Türkiyənin “Eurovision” təmsilçisi Hadisə: “Azərbaycan mahnılarını sevə-sevə dinləyirəm”
“Eurovision-2009” müsabiqəsində Türkiyəni təmsil edəcək Hadisə Açıqgözün APA-ya eksklüziv müsahibəsi
Hadisə Açıqgöz 1985-ci il oktyabrın 22-də Belçikanın Anvers şəhəri yaxınlığındakı Mol qəsəbəsində anadan olub. Ailəsi əslən qafqazlıdır və Türkiyənin Sivas bölgəsindəndir. 2003-cü ildə Belçikadakı telekanallardan birində yayımlanan “Pop İdol” musiqi yarışmasında iştirak edərək ilk dəfə səhnəyə çıxıb. Yarışmada birinci yeri qazanmasa da, həmin müsabiqədən sonra bir çox şirkətdən albom çıxarmaq təklifi alıb. 2006-cı ilin aprelindən bəri Türkiyədə çalışır. İngilis, fransız, alman və flamand dillərini bilir. “Eurovision-2009”da Belçikanı təmsil etmək barədə bu ölkədən gələn təklifi rədd edib. May ayında Moskvada keçiriləcək müsabiqədə “Düm tək-tək” (“Crazy for you”) mahnısını ingilis dilində ifa edəcək.
- “Eurovision-2009” yarışmasının promo-turları çərçivəsində Azərbaycana gələcəksinizmi? Sizi sevən azərbaycanlı musiqisevərlərə nələr söyləmək istərdiniz?
- Təbii ki, gəlmək istəyirəm. Çünki indiyə qədər Azərbaycanda olmamışam. Məni sevən Azərbaycan tamaşaçısına bunu demək istərdim: internet saytlarında ünvanıma söylədiyiniz xoş sözlər məni çox sevindirir. Dəstəyinizə görə təşəkkür edirəm.
- “Eurovision-2009”da hədəfiniz nədir? Birinci olacağınıza inanırsınızmı?
- Hədəfim təbii ki, uğurlu çıxış edərək, inşallah, mükafatı alıb, geri dönməkdir. Amma hər halda bu, bir yarışmadır və nələr olacağını indidən söyləyə bilmərik. Hər şey mümkündür. Mənim üçün ən önəmlisi uğurlu çıxış etmək və sənətçi olaraq özümü daha da inkişaf etdirməkdir.
- Bir çox mütəxəssis yarışmada birinciliyi məhz sizin qazanacağınızı söyləyir. Siz nə düşünürsünüz?
- Bunu yazanlara və söyləyənlərə çox təşəkkür edirəm. Belə şeyləri oxumaq və duymaq məni çox sevindirir. Birinci yeri tutmaq təbii ki, super olar. Bunu hər kəs arzulayır. Məni, mahnımı, performansımı bəyənənlərdən səs gözləyirəm.
- Sizcə, bundan öncəki yarışmalarda olduğu kimi, yenə də siyasi səbəblər, yaxınlıq, qonşuluq əlaqələri nəticələrə təsir edəcəkmi?
- Açığını deyim ki, bunu gözləmirəm. Çünki bu il səsvermə sistemi fərqlidir. Bunun faydası olacağına inanıram.
- Müsabiqəyə qatılacaq 43 ölkə təmsilçisini, yəni rəqiblərinizi tanıyırsınızmı? Azərbaycan təmsilçisi Aysel Teymurzadə haqqında məlumatınız varmı?
- Bütün iştirakçı ölkələrin təmsilçilərini izləyirəm, lakin hamısını tanımıram. Aysel Teymurzadəni öncədən tanımırdım, amma artıq izləyirəm.
- Ən güclü rəqib olaraq kimi görürsünüz?
- Məncə, hər ölkənin mahnısı çox fərqlidir, bu səbəblə rəqiblərlə bağlı danışmaq istəməzdim. Mənim üçün önəmli olan öz çıxışımın istədiyim kimi alınmasıdır.
- “Eurovision” üçün seçdiyiniz “Düm tək-tək” mahnısının oğurluq olduğuna dair iddialar səslənir. Bu, doğrudurmu? Necə oldu ki, bu mahnını seçdiniz? Mahnının sözləri və musiqisi kimə məxsusdur?
- Bu iddialar doğru deyil, “Düm tək-tək” orijinal mahnıdır. Seçim əslində çox asan oldu. Mahnını ilk dəfə Sinan Akçilin studiyasında eşidərkən içimdən bir səs TRT tərəfindən məhz bu mahnının seçiləcəyini söylədi. Sözləri mənə, Sinan Akçilə və Stefan Fernandeyə, musiqisi isə Sinan Akçilə məxsusdur. Biz “Eurovision” üçün 3 mahnı hazırlamışdıq və TRT ilə birlikdə seçim etdik. “Eurovision” üçün ən uyğun mahnını seçdik və bu da “Düm tək-tək” oldu.
- Azərbaycan mahnıları və musiqiləri haqqında bilginiz varmı?
- Azərbaycan mahnılarını bilirəm və sevərək dinləyirəm. Mahnılarınız çox xoşuma gəlir. Xüsusən də güclü vokalçılar və onların ifaları.
- Moskva səhnəsində necə bir Hadisə izləyəcəyik? Geyim və rəqs şousu ilə bağlı qəti qərarınızı vermisinizmi?
- Səhnədə çox enerjili bir Hadisənin olmasını istəyirəm. Çünki mahnımız çox pozitiv və dinamikdir. Mahnımızı duyunca insanlar dərhal ayağa qalxıb rəqs etmək istəyirlər. Mən də səhnədə bu cür davranmaq niyyətindəyəm. Rəqs və geyimlə bağlı isə çox danışmaq istəməzdim. Bu, mənim sirrim olaraq qalsın... (Gülür – red.) Hər kəsə sevgilər və sayğılar!


