Abunə:
Email:
BAŞ SƏHİFƏ | HÜQUQ | 15 min 339 cinayət işinin istintaqı yekunlaşdırılıb

15 min 339 cinayət işinin istintaqı yekunlaşdırılıb

Şrift ölçüsü: Decrease font Enlarge font
Baş prokuror Zakir Qaralov Baş prokuror Zakir Qaralov

Baş Prokurorluq qaz sızması, dəm qazından boğulma və baş verən partlayışlarla bağlı müvafiq qurumlara müraciət edib

Ötən şənbə prokurorluq orqanları tərəfindən 2009-cu ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Baş Prokurorluqdan verilən məlumata görə, tədbirdə ilk növbədə, müstəqil inkişaf tarixinin müasir məzmunlu yeni yüksəliş mərhələsini yaşayan müstəqil respublikamızın həyatında 2009-cu hesabat ilinin müstəsna əhəmiyyəti olduğunu diqqətə çatdırılıb. Baş prokuror Zakir Qaralov bildirib ki, digər hüquq mühafizə, ədliyyə və məhkəmə orqanları ilə əlaqəli fəaliyyət göstərən respublika prokurorluğu orqanları tərəfindən 2009-cu ildə dövlətçiliyimizin maraqlarının və ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi istiqamətində zəruri tədbirlər görülüb. “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün dövlət proqramı”nın prokurorluq orqanlarının sivil bir dövlət təsisatı kimi daha da təkmilləşdirilməsi, fəaliyyətinin forma və metodlarının müasir məzmunda yeniləşdirilməsi, qarşıya qoyulan vəzifələri layiqincə icra etməyə qadir kadr korpusunun formalaşdırılması işində müstəsna əhəmiyyəti xüsusi qeyd edilib.

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən mütəşəkkil cinayətkarlığın korrupsiya kimi təhlükəli təzahürlərinə qarşı mübarizə sahəsində bir sıra səmərəli tədbirlərin həyata keçirilib. Əvvəlki dövrlə müqayisədə 2009-cu ildə ibtidai araşdırması yekunlaşdırılmaqla məhkəmələrə göndərilən cinayət işlərinin sayının əhəmiyyətli dərəcədə - 33 fakt artması, ümumilikdə isə rüşvətlə bağlı, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, vəzifədən sui-istifadə, nüfuz alveri, talama və s. faktlar üzrə Ağır cinayətlərə dair işlər üzrə Məhkəməyə və digər məhkəmələrə aidiyyəti üzrə baxılması üçün 176 şəxs barəsində 103 cinayət işinin göndərilməsi müsbət iş göstəriciləri kimi dəyərləndirilib.

Eyni zamanda, 2010-cu ildə də idarənin fəaliyyətində formalaşmış müsbət meyillərin inkişaf etdirilməsi, korrupsiya cinayətlərinə və hüquqpozmalarına qarşı mübarizənin səmərəliliyinin artırılması, beynəlxalq əməkdaşlıq əlaqələrinin təkmilləşdirilməsi, informasiya texnologiyalarının yeni formalarının tətbiqi və s. barədə müvafiq göstərişlər verilib.

Nəzərə çatdırılıb ki, 2009-cu ildə kadr işinin düzgün təşkili və onun müasir standartlar səviyyəsində daha da təkmilləşdirilməsi, kadrların seçilib yerləşdirilməsi, vəzifədə irəli çəkilməsi, prokurorluqda qulluğa qəbulun həyata keçirilməsi yolu ilə kadr korpusunun layiqli gənc mütəxəssislər hesabına mütəmadi olaraq yenidən komplektləşdirilməsi məqsədi ilə bir sıra səmərəli tədbirlər görülüb.

Baş prokurorun çıxışında hüquq-mühafizə, xüsusi xidmət, məhkəmə və ədliyyə orqanlarının səmərəli birgə fəaliyyəti nəticəsində cinayətkarlıq və onun mütəşəkkil təzahürlərinə qarşı mübarizənin kəsərliliyinin daha da artırıldığı diqqətə çatdırılıb. Törədilmiş 22 min 830 cinayətin 87,7 faizinin açılması, məqsədyönlü istintaq, əməliyyat-axtarış və qabaqlayıcı profilaktik tədbirlər sayəsində keçmiş illərdən bağlı qalan 376, çoxsaylı qəsdən xüsusilə ağır və ağır cinayətlər törətmiş 436 mütəşəkkil cinayətkar qrup və dəstənin zərərsizləşdirildiyi barədə məlumat verilib: “2009-cu hesabat ilində istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin səmərəliliyinin artırılması, bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində görülən tədbirlər də öz müsbət nəticələrini verib. İstintaq fəaliyyətini həyata keçirən prokurorluq, Daxili İşlər, Ədliyyə, Vergilər və Fövqəladə Hallar nazirlikləri, Dövlət Gömrük Komitəsi və Sərhəd Xidmətinin müvafiq qurumları tərəfindən 15 min 339 cinayət işinin (2008-ci illə müqayisədə 962 iş çox) istintaqı yekunlaşdırılıb. İttiham aktları təsdiq olunan 10 min 420 iş məhkəmələrə göndərilib, xitam edilən cinayət işlərinin sayı keçən illə müqayisədə 852 iş azalıb, müddət pozuntusu ilə istintaq olunma faizi bütün istintaq orqanları üzrə 4,7 faizə bərabər olub. İbtidai araşdırmaya prosessual rəhbərliyin səmərəliliyinin artırılması və istintaq üzərində prokuror nəzarətinin daha da gücləndirilməsi istiqamətində zəruri tədbirlər görülüb”.

Z.Qaralovun məruzəsində görülmüş müsbət işlərlə yanaşı, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil və ciddi tənqid olunub. Cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş zərərin ödənməsi, vətəndaş müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar işin təşkilində yol verilən çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması üçün konkret tapşırıqlar verilib.

Son dövrlərdə havaların soyuması ilə əlaqədar qazdan istifadənin intensivliyinin artdığı bir şəraitdə qaz istehlakçılarının müəyyənləşdirilmiş təhlükəsizlik qaydalarına əməl etməmələri, texniki normativlərə cavab verməyən qızdırıcılardan istifadə olunması və bu məsələlərdə səlahiyyətli orqanlar tərəfindən zəruri nəzarətin həyata keçirilməməsi səbəbindən qaz sızması və partlayışı, dəm qazının təsirindən insanların ölümü və sağlamlığına zərər vurulması, ölkə iqtisadiyyatına və vətəndaşlara xeyli ziyan dəyməsi ilə nəticələnən hadisələrin sayı mütəmadi olaraq artmaqda davam edir. Bu məsələ ilə əlaqədar Baş Prokurorluq tərəfindən aparılmış araşdırma nəticələrindən asılı olaraq, səlahiyyətləri dairəsində zəruri işlər görülməsi məqsədi ilə Dövlət Neft Şirkətinin “Azəriqaz “ İstehsalat Birliyinə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə və Bakı şəhər İcra Hakimiyyətinə məktublar göndərilib, nəticələr və görülmüş tədbirlər barədə baş nazir məlumatlandırılıb. Tapşırıq verilib ki, Baş Prokurorluğun müvafiq qurumları və Bakı şəhər prokurorluğu, əlaqədar tabe rayon prokurorları tərəfindən bu istiqamətdə məqsədyönlü işlər davam etdirilməklə, qaz təchizatı sahəsində fəaliyyət göstərən və bu sahəyə dövlət nəzarətini həyata keçirən müvafiq icra strukturları və dövlət təsisatları ilə əlaqəli şəkildə, insanların ölümünə və yaralanmasına, ölkə iqtisadiyyatına və vətəndaşlara xeyli ziyan dəyməsinə səbəb olan qaz partlayışları və dəm qazından zəhərlənmə faktları üzrə başlanmış cinayət işlərinin keyfiyyətli istintaq olunması, bütün təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, mütəxəssislərin iştirakı ilə hadisələrin başvermə səbəbləri müəyyənləşdirilməklə, onları doğuran halların aradan qaldırılması təmin edilsin.

Əvvəlki hesabat dövrü ilə müqayisədə hərbi xidmət əleyhinə, o cümlədən tabeçilik qaydaları əleyhinə, hərbi xidmətdən yayınma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə, fərarilik, qulluğa səhlənkar yanaşma, hakimiyyətdən sui-istifadə etmə cinayətlərinin sayının azalması, cinayətlərin 99,7 faizinin açılması Müdafiə Nazirliyinin müvafiq qurumları ilə əlaqəli şəkildə hərbi prokurorluq orqanları tərəfindən görülmüş işlərin nəticəsi kimi dəyərləndirilmiş, 74 korrupsiya faktının - rüşvət alma və rüşvət vermə cinayətlərinin aşkarlanması mütəşəkkil cinayətkarlığın bu təhlükəli təzahürlərinə qarşı mübarizənin düzgün təşkilinin nəticəsi olub. Dağlıq Qarabağ və ona bitişik ərazilərdə erməni hərbi qüvvələri tərəfindən törədilmiş soyqırımı və digər ağır cinayətlərin istintaqı üzrə hesabat dövründə səmərəli istintaq hərəkətləri icra edilməklə, ümumilikdə insanlıq əleyhinə, müharibə cinayətləri törətmiş 289 şəxsin cinayət məsuliyyətinə cəlb olunması və barələrində məhkəmənin qərarları əsasında həbs qətimkan tədbiri seçilməsi, habelə İnterpol xətti ilə axtarışları təmin olunub.

Vurğulanıb ki, ötən il Azərbaycan Prokurorluğunun beynəlxalq əlaqələrinin genişləndirilməsi, xarici ölkələrin prokurorluq orqanları ilə təcrübə mübadilələrinin həyata keçirilməsi, hüquqi yardımın səmərəliliyinin artırılması, transmilli cinayətkarlığa, onun yeni növlərinə qarşı mübarizədə digər dövlətlərin hüquq-mühafizə orqanları ilə əməkdaşlığın gücləndirilməsi istiqamətində məqsədyönlü işlər görülüb. Eyni zamanda, Baş Prokurorluğun Beynəlxalq Əlaqələr İdarəsi tabe prokurorluqlar tərəfindən əməl edilməsi üzərində nəzarətin gücləndirilməsi, Azərbaycan Respublikasının qoşulduğu əsas konvensiyalardan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar prokurorluğun ekspert qruplarının formalaşdırılması üçün təkliflərin işlənilib hazırlanması ilə əlaqədar tapşırıqlar verilib.

Digər natiqlərin çıxışlarında 2009-cu il ərzində cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində müvafiq tabe struktur qurumlar tərəfindən görülmüş işlər barədə ətraflı məlumatlar verilib. Həmçinin “Prokurorluq haqqında” qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə fəaliyyətin səmərəliliyinin daha da artırılması, işin müasir məzmunda təkmilləşdirilməsi və mövcud çatışmazlıqların aradan qaldırılmasına yönəldilmiş konkret təkliflər irəli sürülüb.

F.HÜSEYNZADƏ
Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az