Abunə:
Email:
BAŞ SƏHİFƏ | MÜSAHİBƏ | “Torpağın işğala məruz qalaraq 17 il danışıq aparmaq Ermənistan üçün ən böyük güzəştdir”

“Torpağın işğala məruz qalaraq 17 il danışıq aparmaq Ermənistan üçün ən böyük güzəştdir”

Şrift ölçüsü: Decrease font Enlarge font
Dünya Azərbaycanlıları Konqresi (DAK) Gənclər Təşkilatının sədri Seymur Həsənli belə hesab edir. Dünya Azərbaycanlıları Konqresi (DAK) Gənclər Təşkilatının sədri Seymur Həsənli belə hesab edir.

DAK-a yeni nəfəs gətirən bu gənc müsahibəsində son dövrlər Azərbaycan ictimai-siyasi sferasında baş verən prosesləri qiymətləndirdi.

-Sizcə, Qarabağ problemi ilə bağlı proseslər onun həllini yaxınlaşdırırmı?

-Dünya birliyi də, dostlarımız da, düşmənlərimiz də bu prosesin çox da uzanmayacağını anlayırlar. 17 ildir ki, danışıqlar davam edir. Həmin bu müddət ərzində Azərbaycan Ermənistana bütün kompramisləri etdi. Torpağın işğala məruz qalaraq 17 il danışıq aparmaq Ermənistan üçün ən böyük güzəştdir. Təəssüf ki, biz Ermənistan tərəfindən müsbət addımların şahidi olmadıq. Çünki bu dövlət və onun siyasi rəhbərliyi işğalçıdır. Ondan gərək hər şeyi zor yolu ilə alasan. Bu zaman kəsiyində Azərbaycan sürətlə inkişaf etdi. Həm də vətənimizin geosiyasi vəziyyəti böyük dövlətlərin də marağında olduğundan zamanın dövlətimizin xeyrinə işlədiyinin şahidi oluruq. Azərbaycanın da məqsədi sülh şəraitində Qarabağın geri qaytarılmasıdır. Dövlətimizin israrlı mövqeyi ABŞ, Rusiya və Avropa ölkələrinin də bu məsələdə daha aktiv iş görmələrini sürətləndirməkdədir.

-Türkiyə baş naziri Ərdoğanın ABŞ-a son səfərində Qarabağla bağlı açıqlamalarını necə dəyərləndirirsiniz?

-Türkiyə iqtidarı Ermənistanla sərhəd açılımı məsələsini gündəmə gətirməklə yalnışlıqlara yol verdi. Sonradan Azərbaycan iqtidarının prinsipial mövqeyi və Türk ictimaiyyətindən Ərdoğana sərt etirazlar gəldiyindən onun mövqeyi nisbətən dəyişdi. Yəni, protokollar imzalandı, amma parlamentdən keçməsi üçün Qarabağ probleminin həllinin lazımlı olması önə çəkildi. Bu baxımdan onun məsələdə diqqətcilliyini normal qiymətləndirmək lazımdır. Əslində bugünkü mövqe ən doğru yanaşmadır. 

-Dövlət başçımızın son - “Mən Azərbaycan xalqına arxalanaraq mübarizə aparmağa hazıram” məzmunlu açıqlamasını necə dəyərləndirirsiniz?

-Mən prezidentin bu açıqlamasını çox yüksək qiymətləndirirəm. Bu və xüsusilə Münhen görüşməsi öncəsi verilən açıqlamalar rəsmi şəkildə bəlkə də ən sərt bəyanat idi. Hətta, Ermənistan rəhbərliyini də ciddi şəkildə narahat etməyə başladı. Bunun ardınca Azərbaycanın digər dövlət rəsmiləri də bu tipli açıqlamaları ilə yadda qaldı. Biz bir daha əmin olduq ki, beynəlxalq təzyiqlərə baxmayaraq Azərbaycan siyasi iqtidarı inamlı addımlar atmaq niyyətindədir. Prezident özü də bu danışıqları aparmaqdan bezib onsuz. Nə qədər görüşərlər, nə qədər danışarlar?! Səslənən son bəyanatlar həm də xarici güclərə bir mesaj idi. Azərbaycan iqtidarı xalqının maraqlarını heç bir xarici dövlətin maraqlarına qurban vermək niyyətində deyildir. Biz də gənclik olaraq belə məsələlərdə daim prezidentimizi dəstəkləyəcəyik.

-Son Münhen görüşməsini necə dəyərləndirərdiniz?

-Razılaşmadan qabaq  prezident bildirmişdi ki, Azərbaycan özünün əsas prinsipləri üzərində dayanır. Ermənistan tərəfi isə köhnə məsələləri gündəliyə gətirməklə əslində qeyri-konstruktivlik nümayiş etdirir. Amma buna baxmayaraq, görüşdən  sonra  ATƏT rəsmiləri də bəzi məsələlərdə müəyyən irəliləyişlər olduğunu açıqladılar. Bu açıqlamalar isə digər görüşlərdən sonra olan açıqlamalardan mahiyyətcə heç də fərqlənmirdi. Eyni məzmun idi. Ermənistan, hətta, razılaşdırılmış məqamları belə yenidən gündəmə gətirməklə danışıqların formal xarakter daşımasına səbəb olur. Bunu da ölkə rəhbərliyi çox gözəl anlayır. Ona görə sülh deyib müharibəyə hazırlaşır. Normalda da belə olmalıdır. İşğala məruz qalan nə etməlidir ki?

-DAK Gənclər təşkilatı   Qarabağ münaqişəsinin gələcəyini necə qiymətləndirir?

-Bizim təşkilat cənab prezidentin yürütdüyü siyasəti dəstəkləyir. Son proseslər hələ ki, bizi qane etməkdədir. Amma bununla yanaşı biz durmadan Qarabağ  ixtilafının  beynəlxalq müstəvidə ardıcıl və şəffaf müzakirəsinə nail olmalıyıq. Danışıqlar apara-apara döyüşə hazırlaşmalıyıq. Xalqda psixoloji ruh ən yüksək səviyyədə təşkil olunmalıdır. Azərbaycan mediası da hərbi-vətənpərvərlik məsələlərinə xüsusi diqqət verməli və gənclərin şüurunu milli yönümdə inkişaf etdirməlidir. Silah atıcılıq mərkəzləri yaradılmalı və genişlənməlidir. Bütün təşkilatların əsas məsələsi məhz bu problemin həlli olmalıdır.

SƏBUHİ
Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az