“Nabukko”nun direktoru Azərbaycana gəlir
“Nabukko”nun adı bilirsiniz, hardan götürülüb? 7 il əvvəl yeni qaz kəməri layihəsinin səhmdarları Vyanada toplaşanda, Dövlət Opera Teatrının binasında Verdinin “Nabukko” operasına baxıblar.
Sonra da təklif olunub ki, kəmərin də adını elə “Nabukko” qoysunlar. Operada səhmdarların xoşuna gələn o idi ki, operanın əsas mövzularından biri azadlıq idi.
“Wall Street Journal” yazır ki, bu il “Nabukko” layihəsi buxovlardan azad olub, azadlığa çıxmalıdır (azadliq.org.az).
“Nabukko” Qaz Kəməri Layihəsinin direktoru Reinhard Mitsek gələn həftə Azərbaycana, Türkiyəyə, Orta Asiya ölkələrinə və öz dediyi kimi, hər yerə gedəcək.
Hazırda isə Mitsek Tanzaniyada istirahətdədir və “Wall Street Journal”ın yazdığı kimi, “batareyalarını doldurur, çünki yaxın 12 ayda onu xeyli iş gözləyir”.Mitsek qəzetə deyib: “Qaz kifayət qədərdir. Belə demək səhvdir. Bu, son 2-3 ilin ən böyük səhvidir. Əgər qazı olan bu qazı Çinə, Amerikaya satırsa, bu, Avropa üçün itirilmiş qazdır. Bizim ehtimalımıza görə, Avropada qaz işlədilməsi ilə 1 faiz sürətilə artacaq. Avropada qaz istehsalı azalacaq. Yaranan fərqi doldurmaq lazımdır”.
Ancaq noyabr ayında Beynəlxalq Enerji Agentliyi bildirdi ki, qaz bazarında ola bilsin, 2015-ci ilə kimi təklif olunan qaz lazım olandan çox olsun. 1,5 faizlik tələbat artımı 2015-ci ildən başlana bilər. Dekabr ayında “Bernstein Research” adlı təşkilat hesabat yaydı ki, Azərbaycanın və Türkmənistanın “Nabukko”ya 16 milyard kubmetr qaz verə biləcəyi şübhəlidir.
Hesabatda Misir və İraq kimi ölkələrin “Nabukko”ya mümkün qaz mənbəsi ola bilməsi isə “ekzotika” adlandırılırdı. Mitsek bu hesabatlar barədə deyir: “Belə narahatlıqlar var. Ancaq xoşbəxtlikdən biz bu narahatlıqları bölüşmürük”.
Mitsekin sözlərinə görə, Azərbaycanın “Şahdəniz” yatağı üzrə çox sıx təmaslar var. Eyni vəziyyət İraqdadır, Orta Asiyada isə “Nabukko”nun bir sıra səhmdarları artıq işləyirlər.
İngiltərənin Avropa İslahat İnstitutu, “Nabukko” təbii qaz boru kəməri layihəsinin Türkiyənin Ermənistan siyasəti səbəbiylə ləngidiyini bildirib. İnstitutun “Nabukko” layihəsi ilə bağlı yayımladığı hesabatda, Azərbaycanın qaz hasil edən ən önəmli ölkələrdən biri olduğu vurğulanıb. APA-nın məlumatına görə, hesabatda, “Nabukko” layihəsi üçün nə qədər təbii qazın hansı qiymət və şərtlərdə nəql olunması mövzusunda Türkiyə ilə Azərbaycan arasında fikir ayrılığı olduğu bildirilib:”Ermənistan ilə münasibətlərini istiləşdirməyə başlamış Türkiyənin Azərbaycan ilə münasibətlərin gərginləşib, bu da “Nabukko” layihəsinin ləngiməsinə əsas rol oynayıb. Öncə “Nabukko” üçün nəzərdə tutulan 8 milyard kubmetr təbii qazın “Şahdəniz” yatağından çıxarılması planlaşdırıldığı halda hazırda bölgədəki neft şirkətləri burada kəşfiyyat işlərini dayandırıb”.
Hesabatda, Türkiyənin hazırda “Şahdəniz”dən ildə 6 milyard kubmetr təbii qazı çox əlverişli qiymətlə aldığı və Yunanıstana daha yüksək qiymətə satdığı qeyd olunub. Avropa İslahat İnstitutu Azərbaycanın bu durumun dəyişməsini istədiyini, lakin Türkiyənin bunu qəbul etmədiyini bildirib. Hesabatda iki ölkə arasındakı anlaşılmazlıq çözülmədikcə “Nabukko” layihəsinin həyata keçirilməsinin mümkün olmayacağı vurğulanıb.
“Nabukko” layihəsi ilə bağlı durumun çox da yaxşı olmadığı qeyd olunan hesabatda sonda Türkiyə ilə Azərbaycanın razılığa gələcəkləri bildirilir. “Bakı Avropanın təbii qaz bazarına çıxmağı çox istəyir. Türkiyənin enerji bazası olmaq istəyi də güclüdür. Hər 2 ölkə təbii qazın axmağa başlamasından sonra bir çox neft nəhənglərinin gözünü bu bölgəyə çevirəcəyini yaxşı bilirlər”, - deyə hesabat müəllifləri vurğulayıblar.
SABUTAY
Xəbər lenti


