliyyə mərkəzlərində başlayan maliyyə-iqtisadi böhran 2009-cu ildə dünya iqtisadiyyatını bürüyərək istisna olmadan bütün ölkələrə öz mənfi təsirini göstərdi.
Böhran qlobal ticarətə, sərnişin və yük daşımalarına, maliyyə və investisiya axınlarına ciddi zərbə vurdu. Həmçinin kreditləşmə imkanlarını daraltdı və bir çox ölkələrdə, o cümlədən əksər inkişaf etmiş ölkələrdə kəskin iqtisadi tənəzzül yaradıb. Beynəlxalq Valyuta Fondu 2009-cu ildə dünya iqtisadiyyatının 1,1 faiz səviyyəsində enməsi fonunda dünya üzrə ticarət dövriyyəsinin 11 faizdən artıq azalmasını bildirir. Böhranın dalğası Azərbaycanın yerləşdiyi bölgədəki ölkələri də sarsıdaraq iqtisadi vəziyyətin pisləşməsinə, ümumi daxili məhsulun həcminin azalmasına gətirib çıxarıb. Qeyd edək ki, MDB-nin üzvü olan bir çox dövlətlərdə bu azalma 6 faizdən yüksək olub.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, böhran hər bir ölkənin iqtisadi və siyasi potensialını ortaya qoydu. Böhran ili kimin nəyə qadir olduğunu çox açıq və aydın şəkildə göstərdi.
2009-cu ilin maliyyə-iqtisadi mənzərəsinin tərkibi olmaqla, ötən il Azərbaycan hökumətinin qarşılaşdığı çətinlikləri özündə əks etdirir. Bütün bu çətinliklərə, əlverişsiz xarici mühit amillərinə baxmayaraq, dövlətimizin tərəfindən həyata keçirilən çevik iqtisadi siyasət tədbirləri hesabına ölkəmiz böhranın fəsadlarını uğurla dəf etməyə nail olub. Ötən il qlobal böhranın fəsadları ölkə iqtisadiyyatına sirayət etsə də, onun gündəlik həyatında praktiki olaraq hiss edilməyib. Bütün sosial proqramlar və tədbirlər fasiləsiz icra olunub.
Maliyyə Nazirliyindən verilən məlumata görə, 2009-cu ildə adambaşına düşən ümumi daxili məhsulun həcmi 7,9 faiz artaraq 3917 manata və yaxud 4874 ABŞ dollarına, ölkədə orta aylıq əmək haqqı 6,8 faiz artaraq 298 manata çatıb. Qeyd etmək yerinə düşər ki, ötən müddət ərzində manatın dəyəri də sabit qalmış, inflyasiya 1,5 faiz təşkil etmişdir. Ötən ilin dekabr ayında “Standard & Poors” dünyanın aparıcı beynəlxalq reytinq agentliyi tərəfindən Azərbaycan Respublikasının uzunmüddətli “BB+” kredit reytinqi təsdiq edilib və yaxın gələcəkdə yeni investisiya reytinqi almaq imkanının göstəricisi olan reytinq üzrə proqnoz sabit səviyyədən müsbət səviyyəsinə yüksəldilib. Reytinq proqnozunun artırılması Azərbaycanın qısa müddət ərzində investisiya reytinqi (“BBB-”) səviyyəsinə yüksəlməsinə nəhəng dəstək ola bilər.
Xatırladaq ki, 2008-ci ilin ikinci yarısından etibarən dünyanı bürüyən maliyyə-iqtisadi böhran şəraitində “Standard & Poors” şirkətinin reytinqini yenidən qiymətləndirdiyi ölkələr sırasından reytinqin müsbət istiqamətdə dəyişməsi ilk dəfə olaraq məhz Azərbaycan Respublikası üçün qeydə alınıb.
Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında İlham Əliyev bu haqda danışaraq deyib ki, Azərbaycan dünya iqtisadiyyatının bir parçası kimi bu böhranlı vəziyyətdən minimum itkilərlə çıxa bilib.
“Qeyd etdiyim kimi, biz dünya iqtisadi proseslərinə getdikcə daha da sürətlə qoşuluruq. Azərbaycanda aparılan ciddi sosial-iqtisadi islahatlar ölkəmizi hərtərəfli inkişaf etdirməyə imkan yaradır. Dünya iqtisadiyyatının tərkib hissəsi olan ölkəmizdə 2009-cu ildə çox düzgün və vaxtında atılmış addımlarla iqtisadi maraqlarımızı qoruya bildik, insanların rifah halının pisləşməsinə yol vermədik. Əksinə, 2009-cu ildə Azərbaycan əhalisinin sosial vəziyyəti daha da yaxşılaşdı. Qarşıda duran bütün infrastruktur layihələri, sosial proqramlar icra edildi. Ölkəmiz 2009-cu ildə də sürətlə inkişaf etməyə davam edirdi, bu dinamika saxlanılırdı”.
Onun fikrincə ölkəmiz, iqtisadiyyatımız böhranlı ildə də uğurla inkişaf etməyə davam etdi. “MDB məkanında ən sürətlə inkişaf edən ölkə Azərbaycandır. Bütün bölgədə iqtisadi tənəzzül, sənaye istehsalının tənəzzülü hökm sürür, Azərbaycanda isə artım vardır. Dünya İqtisadi Forumu - dünyanın mötəbər beynəlxalq təşkilatı Azərbaycanı rəqabət qabiliyyətliliyinə görə 51-ci yerə layiq gördü və bu, MDB məkanında birinci yerdir. Yəni, iqtisadiyyatımız bütün MDB məkanında ən rəqabət qabiliyyətlidir, ən çoxşaxəlidir, ən müasirdir, ən güclüdür. Bu, reallıqdır. Biz bu reallıqlarla haqlı olaraq fəxr edirik.
Prezident 2009-cu ilin tarixdə sınaq ili kimi qalacağını və Azərbaycanın bu sınaqdan şərəflə çıxdığını vurğulayıb: “Azərbaycan iqtisadiyyatı artıq öz keçid dövrünü başa vurdu. Bu həqiqətən də belədir. Biz artıq keçid dövrünün iqtisadiyyatı deyilik. Bunu şərtləndirən müxtəlif amillər vardır və bu gün bu barədə burada danışıldı. Biz tam şəkildə bazar iqtisadiyyatına keçmişik. Azərbaycan iqtisadiyyatı liberal iqtisadiyyatdır, müstəqil, dayanıqlı, öz resurslarına güvənən, dünya birliyinə sürətlə inteqrasiya edən iqtisadiyyatdır. Beynəlxalq kredit agentliklərinin böhranlı ildə verdikləri açıqlamalar, verdikləri qiymətlər onu göstərir ki, kredit reytinqlərimiz də artır. Biz neft-qaz, enerji sahəsində uğurlu investisiya siyasətimizi aparmaqla bütün başqa sahələrə də investisiyaların cəlb olunmasına nail olduq”.
Ötən illərdə olduğu kimi bu ildə Azərbaycanda iqtisadi sabitlik davam edir. Elə dövlətimizin məqsədi də odur ki, bu sabitliyi qorumaqla dünyanı bürüyən maliyə böhranından zərəsiz çıxsın. Məhz buna görə 2010-cu ildə, diqqət əlbəttə ki, həmişə olduğu kimi, makroiqtisadi sabitliyə yönəldiləcək.
F.HÜSEYNZADƏ
Xəbər lenti


