Eynulla Fətullayevin narkotik vasitələrdən istifadə etdiyi təsdiqlənib
Keçən il dekabrın 29-da saat 09.30 radələrində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 12 saylı Cəzaçəkmə müəssisəsinin əməliyyat şöbəsinə daxil olmuş məlumata əsasən, həmin müəssisədə cəza çəkən məhkumlar - Fətullayev Eynulla Emin oğlunun üzərində axtarış aparılarkən ayağında olan ayaqqabının sağ tayının içərisindəki dərinin altından 1 ədəd polietilen kəsiyinə bükülərək gizlədilmiş 0,107 qram, əynində olmuş gödəkçəsinin sol qolunun bilək nahiyəsində daha 1 ədəd polietilen kəsiyinə bükülərək gizlədilmiş 0,116 qram, cəmi 0,223 qram, həmçinin Şəmsiyev Şahin İbad oğlunun üzərindən 1 ədəd polietilien kəsiyinə bükülərək gizlədilmiş, ümumi çəkisi 0,081 qram olan heroin aşkar edilib götürülərək qanunla nəzərdə tutulmuş qaydada sənədləşdirilib.
Bakı Şəhər Prokurorluğu və Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətlərinin birgə məlumatında bildirilir ki, toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsinin əlamətləri olduğundan, qeyd edilən tarixdə Qaradağ rayon Polis İdarəsinin istintaq şöbəsində fakta görə həmin maddə ilə cinayət işi başlanılaraq istintaq aparılıb.
İş üzrə bir sıra zəruri istintaq hərəkətləri aparılmış, həmçinin çoxsaylı şahidlər, o cümlədən cəzaçəkmə müəssisəsinin əməkdaşları, həmin müəssisədə cəza çəkən məhbuslar dindirilmiş və onlar ifadələrində E.Fətullayev və Ş.Şəmsiyevin üzərində axtarış aparılarkən qeyd olunan narkotik vasitənin aşkar edilərək götürüldüyünü bildirmişlər.
Toplanmış sübutlara əsasən dekabrın 31-də E.Fətullayevə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunub.
Ş.Şəmsiyevin üzərində aşkar edilmiş 0,081 qram çəkidə heroin, qanunla müəyyən edilmiş şəxsi istehlak miqdarından artıq olmadığına görə ona ittiham elan edilməyib.İstintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə dindirilərkən E.Fətullayev, üzərinə hal şahidlərinin gözü qarşısında baxış keçirildiyini, onun ayaqqabısından və gödəkçəsindən narkotik vasitə aşkar olunaraq götürüldüyünü etiraf etsə də, ümumiyyətlə narkotik vasitə istifadəçisi olmadığını bildirib.
Təqsirləndirilən şəxs E.Fətullayevlə aralarında aparılan üzləşdirmələr zamanı şahidlər qeyd olunan narkotik vasitənin E.Fətullayevdən aşkar edilərək götürülməsini bir daha təsdiq etmişlər.
İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının rəylərinə görə, E.Fətullayev və Ş.Şəmsiyevdən götürülmüş və tədqiqata təqdim edilmiş maddələr tərkibinə görə eyni olmaqla kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, həmçinin E.Fətullayevin gödəkçəsinin sol qolunun bilək tərəfindən kəmərciyin tikişi arasında, eyni zamanda, ayaqqabısının sağ tayının içərisində dərinin altında narkotik vasitə olan heroinin izləri vardır.
Məhkəmə-bioloji-kimyəvi ekspertizanın rəylərinə görə, istintaq zamanı E.Fətullayevdən götürülmüş qan və sidik nümunələrində diasetil-morfi (heroin), amfetaminil narkotik vasitələri və flunitrozepam-M psixotrop maddəsi, Ş.Şəmsiyevin qan və sidik nümunələrində isə diasetil-morfi (heroin), dihidromorfin, amfetaminil narkotik vasitələri və flunitrozepam-M psixotrop maddəsi aşkar edilib.
Göstərilənlərlə yanaşı, məhkəmə-narkoloji ekspertizasının rəyinə görə təqsirləndirilən şəxs E.Fətullayevdə narkotik vasitə olan diasetil-morfi (heroin), amfetaminil və psixotrop dərman vasitəsi olan benzodiazepindən istifadə etmə halları olmuş, lakin müayinə zamanı narkomaniya xəstəliyindən əziyyət çəkməməsi baxımından E.Fətullayevin narkomaniyadan məcbüri müalicəyə ehtiyacı yoxdur. E.Fətullayevin narkotik vasitələr və psixotrop maddələrdən istifadə etmə halları nəzərə alınaraq narkoloji profilaktik qeydiyyata alınması məsləhət görülür.
İbtidai istintaqın gedişatında “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası və Cinayət-Prosessual qanunvericiliyin tələblərinə tam riayət olunub.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşmaq üzrədir və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Xəbər lenti


