Abunə:
Email:
BAŞ SƏHİFƏ | SİYASƏT | “Azərbaycanı qəsdən Rusiyaya doğru itələyirlər”

“Azərbaycanı qəsdən Rusiyaya doğru itələyirlər”

Şrift ölçüsü: Decrease font Enlarge font

Qabil Hüseynli: “Bölgədə ölkəmiz üçün əlverişsiz iqtisadi-siyasi mühitin formalaşdırılmasına cəhdlər edilir”

“Müstəqil siyasət aparmaq, Azərbaycanın maraqlarını istənilən formada, istənilən forumlarda müdafiə etmək üçün mənə ən çox güc verən Azərbaycan xalqının dəstəyidir. Əgər bu dəstək və inam olmasaydı, mən müstəqil siyasət apara bilməzdim. Mən Azərbaycan xalqının iradəsinə arxalanaraq bu siyasəti aparıram. Bütün Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da heç nəyə baxmadan Azərbaycanın maraqlarını müdafiə etmək üçün istənilən mübarizəyə hazıram və istənilən mübarizədə Azərbaycan xalqını həmişə üzüağ edəcəm”.
Ölkə başçısı İlham Əliyevin bu fikirləri son vaxtlar hakimiyyət təmsilçilərinin beynəlxalq güclərə meydan oxumasına ən yüksək səviyyədə verilən dəstək və stimul sayıla bilər. Xatırladaq ki, Milli Məclisin son iclasında parlament rəhbərliyinə daxil olan şəxslərdən biri BMT-ni “qeyri-ciddi təşkilat” adlandırmışdı. Hakimiyyət deputatlarından bəziləri ABŞ-ın vitse-prezidenti Co Baydenin “Vaşinqton Azərbaycanda demokratik proseslərə dəstək verməyə hazırdır” məzmunlu bəyanatına sərt reaksiya verərək ABŞ səfirliyindən izahat istənilməsi təklifini səsləndirmişdilər. Onlar Amerikanı öz işinə qarışmağa da çağırmaqla sərt bəyanatlar səsləndirmişdilər. Bütün bunların ardınca ölkə başçısının da açıq şəkildə mübarizəyə hazır olduğunu bildirməsi suallar doğurur. Hətta xarici qüvvələrin Azərbaycan hakimiyyətinə alternativlər axtardığı haqda versiyalar gündəmə gəlməkdədir.
Politoloq Qabil Hüseynli isə bu fikirdədir ki, İ.Əliyevin bəyanatları C.Baydenin bəyanatı ilə əlaqədar deyil: “Bu, son dövrlər ölkədə geosiyasi mühit, eləcə də enerjidaşıyıcıları ilə bağlı yaranmış status-kvonu pozmağa çalışanlara mesajdır. Məlum olduğu kimi, Türkiyə Türkmənistan qazı daxil olmaqla, İranla böyük bir müqavilə imzalayıb və bu qazı Azərbaycan qazından yan keçməklə NABUKKO layihəsinin mərkəzinə daxil etməyə çalışır. Düzdür, bu planda Amerikanın əli olduğu böyük ehtimalla söylənilə bilər. Çünki Obama artıq İranla münasibətlərin normallaşmasına sanksiya verib və Türkiyə də bu məsələdə bir vasitəçi, eyni zamanda özünün regional əhəmiyyətini artırmağa çalışan bir dövlət kimi bundan məharətlə istifadə etməyə başlayıb. Belə vəziyyətdə, əlbəttə, Azərbaycan qazından da imtina edilməsinə şərait yaradılıb. Bundan əlavə, Bakı-Ərzurum-Qars kəmərinin özünün taleyi barədə o qədər də xoş olmayan fikirlər yaranıb. Həmçinin Bakı-Tiflis-Qars dəmiryolu barədə müəyyən fikirlər dolaşmaqdadır. Yəni bölgədə Azərbaycan üçün əlverişli olmayan iqtisadi-siyasi mühitin formalaşdırılmasına cəhdlər edilir. Bu səbəbdən prezidentin sərt reaksiya verməsi təbiidir”.
Ekspertin sözlərinə görə, dövlət başçısının mövqeyinin sərtləşməsi Azərbaycana qarşı sərgilənən münasibətə adekvat sayılmalıdır: “Çünki Azərbaycana qarşı ədalətsiz gedişlər edilir. Yəni Azərbaycan NABUKKO layihəsinə imza atıb, Bakı-Ərzurum layihəsi barədə Türkiyə ilə sövdələşmələr olub. Amma bu sövdələşmələrdə Türkiyə həm qiymət, həm də qazın tranziti məsələsində beynəlxalq standartlara uyğun gəlməyən qiymətlər təklif edib. Özü də Azərbaycan təqribən 10 ilə yaxındır ki, Türkiyəyə qazı dünya standartlarından xeyli aşağı qiymətə, 120 dollara satır. Amma bunun müqabilində Türkiyənin son addımları, əlbəttə, pəjmürdəedicidir. Bu sarıdan bölgədə mürəkkəb bir vəziyyət yaranıb. Azərbaycanı həm tənha qoyurlar, həm də qəsdən Rusiyaya doğru itələyirlər. Belə olan təqdirdə Bakının qaz bazarı ilə bağlı Rusiyadan və ola bilsin ki, hətta İrandan başqa seçimi qalmır”. Q.Hüseynli YAP funksionerinin açıqlamaları ilə dövlət başçısının bəyanatı arasında məsafə qoyulmasının tərəfdarı olduğunu vurğuladı: “Çünki YAP-çıların açıqlamaları bir qayda olaraq ciddi siyasi oriyentasiyaya malik olmur, bu səbəbdən də daha çox hiss və emosiyaya söykənir. Amma prezidentin budəfəki cavabı ciddi informasiyalara, təhlillərə söykənib”.

Musavat

Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az