“İndi sadə alıcının balın təmizliyini bilməsi qeyri-mümkündür”
İslam Fətullayev: “Azərbaycan balının keyfiyyəti dünya standartlarına tam cavab verir”
İsmayıllı rayonunda damazlıq arıçılıq təsərrüfatlarının yaradılmasına xüsusi diqqət göstərilir. Bunun nəticəsidir ki, son 5 ildə rayon üzrə 1500 arı ailəsi artıb. Rayonun Tircan kəndindəki bir özəl damazlıq təsərrüfatı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunub. Həmin təsərrüfatın rəhbəri İslam Fətullayev eyni zamanda 2009-cu ilin 5 martında yaradılmış İsmayıllı Arıçılar Birliyinin sədridir. Qeyd edək ki, İ.Fətullayev gözünü açandan arıçı ailəsində böyüyüb. Onun babası məşhur arıçı olub. Atası da babasının yolunu davam etdirib. İ.Fətullayev əvvəllər başqa sahədə çalışsa da, sonradan yenə də baba sənətinə qayıdıb. İlk olaraq arıçılıqla bağlı elmi ədəbiyyatlardan bəhrələnib, müasir yenilikləri öyrənib. Sonra Türkiyədə arıçılıq seminarında iştirak edib.
- “Arıçılıq haqqında” qanunun qəbul olunması sizin işinizin asanlaşmasına nə dərəcədə təsir etdi?
- Əvvələr başqa yerlərdən bura arı gətirirdilər. Amma onun heç bir baytarlıq sanitariya sənədi olmurdu. Biz onlara heç nə deyə bilmirdik. Yaxud kimsə başqa ölkədən arı gətirib bizim milli genefondu korlayırdı. İndi bunlar olmasın deyə bu qanun sənəd kimi əlimizdə durur.
Ümumiyyətlə, ölkəmizdə arıçılığın təşkilinin və idarə edilməsinin hüquqi və iqtisadi əsaslarını müəyyən edən bu qanunda arıçılığın obyekti, subyektləri, mühafizəsi, inkişafı, maliyyə təminatı mənbələri haqqında anlayışlar öz əksini tapıb. Qanun layihəsi arıçılıqda damazlıq işinin yaxşılaşdırılmasını, yerli arı cinslərinin qorunması və təkmilləşdirilməsini, mənşəyi bəlli, sabit irsi əlamətlərə malik yüksək məhsuldarlığı olan bal arıları cinslərinin yetişdirilməsini nəzərdə tutur. Bu qanun qəbul edildikdən sonra ölkədə arıçılıq sahəsinin marketinqi üçün addımlar atılmağa başlanıb. Bu gün Azərbaycanda arıçıların öz məhsullarını satması üçün heç bir məhdudiyyət qoyulmayıb və bu sahənin sahibkarları üçün bəzi imtiyazlar verilib. Təqdirə layiq haldır ki, Azərbaycanda bu qanun qəbul olunub. Məsələn, Rusiya kimi nəhəng ölkədə arıçılq haqqında qanun keçməyib.
Qanunda var ki, saxta bal satanlar məsuliyyətə cəlb olunmalıdır. Amma o məsuliyyətin nədən ibarət olduğu bildirilmir. Məsələn ,Türkiyədə analoji hal olanda balı müsadirə edib aparıb dənizə tökürlər və ya ağır cərimə kəsirlər.
- Sadə alıcılar aldanmamaq üçün balın təmizliyini necə öyrənə bilərlər?
- İndi saxtakarlar elə “püxtələşib” ki, hamını aldada bilirlər. Qabaqlar saxta balı aparıb laboratoriyada yoxlayanda arının ifraz etdiyi fermetdəki göstərici sıfır olurdu. Bununla da bilinirdi ki, bu, təmiz bal deyil. Saxtakarlar bu gün onu istədiyi formaya qaldırırlar. İndi sadə alıcının balın təmizliyini bilməsi qeyri-mümkündür. Ancaq inandığı arıçılardan bal alsınlar. Bu gün Rusiyadan, Misirdən, İrandan, Çindən ən aşağı səviyyəli bizə bal gəlir. Heç indi mütəxəssis olaraq mən də baxanda balın təmizliyini müəyyən edə bilmirəm. Bu gün Azərbaycanda balın təmizliyin yalnız laboratoriya yolu ilə bilmək mümkündür.
- Əsasən hansı çiçəklərdən təmiz bal alınır?
- Azərbaycanda arıçılıq üçün hər cürə şərait var. İstər aranda, istər dağlıq yerlərdə yüksək bal istehsal etmək üçün şərait var. Bitki örtüyü Azərbaycanda zəngindir. Təkcə İsmayıllıda haradasa 60-dan çox yüksək keyfiyyətli bal verən bitki var. Bunlardan cökə, akasiya, ağcaqayın ağaclarının, yonca otunun və s. adını çəkmək olar. Sənaye şəhərində arı saxlamaq olmaz. Tutaq ki, hansısa zavodun yanında arı saxla. Arı istər-istəməz oradan nəsə gətirəcək. Ona görə arıxana həm yaşayış məntəqələrindən, həm də avtomobil yolundan uzaq olmalıdır. Arılar daha çox vəhşi təbiətə yaxın olmalıdırlar.
- Başqa ölkələrdən sizdən gəlib arı alırlar?
- Başqa ölkəyə ixracımız yoxdur. Əvvələr ərəblər gəlib alırdılar. Onlar minimal 50 tondan aşağı istəmirlər. Bizdə isə illik 500-600 kq olur. Mən ancaq rayon və ölkə daxilində bal və ana arı satıram. Bu il 150-200 ana arı yetişdirmişəm. Elə imkan yoxdur ki, bunun sayını artıram. Bunun üçün işçi qüvvəsi tapmaq, onları maliyyələşdirmək lazımdır. Gələcək də çalışacağam ki, kredit vasitəsilə bu təsərrüfatı genişləndirəm. İndi biz çalışırıq ki, İsmayıllıda arıçılıq məhsullarının qablaşdırılması sexi yaradaq. Qab məsələsi bizdə problemdir. Azərbaycanda yaxşı qablar yoxdur. Həmçinin rayonumuzda arıçılıq dükanı təşkil etmək istəyirik. Pillə-pillə yuxarı qalxmaq istəyirik.
-Azərbaycan arıçılq baxımından hansı ölkələrlə ayaqlaşa bilər?
- Dünyada arıçılıq üzrə Çin birinci yer tutur. Amma Çin Avropaya bal sata bilmir. Avropaya ən çox bal satan ölkə Türkiyədir. Orada arıçılara elə kurslar keçirlər ki, istədiyin arıçılıq məhsulları haqqında yerində məlumat verə bilirlər.
Azərbaycan hələ bal ixrac etmir. Azərbaycanda illik orta məhsuldarlıq 7-8 kiloqramdır. Türkiyədə isə 14 kiloqramdır. Azərbaycan balının keyfiyyəti dünya standartlarına tam cavab verir. Mən Türkiyəyə bal aparmışdım, oradan dedilər ki, bu baldan gəlib almaq olarmı? Arıçıları yerində məlumatlandırmaq lazımdır ki, qadağan olunmuş dərmanlardan istifadə etməsinlər. Arılara müxtəlif antibiotiklər verirlər, halbuki balda qalıq saxladığından o da qida vasitəsi ilə insanlara keçir.
- Bir arıçı kimi balın müalicəvi əhəmiyyəti barədə nə deyə bilərsiniz?
- Mütəmadi baldan istifadə edən adamların orqanizminin müxtəlif xəstəliklərə qarşı müqaviməti artır. Balın müxtəlifliyindən asılı olaraq tərkibi çox mürəkkəbdir. Demək olar ki, bütün növ ballar müəyyən dövrdən sonra kristallaşır. Bu , təbii prosesdir və nə balın keyfiyyətini, nə də müalicə-pəhriz xüsusiyyətlərini korlamır. Balın ətri, dadı, rəngi, görünüşü və kristallaşması balın alınmış olduğu bitkilərə görə fərqlənir. Bal yeganə qida məhsuludur ki, orqanizm tərəfindən tam mənimsənilir və orqanizmin şlaqlardan təmizlənməsinə kömək edir. Ballı şanı çeynəmək isə daha xeyirlidir. Arılar balla dolu gözlükləri xüsusi qapaqcıqlarla örtürlər. Bu qapaqcıqlar bioloji aktiv xüsusiyyətlərə malikdir və tərkibində çoxlu miqdarda antibotiklər, eyni zamanda konservləşdirici maddələr var. Ağız boşluğu xəstəlikləri, frangitlər, boğazdakı limfa vəzilərinin və yuxarı tənəffüs yollarının soyuqdəyməsi zamanı müvəffəqiyyətlə istifadə olunur.
- Mümkünsə arıların iş prinsipi haqda danışardınız.
- Arılar daxildə üç qrupa bölünürlər. Yumurtadan çıxan arılar təxminən 15 günə qədər içəridə işləyirlər. Yuvanın qorunması, təmizlənməsi işinə baxırlar. Həmin müddətdə ana arı ora nə yumurta, nə də bal qoymur. Ondan sonra ikinci qrup-kəşfiyyatçı arılar müxtəlif istiqamətlərə uçub gedib tarladan iy gətrirlər. Bu da ona görədir ki, əgər arıların hamısı eyni vaxtda uçsa yarısı balnan gələr, yaırsı balsız. Onda arılar il boyu heç öz yemlərini yığa bilməzlər. Kəşfiyyatçı arılar gəlib səkkizvari formada quyruqlarının rəqsi ilə başa salırlar ki, filan yerdə gəlir var. Sonra üçüncü qrup- işçi arılar həmin istiqamətdən uçaraq məhsul gətirib içəridəki arılara verirlər. Gətirdikləri məhsulun 85 faizi su olur. Onun 20 faizə qədər suyunu buxarlandırırlar. Gətirdyi nektarı arılar üst çənələrindən ifraz edir ora. Balda parçalanma gedir. Saxaroza qlukozayanan fruktozaya çevrilir. Bundan sonra bal forması alır. Balı bal edən arının ağızındakı nektardır.
Fuad HÜSEYNZADƏ
Xəbər lenti


