Nalbandyan Türkiyəni hədələyib
Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Türkiyə və Ermənistan arasında imzalanan protokolların bu ölkələrin parlamentlərində ratifikasiya ediləcəyinə 100 faiz zəmanət verməyin mümkün olmadığını, ancaq özünün şəxsən buna əmin olduğunu söyləyib.
“Panarmenian.net” saytının məlumatına görə, Piter Semnebi sərhədlərin açılmasının Ermənistan üçün həyati əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, Ermənistanla sərhədlərin açılması, diplomatik əlaqənin qurulması Türkiyənin də maraqlarına uyğundur, bu, Ankaranın qonşularına münasibətdə yeni siyasətinin bir nümunəsi olacaq. Türkiyə-Ermənistan münasibətləri və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin iki ayrı məsələ olduğunu deyən Piter Semnebi Azərbaycanın maraqları ilə bağlı məsələyə münasibət bildirib: “Əlbəttə, Türkiyə Azərbaycanın maraqlarına diqqət yetirməli, azərbaycanlıların bu məsələyə necə reaksiya göstərməsinə, necə danışmalarına qulaq asmalıdır. Ancaq son nəticədə bu proses Türkiyənin maraqlarına uyğun başa çatmalıdır. Ermənistanla münasibətlərin normallaşması regionda təhlükəsizliyə və iqtisadi əlaqələrə müsbət təsir göstərəcək”.
Rusiyada səfərdə olan Piter Semnebi “Vremya novostey” qəzetinə müsahibəsində bildirib ki, Azərbaycan və Ermənistan aralarındakı münaqişənin həlli mexanizmlərinin müzakirəsində xeyli irəliləyib: “Detallarla bağlı çoxlu məsələ hələ qalır və əlverişli mühit yaranarsa, əminəm ki, daha da irəli getmək olar”. O, Azərbaycan və Ermənistanın hansı güzəştlərə gedə biləcəyi haqda suala belə cavab verib: “Mən indi konkret güzəştlər barədə danışa bilmərəm. Hər şey Madrid prinsiplərində aydın yazılıb. Əlbəttə, ən mürəkkəb problemlər detallarda gizlənir, lakin Madrid sənədində hər iki tərəfin güzəştə getməsinə dair qərarlar təsvir olunub. Ən mürəkkəb məsələlər, o cümlədən Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi isə qeyri-müəyyən vaxta qədər təxirə salınır”. P.Semnebi bildirib ki, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərə bilər: “Biz əminik ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması Dağlıq Qarabağ münaqişəsinin həlli üçün də yeni imkanlar açır. Bu, pozitiv dinamika yaradır. Mən əminəm ki, Ermənistan rəhbərliyi Dağlıq Qarabağda mövcud status-kvonun ömürlük davam etməsinin mümkün olmadığını dərk edəcək”.
Ərdoğan: “Azərbaycanın maraqlarına xələl gətirəcək prosesin içində olmağımız mümkün deyil”
Xalqa növbəti müraciəti zamanı Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Ermənistanla imzalanan protokollara və Dağlıq Qarabağ münaqişəsinə münasibət açıqlayıb: “Biz Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ probleminin danışıqlar yolu ilə həll edilməsini istəyirik. Prosesin əvvəlindən Azərbaycanın maraqlarını öz maraqlarımızdan ayırmamışıq, hər məqamda Azərbaycanın maraqlarını həssaslıqla müdafiə etmişik”.
“Bizim Azərbaycanla heç bir fərqli problemimiz yoxdur, ola da bilməz. Biz Azərbaycanın problemini öz problemimiz kimi görürük”- deyə, baş nazir bildirib.
Ərdoğan Azərbaycan Milli Məclisinin bu ilin 14 oktyabrında Türkiyədə onunla görüşən heyət üzvlərinə də parlamentdə səsləndirdiyi fikirlərin arxasında olduğunu söylədiyini deyib. Baş nazir onu da vurğulayıb ki, xarici işlər naziri Əhməd Davutoğlu da Azərbaycana son səfəri zamanı rəsmi Bakını son proseslər barədə məlumatlandırıb: “Bundan sonra isə TBMM-in xarici əlaqələr komitəsinin üzvləri də Azərbaycana gedərək, bir sıra görüşlər keçirdilər. Bizim Azərbaycanın maraqlarına xələl gətirəcək prosesin içində olmağımız, belə bir şeyə icazə verməyimiz mümkün deyil. Dünyanın bugünkü reallıqlarında bölgəmizdəki problemləri həll etmək, əlaqələri inkişaf etdirmək, hər sahədə münasibətlər qurmaq bütün ölkələrin maraqlarına uyğundur”.
Ərdoğan deyib ki, keçən əsrdən qalan problemləri bu yüzillikdə də davam etdirmək reallığı əks etdirmir: “Dünyanın bugünkü reallığı buna icazə vermir. Bu həqiqəti hər kəsin bilməsinə, sülh və barış proseslərini dəstəkləməsinə ehtiyac var”.
Nalbandyan Türkiyə rəsmilərini təkzib edir
Bu arada Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının İrəvanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində güzəştə getməsindən asılı olmadığını növbəti dəfə bəyanlayıb. “Reuters”in məlumatına görə, Edvard Nalbandyan Türkiyə rəsmilərinin bu yöndə verdikləri bəyanatları təkzib edib, Ankara və İrəvan arasındakı danışıqların artıq başa çatdığını, tərəflərin üzərlərinə öhdəliklər götürdüyünü söyləyib. Ermənistanın xarici işlər naziri deyib ki, bu öhdəliklər iki ölkə arasında diplomatik əlaqələrin qurulması və sərhədlərin açılmasını özündə ehtiva edir: “Əgər biz bu öhdəlikləri yerinə yetirməyəcəkdiksə, diplomatik əlaqələr qurub, sərhədləri açmayacaqdıqsa, bu protokolları niyə imzalayırdıq? Beynəlxalq ictimaiyyət də bu protokolların tezliklə ratifikasiya edilməsini və öhdəliklərin yerinə yetirilməsini gözləyir”.
Edvard Nalbandyan Türkiyəni hədələməkdən də çəkinməyib: “Əgər tərəflərdən biri protokolların ratifikasiyasına və yerinə yetirilməsinə əngəl yaradarsa, bütün neqativ nəticələrə görə cavabdehliyi öz üzərinə götürməlidir. Türkiyə və Ermənistan arasında danışıqlar bu ilin fevralında başa çatıb. Bir daha vurğulayıram ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi iki ayrı prosesdir”.
Erməni eksperti Andranik Tevanyan isə keçirdiyi mətbuat konfransında bildirib ki, Ermənistan ilə Türkiyə arasındakı əlaqələrin normallaşması müddətində rəsmi Ankara Dağlıq Qarabağ probleminin həlli istiqamətində İrəvan rəhbərliyi tərəfindən müsbət yöndə addım atılmasını gözləyir. Söylənən bu iddialar qarşısında da “Ermənistan rəhbərliyi hərbi çevrilişlə hakimiyyətdən uzaqlaşdırıla bilər” fikirlərinin yayılmasına səbəb olub. SİA-nın məlumatına görə, o bildirib ki, Dağlıq Qarabağ probleminin həlli istiqamətində protokolların hazırlanması müddətində olduğu kimi güzəştlər edilərsə, hərbi müdaxilə qaçılmaz olacaq.
Cavidan
Editor.Az


