Abunə:
Email:
BAŞ SƏHİFƏ | HÜQUQ | XƏBƏRSİZLƏŞMƏ SİNDROMU. DÖVLƏT QURUMLARI İNFORMASİYA VERMƏKDƏN NİYƏ ÇƏKİNİR?

XƏBƏRSİZLƏŞMƏ SİNDROMU. DÖVLƏT QURUMLARI İNFORMASİYA VERMƏKDƏN NİYƏ ÇƏKİNİR?

Şrift ölçüsü: Decrease font Enlarge font

Əhməd MUXTAR

Artıq üç ildir elektron hökumətin yaradılması istiqamətində iş gedir. Görülən işlərin nəticəsi olaraq dövlət strukturlarının internet səhifələri yaradılıb ki, vətəndaşlar istənilən informasiyanı əldə edə bilsinlər. Bəs həqiqətənmi bu saytlardan istənilən informasiyanı almaq mümkündür? Ümumiyyətlə, bu internet resursları yenilənirmi? Suallara aydınlıq gətirməyə çalışdıq və dövlət strukturlarının saytlarını bir-bir gözdən keçirdik.

 

Nazirlərlə “sual-cavab” bölümü var, amma...

Öncə “İnformasiya əldə etmək haqqında” qanuna nəzər salaq. 31-ci maddədə göstərilir: “İnformasiya sahibi ictimai informasiyanı elə üsullarla açıqlamalıdır ki, bu informasiya ehtiyacı olan hər kəsə mümkün qədər tez çatsın”. Qanunun 33-cü maddəsi isə internet informasiya ehtiyatlarına verilən tələbləri müəyyən edir. Bu maddənin 2.1-ci bəndində xüsusi qeyd edilir ki, internet informasiya ehtiyatlarında ən yeni və aktual informasiyalar yerləşdirilir.

29-cu maddənin 1.15-ci bəndinə görə isə informasiya sahibi - dövlət orqanlarının və bələdiyyələrin əmr, sərəncam və qərarları - əmr, sərəncam və qərarlar qüvvəyə mindiyi gündən açıqlanmalıdır.

“İnformasiya əldə etmək haqqında” qanunun bu bəndlərini əsas götürərək apardığımız araşdırma zamanı internet səhifələrində nəzərdə tutulan informasiyanın yerləşdirilməsi və çatdırılması ilə bağlı müxtəlif nəticələr ortaya çıxdı. Bu nəticələr Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin apardığı monitorinqin nəticələri ilə demək olar ki, üst-üstə düşür.

Bakı Şəhər İcra Hakimiyyətinin saytında sonuncu informasiya 18 avqust 2008-ci il tarixində yerləşdirilib, Azərbaycan prezidentinin kommunal təyinatlı yeni texnika və avadanlıqlarla tanış olması barədə xəbər verilir.

Fövqəladə Hallar Nazirliyinin saytında qurumun cari fəaliyyəti yaxşı əhatə olunsa da, əmr və sərəncamlar haqqında bilgilərdə çatışmazlıq var. Sonuncu dəfə saytda iyulun 10-da Fövqəladə Hallar Nazirliyinin Akademiyasının nizamnaməsinin təsdiq edilməsi haqqında prezidentin fərmanı yerləşdirilib.

Başqa bir çatışmazlıq qurumun həyata keçirdiyi proqram və layihələrlə bağlıdır. Bu barədə heç bir bilgi yoxdur.

Səhiyyə Nazirliyinin saytında yerləşdirilmiş sonuncu xəbər 4 iyul tarixinə təsadüf edir. Bu saytın özəlliklərindən biri də nazir Oqtay Şirəliyevlə ünsiyyət üçün təşkil olunmuş “Sual-cavab” bölməsidir. Maraq üçün diqqət yetirdik. Ən son sual-cavablar 1 mart-17 aprel 2009-cu il tarixinə təsadüf edir. Deməli, artıq üç aydır nazirlik virtual cavablandırmanı dayandırıb.

Təhsil Nazirliyinin saytında sonuncu xəbər iyulun 10-da yerləşdirilib. Sayt çox primitiv hazırlanıb, mükəmməl məlumatlara demək olar ki, rast gəlinmir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet səhifəsi ilə bağlı monitorinqin nəticələrinə baxsaq, gözlənilənlərin əksinə olaraq, bu qurumun saytını zəngin və dolğun hesab etmək mümkün deyil. Yalnız ali məktəblərə qəbul imtahanları ilə bağlı məlumatlar vaxtında yerləşdirilib.

Nazirliklər içərisində az-çox operativ sayt Vergilər Nazirliyinə məxsusdur desək, yanılmarıq. Saytda sonuncu məlumat iyulun 9-da yerləşdirilib. Bu saytda da nazirlə ünsiyyət bölməsi var. Lakin vətəndaşların daha çox hansı suallarla müraciət etdiyi və verilən cavablar göstərilmir.

Daxili əmr və sərəncamlar haqqında bilgi yoxdur

Müəllif Hüquqları Agentliyinin saytı demək olar ki, informasiya cəhətdən boşdur. Hər hansı bir fəaliyyətlə bağlı informasiya yoxdur.

Tarif (qiymət) Şurasının saytında isə qurumun cari fəaliyyətinin işıqlandırılması elə də yaxşı durumda deyil. Burada çatışmayan operativlikdir. Xəbərlər çox köhnədir. Üstəlik, qurumun icra etdiyi proqram, layihələr, eləcə də tender və yarışmalar haqqında heç bir bilgi verilmir.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin saytında qurumun cari fəaliyyəti əks olunsa da, qurumdaxili əmr və sərəncamlar haqqında heç nə deyilmir. Fəaliyyətlə bağlı son xəbər isə iyunun 25-nə təsadüf edir.

Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın saytında qurumun cari fəaliyyəti yetərincə əhatə olunub. Burada çatışmayan həyata keçirilən plan və proqramlar haqqında bilgi, eyni zamanda qurumdaxili əmr və sərəncamların reyestridir.

Nəqliyyat Nazirliyinin saytında xəbərlər yenilənsə də, burada da daxili əmr və sərəncamlar, həyata keçirilən layihələr haqqında ətraflı bilgi yoxdur.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin saytında qurumun fəaliyyəti ilə bağlı son xəbər bir ay əvvəl - iyunun 16-da yenilənib. Qurumdaxili əmr və sərəncamların reyestri, həmçinin həyata keçirilən proqram və layihələr barədə də bilgi verilmir.

Dövlət Sosial Müdafiə Fondunun saytında qurumun fəaliyyəti ilə bağlı son xəbər iyulun 7-də verilib. Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin apardığı monitorinqin nəticəsindən məlum olur ki, qurumun internet resursu digərlərinə baxanda zəngin sayıla bilər.

Birbaşa xəbər resursları ilə işləyən qurumların özləri də nədənsə sayta məlumat yerləşdirməkdə xəsislik edirlər. Məsələn, Milli Televiziya və Radio Şurasının saytında sonuncu xəbər mayın 26-da yerləşdirilib. Eyni zamanda əmr və sərəncamlar, həyata keçirilən proqram və layihələr barədə az bilgi verilir.

Hesablama Palatasının saytının son yenilənmə tarixi iyunun 19-na təsadüf edir. Palatanın cari fəaliyyəti haqqında informasiya bölməsində qurumdaxili əmr və sərəncamlar çatışmır.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin saytında son informasiya iyulun 13-də yerləşdirilib. İnformasiyanın əhatə dairəsi, tamlığı isə başqa yazının mövzusu olduğundan buna toxunmuruq.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin saytında ciddi çatışmazlıqlar var. Saytda yerləşdirilən ən son informasiya 29 iyuna təsadüf edir.

Xarici İşlər Nazirliyinin saytında nazirliyin cari fəaliyyəti barədə yetərincə bilgi var. Ancaq qurumdaxili əmr və sərəncamlar nəzərə çarpmır. Çatdırılan son xəbər iyulun 6-na aiddir.

Gənclər və İdman Nazirliyinin saytında qurumla bağlı verilən informasiyaya görə cari fəaliyyət barədə bilgiləri yetərli saymaq olar. Yerləşdirilmiş son xəbərin vaxtı iyulun 10-na təsadüf edir.

Kənd Təsərrüfatı Nazirliyinin saytı Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin apardığı monitorinqin nəticəsi olaraq boş bir resurs hesab edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytında nazirliyin əhatə etdiyi sahə ilə bağlı həm qanunverici baza, həm də müxtəlif faydalı informasiyalar toplanıb. Qurumun cari fəaliyyəti barədə informasiyanı yetərli saymaq mümkün olsa da, burada qurumdaxili əmr və sərəncamlar barədə bilgi yoxdur. Ən son xəbər isə vaxtında yenilənərək iyulun 13-də yerləşdirilib.

Deyirlər ki...

Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin 1 noyabr 2007-1 may 2008-ci il tarixinə olan hesabatında informasiya açıqlığı üzrə dövlət orqanlarının reytinq cədvəli tərtib olunub. İnformasiya açıqlığına görə birinci yeri Vergilər Nazirliyinin saytı tutub. Axırıncı yerdə Diasporla İş üzrə Dövlət Komitəsinin saytı gəlir. Bu yöndə 2009-cu il üzrə hesabat hələ ki, hazırlanmayıb. Saytların monitorinqi davam edir.

Yazını hazırlayarkən daim informasiya axtarışında olan jurnalistlərin də fikirlərini öyrəndik. İnformasiya azadlığı və şəffaflığı barədə öz təcrübələrində rastlaşdığı çətinliklərdən danışan müstəqil jurnalist Fuad Məmmədov deyir ki, lazım olan, daha önəmli informasiyaları dövlət orqanlarının saytlarında tapa bilmirlər: “Həm informasiyaların köhnə olması, həm də natamamlığı bizi vadar edir ki, yenə mətbuat xidmətlərinə zənglər edək, sorğular göndərək. Saytlar həmin dövlət orqanları haqda ümumi məlumatlandırma baxımından ola bilsin ki, yararlıdır. Ancaq indiki durumda, rəsmi internet səhifələri informasiyaya olan ehtiyacı təbii ki, ödəmir”.

“Yeni Müsavat” və “Bizim Yol” qəzetlərinin əməkdaşı Aynur Elgünəş də dövlər orqanlarının saytlarından müfəssəl məlumat ala bilmədiyini deyir. Onun sözlərinə görə, qurumlar adi, cəmiyyət üçün açıq olmalı informasiyaları da vermək istəmirlər: “Xüsusilə büdcə xərcləri, layihələrin icrası ilə bağlı informasiyalar gizlədilir. Maraqlıdır ki, dövlət qurumları bəzən özlərinin xeyrinə olan informasiyaları da verməyə çəkinirlər. Sanki bu qurumlarla mətbuat arasında bir uçurum var və onlar mətbuatla işləmək istəmirlər. Bunun əsas səbəbi informasiya istehsal etmək, yaymaq bacarıqlarının olmamasıdır”.

“Azadlıq” qəzetinin müxbiri Natiq Güləhmədoğlu da dövlət qurumlarından informasiya almağın çətin olduğunu söyləyir: “Rəsmi qurumlardan informasiya almaq zülm işdir. Saytlarda ancaq ümumi xəbərlərdir, geniş məlumat olmur. Öz başıma gələnlərdən deyim. Mən Bakı Dövlət Universitetini və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasını məhkəməyə vermişəm. Səbəb bu qurumların suallarıma cavab verməməsidir. Adi bir sorğu göndərmişəm ki, müğənni Röya köçürmə, yoxsa test üsulu ilə Bakı Dövlət Universitetinə qəbul olunub? Cavab vermirlər. Misir Mərdanova isə müraciət edib soruşdum ki, bu qədər dərslik yazmısınız, dövlətdən nə qədər qonorar almısız? Cavab vermədi. İki ay çəkən yazışmadan sonra ombudsman vasitəsilə cavab aldım ki, sənə dəxli yoxdur, bu, şəxsi işimdir”.

Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az