“Çalışacağıq ki, bundan sonra da pəncərəmiz açıq qalsın”
Səidə Musabəyli: “3 saat canlı yayımda Ankaradan Bakıya, Bakıdan Ankaraya dəfələrlə müraciət etmək nə qədər böyük çətinlik bahasına başa gəlsə də bunun öhdəsindən layiqincə gəlirik”
Son zamanlar Azərbaycan teleməkanında saysız hesabsız yeni layihələr gerçəkləşdirilir. Bu yeniliklərin əksəriyyətinin müəllifi İctimai Televiziya və Radio Yayımları Şirkətidir. Onu da qeyd etməliyik ki, İctimai televiziya fəaliyyətə başlar-başlamaz ölkəmizin televiziya məkanında xüsusi canlanma və təzə ruh yaratdı. Bu kanalın ən uğurlu layihələri isə Türkiyənin TRT kanalı ilə yaratdığı ortaq proqramlardır. Ictimai televiziyanın TRT-1 və TRT AVAZ, İctimai Radionun TRT-nin “Türkiyənin Səsi” radiosu ilə birgə verilişləri Azərbaycan tamaşaçısı və dinləyicisində böyük maraq yaradıb. Televiziyanın ən baxımlı layihələrindən biri “TRT” kanalı ilə olan telekörpüdür. Ortaq yayımlara tamaşaçı marağını nəzərə alaraq layihə haqda İTRYŞ-nin Səhər Proqramları Departamentinin direktoru Səidə Musabəyli ilə söhbət etdik.
- İTV ilə TRT arasında ortaq yayımın tarixi haradan başlayır?
- Ortaq yayımımız televiziyamızla həmyaşdır. İTV 2005-ci ilin yayında fəaliyyətə başladı və elə həmin ilin sonunda, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günündə, birinci ölkəmizdə fəaliyyət göstərən “Speys”, sonra isə “Lider” televiziyasının səhər proqramları ilə ortaq yayımı gerçəkləşdirdik və ortaq yayımımızın “Həmrəylik körpüsü” adlanmasının səbəbi də bu idi. Körpümüzün auditoriya çoxluğunu nəzərə alıb düşündük ki, dünyanın ən nüfuzlu telekanallarından biri olan TRT ilə ortaq yayımı həyata keçirə bilərik. Bu fikrə gəlməyimizin əsas səbəbi də bu idiki, ilk gündən İTV ilə TRT arasında sıx əlaqələr, dostluq var idi. Məncə bu gün körpümüzün tanınmasında bu cür bünövrənin möhkəmliyi əsas rol oynayır. Belə bir layihənin məhz İctimai televiziyada işıq üzü görməsinin səbəbi isə rəhbərliyimizin- İTRYŞ-nın baş direktoru İsmayıl Ömərovun xüsusi səyi və qayğısının olması idi.
- İlk ortaq yayımdan sonra növbəti yayımlar haqda nə deyə bilərsiz?
- Əlbəttə ki, İTV və TRT-nin səhər proqramları arasında yayımlarımız ənənə halını aldı. 8 Mart Beynəlxalq qadınlar günü, Ramazan, Novruz və digər bayramlarda ortaq verilişlərimiz davam etdi. Ənənəmizə sadiq qalıb yola saldığımız 2009-cu ilin sonuncu günündən yeni- 2010-cu ilə birgə addımladıq.
- TRT AVAZ kanalı ilə olan ortaq yayım öhdəsindən necə gəlirsiniz?
- İlk əvvəl deyim ki, bizim layihəni digər ortaq yayımlardan fərqləndirən əsas cəhət canlı ünsiyyətdir. 3 saat canlı yayımda təxminən 15 dəqiqədən bir hər iki studiyaya bağlanmaq, Ankaradan Bakıya, Bakıdan Ankaraya dəfələrlə müraciət etmək nə qədər böyük çətinlik bahasına başa gəlsə də bunun öhdəsindən layiqincə gəlirik. Çünki bu işin arxasında beynəlxalq standartlara cavab verən texnika və peşəkar komanda durur. 2009-cu il mart ayının 21-də TRT-nin yeni AVAZ kanalı fəaliyyətə başladı. Və elə ilk yeni gününü də ortaq yayımda bizimlə birgə açdı. Artıq bayramdan-bayrama deyil, gündəlik olaraq həm TRT AVAZ-ın, həm də İctimai televiziyanın eyni adlı “Yeni gün” proqramı türk dünyasını salamlayır.
- “Yeni gün” demişkən, hər iki kanalda proqramın eyni adlanmasının səbəbi nədir?
- Tam təsadüf. TRT AVAZ-la yayımın ilk günündə bildik ki, onların da səhər proqramları “Yeni gün” adlanır. Yeri gəlmişkən, deyək ki, körpümüzün bir tayında da ayda bir neçə dəfə Qırğızıstan olur. Artıq TRT-1, TRT AVAZ- Qırğızıstanın dövlət televiziyası ilə olan ortaq yayımlarımızın səsi sədası dünyanın hər bir yerindən eşidilir. Bir ekranda ikili, bəzən də üçlü pəncərəylə tamaşaçılarını həmrəy edən telekörpümüzdən saysız hesabsız ziyalılarımız, sənətkarlarımız, elm xadimlərimiz, hətta sadə insanlarımız keçir. Bir dəfə proqramımızın qonağı olan sevimli şairimiz Fikrət Qoca dedi ki, bu pəncərə elə bir nəfəslikdir ki, hər bir insan ordan gələn təmiz havanı uda bilir.
Biz çalışacağıq ki, bundan sonra da pəncərəmiz açıq qalsın, oradan gələn təmiz hava korlanmasın, onun önündən hər zaman qürur duyduğumuz insanlar keçsin.
- Verlişə baxanda hər iki tərəfdə olan kollektivin mehribanlığını hiss edirsən. Bu, efirdən belə görünür, yoxsa həqiqətən də belədir?
- Efir elə bir güzgüdür ki, hər şeyi olduğu kimi göstərir. Bu mehribanlıq olmasa heç bir uğurlu layihədən danışmaq olmaz. Bəzən bizə elə gəlir ki, eyni studiyadayıq, aramızda heç bir məsafə yoxdur. Bu fərqi yalnız o zaman hiss edirik ki, hava ilə bağlı olaraq peykdə qısa da olsa donma baş verir. Bax, elə bu da canlı efir deməkdir.
Mehribanlığımızın bir səbəbi də odur ki, hər iki tərəfin işçi kollektivləri bir-biri ilə təkcə efir vasitəsilə deyil, həyatda da görüşüb ünsiyyət qururlar. Ötən ilin yayında İTV-nin “Yeni gün” proqramını əməkdaşları TRT-nin dəvəti ilə Türkiyədə oldu. Bu müddətdə Ankarada TRT AVAZ-ın studiyaları, yaradıcı heyəti ilə yaxından tanış olduq, bir neçə proqramda çıxış etdik, hətta aparıcılarımız Leyla, Saleh və Cüneyd üçü birgə “Tatlı dilə gülər yüzə” proqramını təqdim etdilər. Bundan başqa İctimai Teleradionun əməkdaşları mütəmadi olaraq TRT-yə ezam olunurlar.
- Bu nailiyyətləriniz ictimaiyyət tərəfindən necə qiymətləndirilib?
- Ortaq yayımlarımız efirə getdiyi müddətdə hər iki ölkə ictimaiyyətinin nüfuzlu media təşkilatları tərəfindən çoxsaylı mükafatlarla təltif olunub. Hesab edirik ki, bu yalnız bizim deyil, bütün türk dünyasının uğurudur.
F. HÜSEYNZADƏ
Xəbər lenti


