Səfir Boris Klimçuk: “Hazırda Ukrayna həbsxanalarında 48 Azərbaycan vətəndaşı saxlanılır ”
Ukraynanın Azərbaycandakı səfiri Boris Klimçuk ikitərəfli əlaqələrə və ilik yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib.
Səfir bitməkdə olan 2009-cu ili ikitərəfli münasibətlərin inkişafı baxımından uğurlu il adlandırıb. O, bütün beynəlxalq təşkilatlarda Azərbaycanla Ukraynanın eyni mövqedən çıxış edildiyini deyib.
İqtisadi əlaqələrdən danışan diplomat bildirib ki, Azərbaycanın statistikasına əsasən 10 ay ərzində qarşılıqlı ticarət dövriyyəsi 474 milyon dollar təşkil edib. Azərbaycan Ukraynadan əsasən elektron avadanlıqlar və rəngli metallar alıb. Azərbaycana əlillər üçün nəzərdə tutulmuş 500 “Slavuta” avtomobilinin satışı başa çatıb. Səfir bəyan edib ki, ötən ilin göstərici olan 1 milyard dollarlıq göstəriciyə bu il nail olunmayacaq. Onun proqnozuna görə, illik ticarət dövriyyəsi 800 milyon dollar təşkil edəcək. B. Klimçuk gələn il bu həcmin 1 milyarddan çox olacağını düşünür.
Diplomat Ukraynada yarım milyon etnik azərbaycanlının Ukrayna vətəndaşlığına keçdiyini söyləyərək onların ölkənin siyasi və iqtisadi həyatında fəal iştirak etdiklərini vurğulayıb. O, hazırda Ukrayna həbsxanalarında 48 Azərbaycan vətəndaşının, Azərbaycan həbsxanalarında isə 13 Ukrayna vətəndaşının saxlanıldığını da açıqlayıb.
Ukraynanın “İnter” televiziyasında Dağlıq Qarabağla nümayiş etdirilən süjetlə bağlı sualı cavablandıran səfir deyib ki, Ukrayna XİN bu məsələyə dair mövqeyini açıqlayıb: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ukraynanın mövqeyi dəyişməz qalıb. Ukrayna münaqişənin sülh yolu ilə, beynəlxalq prinsiplərə uyğun həllini, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını istəyir”.
Xəbər lenti


