Abunə:
Email:
BAŞ SƏHİFƏ | MÜSAHİBƏ | “Tarixə aid yeni çoxcildlik nəşr ərsəyə gəlməlidir”

“Tarixə aid yeni çoxcildlik nəşr ərsəyə gəlməlidir”

Şrift ölçüsü: Decrease font Enlarge font

AMEA Tarix İnstitutunun direktor müavini, professor Cəbi Bəhramov: “Belə halda, bütün tarixi problemlər daha genişliyi və təfərrüatı ilə öz əksini tapa bilər”

Ötən sayımızda vacib tarixi məsələlər və məqamlar, bunlarla bağlı tarix elmində aparılan tədqiqatlar barədə AMEA Tarix İnstitutunun direktor müavini, professor Cəbi Bəhramovla müsahibəmiz dərc edilmişdi. Layihə çərçivəsində Cəbi müəllimlə növbəti müsahibəmiz isə siyasi-ideoloji məqamlar, ermənilərin bizimlə apardığı informasiya savaşına qarşı son zamanlarda tarixçilərimizin nə işlər gördüyü barədə oldu.

Cəbi müəllim söhbətə belə başladı:

- Tarix İnstitutu öz fəaliyyətini müxtəlif istiqamətlərdə davam etdirir. Belə ki, biz həm də ideoloji cəbhənin əsgərləri olaraq xalqımızın, millətimizin və dövlətimizin daha da qüdrətlənməsi və çiçəklənməsi üçün əlimizdən gələn bütün işləri tam təkmil şəkildə həyata keçirməyə çalışırıq.

Mən inanıram ki, düşmənləri hazırkı dövrdə daha çox qorxuya salan güclənməkdə olan böyük güclü Azərbaycan, ümumiyyətlə yaranmaqda olan bütöv, qüdrətli Azərbaycan qorxusudur. Azərbaycan dövlətinin başçısı isə çox uğurla bu quruculuq siyasətini həyata keçirir. Əlbəttə, ermənilərə nəfəs verilməsi, onlara qapıların açılması hazırkı zamanda Azərbaycanın dövləti və milli maraqlarına uyğun deyildir. Çox təəssüf ki, Türkiyənin indiki rəhbərləri bunu lazım olduğu kimi anlamırlar. Amma bu məsələ onların da dövləti və milli maraqlarına uyğun deyil. Bunu bu və ya digər formada özləri də başa düşməmiş deyillər. Bu baxımdan belə ifadə etmək caiz olardı ki, dünya və beynəlxalq münasibətlər tarixində bu qədər eybəcər vəziyyət yaranmayıb. Problemə belə ədalətsiz və qərəzli yanaşma forması siyasi münasibətlər tarixində nadir rast gəlinən hallardandır. Çünki təcavüzkar göz qabağındadır. Ərazisi işğal olunan ölkənin də kim, hara olduğu məlumdur. Bu, bir milyondan artıq qaçqını və məcburi köçkünü olan Azərbaycandır. 200 mindən çox şikəst, 30 mindən artıq şəhidi olan, 945-dən çox şəhər, kənd və qəsəbəsi dağıdılan ölkənin, torpaqları tapdaq altında olan millətin səsinə qulaq asmaq istəmirlər. Azərbaycana qarşı neçə illər ərzində bu qədər amansız təcavüz və zülm edilib, amma beynəlxalq hüquq və bu hüququ yaradan dövlətlər, beynəlxalq təşkilatlar və bir sıra qərəzli güclər susurlar. Konkret olaraq bildirmək istəyirəm ki, ABŞ, Rusiya, Fransa və BMT-nin Təhlükəsizlik Şurası bu məsələdə Azərbaycanın haqlarını, Ermənistanın təcavüzünü görmək istəmir. Ən dəhşətlisi də elə budur. Bu baxımdan qeyd etmək istəyirəm ki, bunların qərəzli mövqeyini ifşa etmək üçün də Tarix İnstitutu məqsədli və intensiv şəkildə iş aparır. Bununla bağlı əlimizdən gələni edirik. Bu mövzuda yazılan namizədlik dissertasiyalarında, doktorluq mövzularında bu məqam  - yəni ölkəmizə qarşı məqsədli şəkildə qərəzli mövqe tutulması müxtəlif mövqelərdən təhlil, şərh edilir. Əsas məqsədimiz ondan ibarətdir ki, bu barədə ictimaiyyətimiz, həmçinin beynəlxalq ictimaiyyət mahiyyət baxımından xəbərdar olsunlar. Bu məsələlərlə bağlı biz bütün maneələri dəf etməyə hazırıq və biz bunu edirik.

- Bu kimi məsələlərlə bağlı Tarix İnstitutunun nəşr etdirdiyi 7 cildlik “Azərbaycan tarixi” buna qədər yazılmış tarix ədəbiyyatlarımızdan keyfiyyət və yeni tarixi faktlar baxımından nə ilə fərqlənir?

- İlk növbədə qeyd etməliyəm ki, bu kitabın ümumiyyətlə üstün cəhətləri çoxdur. Birinci olaraq keyfiyyətinə görə bu kitab əvvəlkilərdən xeyli üstündür. Burada bir çox vacib tarixi məsələlərə və problemlərə yenidən baxılıb. Məsələn, bu kitabda qədim dövrlər, istərsə də orta əsrlərə və digər tarixi dövrlərə aid məsələlərə tamamilə yenidən baxılıb.

Amma tarixi məsələlər belədir ki, onlar daim tədqiqat, araşdırma tələb edir. Çünki müxtəlif arxivlərdən gözləmədiyin hallarda yeni sənədlər, faktlar ortaya çıxa bilər. Ona görə də bu barədə daim axtarışlar olmalıdır. Qeyd etdiyim 7 cildlikdən əlavə, yenidən ən azı 15-20, bəlkə də 25 cildlik kimi çoxcildliklərin yazılmasına, hesab edirəm ki, ehtiyac yaranıb. Bunu bir əsas kimi götürərək əvvəlkində buraxılan çatışmazlıqları aradan qaldırmaq şərtilə belə yeni çoxcildlikləri işləmək lazımdır. Onu da bildirim ki, 20-25 cildlik tarix kitablarının nəşr olunması ideyası var. Burada itirilmiş torpaqlar məsələsi, ölkəmizin tarixi ərazilərinə aid xəritələrin və sair məqamların yenidən işlənməsi, daha dəqiq və təkmil hazırlanması məsələsi və sair məqamlar gündəmdədir. Onu da nəzərə almaq lazımdır ki, hazırkı ortada olan çoxcildlik ümumiləşdirici bir əsərdir. Bu baxımdan burada bir çox məsələlər müəyyən qədər yığcam, icmal şəklində verilir. Amma biz tariximizi daha çox cildlərdə nəşr etdirə bilsək, məncə, belə halda, bütün tarixi problemlər genişliyi ilə öz əksini tapa bilər. Bunu nəzərə alaraq belə bir ideyamız var ki, yeni, daha çoxcildli nəşr ərsəyə gəlməlidir.

- Qədim tarixi məqamlar, konkret olaraq ermənilərin Azərbaycanın qədim tarixinə iddia etməsi, öz adlarına çıxması ilə bağlı hansı tədqiqatlar aparılır?

- Əslində belə tədqiqatlara elə bir ehtiyac da yoxdur.

Bu sahədə aparılan tədqiqatlar və nəşr olunan kitablar kifayət qədərdir və həqiqət də artıq çoxdan ortaya qoyulub, ictimaiyyətə və dünya alimlərinə bəlli olub. Ermənilər bu Qafqaz ərazilərinə dünənlərdə gəliblər və bu, çoxdan sübut olunub, bununla bağlı əlavə fikirlərimə ehtiyac da yoxdur. Məsələ burasındadır ki, ermənilərin bu barədə də bütün saxtakarlıqlarını onları himayə edənlərin özləri də çox gözəl bilirlər. İstər rus, istər amerikan, istərsə də avropalı alimlər ermənilərin Qafqaza gəlmə olduqlarını, son tarixi dövrlərdə kütləvi şəkildə buraya köçürüldüklərini və başqalarının əraziləri hesabına dövlət ortaya çıxardıqlarını ermənilərin özlərindən də yaxşı bilirlər.

- Bu barədə son zamanlarda hansı səviyyədə və nə kimi etiraflar var? Yaxud ümumiyyətlə etiraflar varmı?

- Əlbəttə ki, var. Bunu Dyakonov, Piotrovski və digər rus müəlliflərinin əsərlərində, o cümlədən erməni mənşəli amerikan alimi Nina Qarsoyanın əsərlərində çox açıq şəkildə görmək olar. Bunu onlara xatırlatmağa heç ehtiyac da yoxdur, bu hazırkı tarixdə danışıq mövzusu kimi dartışılmır. Digər tərəfdən, rus məmurlarının 19-cu əsrin birinci, ikinci yarısında, 20-ci əsrin əvvəllərində hazırladığı sənədlər bu faktı təsdiq edir ki, ermənilər bura köçürülmədir, gəlmədir. Həmçinin İqrar Əliyevin, Ziya Bünyadovun, yaxud Nailə Vəlixanlının və digərlərinin əsərlərində, tədqiqatlarında birmənalı şəkildə sübut olunub ki, ermənilərin Cənubi Qfqaza heç bir aidiyyətləri yoxdur. Sadəcə, bu yalançı, saxta erməni “tarixinin” əsas məqsədi işğala haqq qazandırmaqdır.

- Bu sahədə beynəlxalq əməkdaşlıq və dünya tarixçilərini, elm adamlarını məlumatlandırma barədə nə demək olar?

- Bu sahədə sıx beynəlxalq əməkdaşlığımız var. Bunu alimlərimizin yazdıqları son əsərlər də təsdiq edir. Bu əsərlərdən biri son dövrlərdə nəşr etdiyimiz “Kürəkçay- 200” adlı kitab, ermənilərin Azərbaycan torpaqlarında törətdikləri haqqında digər bir nəşrdirsə, ən sonuncusu isə “İrəvan xanlığının tarixi”dir. Sonuncu kitabda yazılı sənədlərdən, rus mənbələrindən, eləcə də ermənilərin öz yazdıqlarından sübutlar da gətirilməklə, onların burada gəlmə bir kütlə olduğu üzə çıxarılır.

- Bəs institutun əməkdaşları, tarixçi alimlər Qərb, Avropa mətbuatında əcnəbi dilərdə bu mövzuda yazılmış məqalələrlə çıxış edə bilirlərmi? Bu baxımdan imkanlarınızı necə xarakterizə edərdiniz?

- Bu barədə digər müsahibələrimdə də bildirmişəm ki, AMEA Tarix İnstitutundakı kadrlar bu işi görür, funksiyalarını yerinə yetirir. Amma təəssüf ki, Avropa mətbuatına çıxmaq üçün həm maliyyə vəsaiti, həm də böyük səylər tələb olunur. Bu məsələ siyasi yönümlü olduğuna görə bizim Xarici İşlər Nazirliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin xətti və digər qurumlar tərəfindən müəyyən dəstəyə ehtiyac var. Dəstək daha da gücləndirilməlidir. Qeyd edim ki, humanitar sahədə çalışan alimlər elmi dərəcə almaq üçün attestasiya komissiyasının qərarı ilə xaricdə üç məqalə çap etməlidir. Doktorluq üçün isə 6-ya qədər məqalə xaricdə çap edilməlidir. Amma qeyd edim ki, məsələn, Rusiyada və MDB məkanında bu səpkidə verilmiş məqalələri çap etmirlər, siyasi məsələ olduğunu əsas gətirib geri qaytarırlar. Bayaq qeyd etdim ki, ermənilərə bu məsələdə himayədarlıq edənlər var. Elə Avropada da məsələyə belə münasibət bəsləyirlər. Bütövlükdə götürəndə bizim bu məsələyə münasibətimiz də qənaətbəxş deyil. Belə ki, beynəlxalq ictimai rəyi dəyişmək üçün də biz mütəmadi olaraq iş aparmalıyıq. Amma biz cəmiyyət olaraq daha çox müəyyən bir tarixi hadisəyə daha çox ildönümünü keçirmək baxımından diqqət ayırırıq, ildönümü qeyd olunandan sonra isə həmin hadisələr yada düşmür, onlarla bağlı iş aparılmır. Bu isə ona aparıb çıxarır ki, ermənilərlə ideoloji-informativ mübarizə effektli olmur. Ermənilərin isə bu baxımdan daha bir üstünlüyü ondadır ki, müəyyən iri dövlətlər öz siyasi məqsədlərini reallaşdırmaq üçün onlardan yararlanır, onların diasporunu stimullaşdırır. Onlar üçün bu məsələdə supergüclərin qapıları açıqdır. Bu baxımdan Azərbaycan bütün səylərini birləşdirməlidir. Təsadüfi deyil ki, dövlət başçımız öz çıxışlarında vurğulayır ki, bu məsələdə ermənilərə qarşı total hücuma keçməliyik.

- Necə bilirsiniz, Azərbaycanın elm adamlarının, tarixçilərinin diaspor nümayəndələri və qurumları ilə bu məsələdə koordinasiyası, mütəşəkkil və mütəmadi əlaqələrini qurmaq vaxtı deyilmi?

- Əlbəttə, bu məsələdə koordinasiya mütləq lazımdır. Bu məsələnin təbliğatını və təşviqatını təşkil etmək üçün yalnız və yalnız tarixçi alim və mütəxəssislərdən istifadə etmək lazımdır. Bu, sırf elmi və siyasi məsələdir. Bu məsələdə doğruluğumuzu sübut etmək üçün rus, ingilis, alman və sair dilləri bilən tarixçi alimlərin mütəmadi olaraq ezam edilməsi, onların maliyyə cəhətdən təmin edilməsi gərəkdir. Onların bilavasitə məsləhəti ilə sənədli filmlər çəkmək lazımdır. Bütün bu kimi məsələlərdə tarixçi alimlərdən istifadə edilməlidir.

- Bununla bağlı institutunuz tərəfindən hər hansı qurumlara təkliflər edilibmi?

- Bu məsələ ilə bağlı institutun direktoru, mən özüm və digər tarixçilər telekanallarda da çıxış edəndə dəfələrlə təkliflərimizi vermişik. Eləcə də ayrı-ayrı qurumlara da bu təkliflər verilib. Ancaq bu məsələ ilə bağlı cəmiyyətdə böyük pərakəndəlik var. Məsələn, tarixçi alimin, peşəkarın fikirlərini kənara qoyurlar, Qərb ölkələrində, Avropada bir tədbir keçiriləndə isə ora alim getmir. Belə tədbirlərə jurnalist, parlamentin üzvü olan, amma ixtisasca tarixçi olmayanı və sair zümrə və ixtisas sahiblərini göndərirlər. Belə halda isə onlar problemin mahiyyətini tədbirlərdə izah edə bilmirlər və ermənilərin qarşısında çaşıb qalırlar. Çünki ermənilər belə tədbirlərə həmişə çox yüksək səviyyədə hazırlaşmış, tarixi peşəkarca saxtalaşdırmaq qabiliyyətinə malik olan adamlarını göndərirlər.

Bir məsələ də telekanallarımızla bağlıdır. Məlum olduğu kimi, telekanalların əksəriyyəti mənasız, yersiz, hətta deyərdim ki, mahiyyəti olmayan verilişlərlə insanı bezdirib. Bu telekanallarda haqqında danışdığımız məsələ ilə bağlı verilişlərdən isə əsər-əlamət yoxdur. Halbuki telekanallarımız çoxdan bu məsələ ilə bağlı ideoloji maarifləndirmə və vətəndaşları məlumatlandırma kampaniyasını aparmalı idilər.

İlkin AĞAYEV

Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az