“Qarşıdan gələn parlament seçkilərində də imkan daxilində gənclərin namizəd olaraq irəli sürülməsini təşkil edəcəyik”
Əli Əhmədov müxalifətin bir hissəsinin xarici kəşfiyyata işləməsi barədə İsa Qəmbərin fikirlərinə çox diqqətlə yanaşmaq lazım gəldiyini deyir
- YAP bu il Azərbaycanda keçiriləcək parlament seçkilərinə hazırlığa start veribmi?
- Bu yaxınlarda Azərbaycanda keçirilmiş bələdiyyə seçkilərinin nəticələri elan olundu və YAP bu seçkilərdə qalib gəldi. Bu seçkilər YAP-ın mövqeyini növbəti dəfə ortaya qoydu, ictimai nüfuzunu bir daha təsdiqlədi. Xüsusilə bu seçkilər prezident İlham Əliyevin yürütdüyü siyasətin vətəndaşlar tərəfindən dəstəkləndiyini təsdiq etdi. 2010-cu il isə Azərbaycanın siyasi həyatında parlament seçkiləri ilə əlamətdar olacaq. Seçkilər noyabrda keçiriləcək və YAP bu seçkilərdə fəal iştirak edəcək. Baxmayaraq ki, seçkilərə təxminən 10 ay var, YAP özünün illərlə formalaşmış ənənəsinə uyğun olaraq, yaxın zamanlarda partiya daxilində bu seçkilərə hazırlığa start verəcək.
- YAP-ın namizədlər siyahısı 2005-ci il parlament seçkilərindəki siyahıdan nə qədər fərqlənəcək?
- Prinsip etibarı ilə 2005-ci ildə keçirilən seçkilər nəticəsində formalaşan parlamentin YAP deputat korpusu səmərəli fəaliyyət göstərib. Biz deputatlarımızın fəaliyyətindən razıyıq. Bizim qarşımızda dayanan əsas vəzifələrdən biri ayrı-ayrı dairələrdə daha şanslı namizədlərin müəyyənləşdirilməsidir. 2005-ci ildə bu taktika ilə hərəkət etmişdik, indi də həmin taktikaya sadiq qalacağıq. Seçkidə qalib gəlməyin vacib şərtlərindən biri də seçicilərin rəğbətini qazana biləcək şanslı namizədləri müəyyənləşdirməkdir. 2010-cu ilin seçki şərtləri daxilində biz namizədlərimizi müəyyənləşdirəcəyik. Əgər bu parametrlərə uyğun gələn insanlar indi bizim parlament komandamızda varsa, məmnuniyyətlə onları namizədlər siyahısına salacağıq, lakin şərait hər hansı dəyişikliyin həyata keçirilməsini tələb edərsə, biz bunu mütləq nəzərə alacağıq.
- Siz bu tələbləri necə müəyyənləşdirəcəksiniz?
- Bunu müəyyənləşdirməyin yollarından biri sorğuların keçirilməsidir. Digər tərəfdən, YAP-ın Azərbaycanın bütün bölgələrində yerli təşkilatları var. Onların bizə verdiyi bilgilər seçicilərin rəyinin müəyyən olunmasında əhəmiyyətli dərəcədə rol oynayır. Bunların hamısı müəyyən edildikdən sonra partiya özünün düzgün bildiyi qərarı qəbul edir. Bu qərarın nə qədər düzgün olmasını isə seçkilərin nəticələri göstərir.
- Ötən parlament seçkilərində YAP-ın siyahısı ilə seçilmiş millət vəkillərindən özünü doğrultmayanlar varmı?
- Biz prinsip etibarı ilə deputat qrupumuzun fəaliyyətindən razıyıq. Amma bizim yanaşmamızla bərabər seçicilərin rəyindən ibarət bir reallıq da var və biz bunu nəzərə almalıyıq. İndiki halda bu iki komponenti nəzərə almadan fikir söyləmək düzgün deyil.
- Belə fikirlər var ki, bu seçkilərdə YAP yaşlı deputatların namizədliyini irəli sürməyəcək. Hətta müəyyən adlar da çəkilir. Bu məlumatlar nə dərəcədə həqiqətə uyğundur?
- YAP-ın taktikasında gənclərə üstünlük verilməsi özünü aydın göstərir. Bu, YAP-ın icad etdiyi yenilik deyil, həyatın sərt reallığıdır. Biz bunu nəzərə almasaq belə, həyat özü bunu mütləq nəzərə alır. Biz bələdiyyə seçkilərində gənclərin bələdiyyələrə irəli sürülməsi təşəbbüsünü irəli sürdük və bu gün bələdiyyələrdə gənclər 28-30 faiz təmsil olunurlar. Qarşıdan gələn parlament seçkilərində də imkan daxilində gənclərin namizəd olaraq irəli sürülməsini təşkil edəcəyik. Bundan əvvəlki seçkilərdə də belə addımlar atılıb. Amma heç bir halda bunu yaşlı nəslin sıxışdırılması, yaxud YAP-ın yaşlı nəslin nümayəndələrindən üz döndərməsi kimi qəbul etmək olmaz. YAP belə bir yanaşmanı heç bir halda qəbul etmir.
- Müxalifət partiyaları artıq parlament seçkilərinə hazırlığa start verib. Bunu necə qiymətləndirirsiniz?
- Demokratik cəmiyyətdə partiyaların seçkilərdə iştirakı çox vacibdir. Hansısa partiya seçkilərdə iştirakdan ciddi səbəblər olmadan imtina edirsə, bu, həmin partiyanın fəaliyyətinin tamamilə məntiqsizliyindən və mənasızlığından xəbər verir. Seçkilərdə iştirak etməyən partiyanın ölkəni siyasi həyatında mövcudluğunun heç bir mənası qalmır. Bu mənada Azərbaycandakı müxalifət partiyalarının bir qisminin 2010-cu ilin parlament seçkilərində iştirak niyyətini ortaya qoymasını müsbət qiymətləndirirəm. Eyni zamanda hesab edirəm ki, onlar bu cür bəyanatları indidən səsləndirməklə YAP-ın özü üçün formalaşdırdığı ənənələrdən ibrət dərsləri götürüblər. Çünki biz dəfələrlə bəyan etmişik ki, YAP-ın seçkilərdə uğur qazanmasının çox vacib səbəblərindən biri də seçkiyə ciddi yanaşma və vaxtında seçkiyə hazırlığa başlamaqdır. Əgər onlar bizim təcrübəmizdən faydalanmaq qərarına gəliblərsə, bunu alqışlayıram.
- Müxalifətin seçkilərə bu qədər tez və sürətlə hazırlaşması YAP-ı nə qədər narahat edir?
- Seçkilərə vaxtında hazırlaşmaq seçkidə qalib gəlməyin çoxlu vacib şərtindən biridir. 2010-cu ilin parlament seçkiləri ilə əlaqədar YAP-ı narahat edəcək hər hansı müxalifət partiyası yoxdur. YAP-ın seçkilərdə qalib gəlməsini şərtləndirən səbəblər tamamilə başqadır. Bu, partiyanın gücü, nüfuzu, partiyanın sədri İlham Əliyevin həyata keçirdiyi siyasətdir.
- Belə fikirlər səslənir ki, bu seçkilərə bəzi xarici qüvvələr tərəfindən müdaxilələr ola bilər. Siz necə düşünürsünüz?
- Ümumiyyətlə, hər bir seçki sınaqdır. YAP hər bir seçkiyə bu cür yanaşır. Hər bir seçkini də xalqın iradəsi həll edir. Ayrı-ayrı hallarda, ayrı-ayrı ölkələrdə keçirilən seçkilərə kənar müdaxilələrin olması haqda faktlar var ki, bu da təəssüf doğurur. Bu, hər hansı dövlətin daxili işlərinə kobud müdaxilə sayılmalıdır. Amma hər bir ölkənin daxili işinə müdaxilə etmək üçün gərək münbit şərait olsun. Mən belə hesab edirəm ki, Azərbaycan onun daxili işinə müdaxilə etməyə imkan verməyən bir gücə və sabitliyə malik ölkədir. 2005-ci ilin parlament seçkilərində belə cəhdlər oldu, amma Azərbaycanın daxili sabitliyi buna imkan vermədi. 2010-cu ilin parlament seçkilərində də bölgəmizdə marağı olan xarici qüvvələrin Azərbaycandakı siyasi proseslərə müdaxilə etmək arzularının olduğunu istisna etmək niyyətində deyiləm. Bu istəklər, bu arzular mövcuddur və münbit şərait olsa, həmin qüvvələr bu istəklərini həyata keçirməkdən geri çəkilməyəcəklər. Amma Azərbaycanın daxili sabitliyi, dövlətin möhkəm dayaqlar üzərində olması bu cür müdaxilələrin qarşısını alan ən əsas faktordur. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan öz siyasətini özü müəyyənləşdirir. Azərbaycanın kiminsə köməyinə ehtiyacı yoxdur. Bunlar təsadüfi bəyanatlar deyil. Bu bəyanatların arxasında çox ciddi həqiqətlər və çox ciddi həyat məntiqi durur. İndi Azərbaycan özü öz ehtiyaclarını yüksək səviyyədə ödədiyindən, kiməsə möhtac deyil ki, ölkəmizin siyasətinin müəyyənləşdirilməsində də hansısa ölkələr söz söyləyə bilsinlər. Ona görə də parlament seçkilərinə müdaxilə etmək istəkləri olsa da, onun reallaşması ehtimalı azdır.
- Müsavat Partiyasının başqanı İsa Qəmbər müxalifətdə olan bir sıra partiyaları İrana, Rusiyaya və hakimiyyətə işləməkdə ittiham edib. Onun bu ittihamlarını necə qiymətləndirirsiniz?
- Güman edirəm ki, İsa Qəmbər müxalifət partiyalarını liderlərini, onların təmsilçilərini yaxşı tanıyır. Onlar artıq 15 ildir, bir yerdədirlər. Bir-birlərinin bütün incəliklərini, bütün sirlərini, indiyə qədər açılması rəva görülməyən məsələləri bilir. Bu mənada İsa Qəmbərin biliklərinin böyük olduğunu etiraf etmək istəyirəm. Əgər o, belə bir bəyanatı səsləndirirsə, güman edirəm ki, bunun üçün çox ciddi əsasları var. Biz vaxtilə bir sıra müxalifət partiyalarının Azərbaycanın maraqlarından daha çox xarici maraqlı dairələrin istəklərinə uyğun hərəkət etmələri barədə fikirlər səsləndirmişdik. Təbiidir ki, bizim belə fikirlər səsləndirməyimiz də nə təsadüfdən, nə də o partiyaları nədəsə suçlamaq arzumuzdan irəli gəlirdi. Bizim də əlimizdə detalları açıqlanması arzu edilməyən faktlar var idi və bu bəyanatları buna istinad edərək səsləndirirdik. İndi o bəyanatları bütün bunlarla bağlı çox dərin və müfəssəl bilgilərə malik müxalifət nümayəndəsi səsləndirirsə, hesab edirəm ki, buna çox diqqətlə yanaşmaq lazımdır. Mən bu fikirlərdə həqiqətin çox böyük dərəcədə əks olunduğunu etiraf etmək istəyirəm.
Amma Azərbaycan hakimiyyətinin hər hansı müxalifət partiyası ilə xəlvəti sövdələşməyə getməsinə ehtiyac yoxdur. Reallıq ondan ibarətdir ki, bunun Azərbaycan hakimiyyətinə hər hansı xeyri dəyə bilməz.
Xəbər lenti


