Ermənistanda müharibə narahatlıqları
Azərbaycanın hərbi əməliyyatlara başlaya biləcəyi haqda xəbərlər bu ölkədə ciddi qarşılanır
Ermənistan siyasi çevrələrində Azərbaycanın işğal edilmiş ərazilərini qaytarmaq üçün hərbi əməliyyatlara başlaya biləcəyi haqda xəbərlər narahatlıqla qarşılanıb. Ermənistan Demokrat Partiyasının lideri Aram Sərkisyan keçirdiyi mətbuat konfransında deyib ki, Azərbaycan mətbuatında ABŞ-ın ölkə rəhbərliyini hərbi əməliyyatlara başlamaqdan çəkindirməyə çalışdığı haqda yayılan xəbərlər ona inandırıcı gəlir.“Heç kimə sirr deyil ki, Azərbaycan müharibəyə hazırlaşır, bunu həmin ölkənin böyük həcmdə silah-sursat alması da sübut edir. Lakin mənə belə gəlir ki, ABŞ ötən ilin avqustunda regionda baş verənlərdən nəticə çıxararaq Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların yenidən başlamasına qarşıdır. Çünki hərbi əməliyyatlar balasa bu dəfə regional münaqişə xarakteri daşımayacaq, daha irimiqyaslı xarakter alacaq və nəticələri olduqca ağır olacaq” deyə, Sərkisyan bildirib. Ermənistan parlamentində təmsil olunan İrs müxalifət partiyasında da hesab edirlər ki, Azərbaycanın hərbi əməliyyatlara hazırlaşması barədə yayılan xəbərlər əsassız deyil.
ABŞ dövlət katibinin keçmiş müavini Riçard Armitac isə news.az saytına müsahibəsində deyib ki, Qarabağda yeni müharibə Azərbaycanın maraqlarına uyğun deyil. Çünki müharibə ölkənin iqtisadi inkişafını dayandırardı və hökumətin insan kapitalının inkişafına investisiya qoymaq planlarını məhdudlaşdırardı. Armitaca görə, yaxın zamanlarda münaqişənin nizamlanması prosesində irəliləyiş mümkündür, ancaq münaqişənin qısa zamanda həlli ağlabatan deyil.
MUSAVAT


