Abunə:
Email:
BAŞ SƏHİFƏ | SİYASƏT | Özbəkistan Vaşinqtonun müttəfiqinə çevrilir

Özbəkistan Vaşinqtonun müttəfiqinə çevrilir

Şrift ölçüsü: Decrease font Enlarge font

Ekspertlər hesab edir ki, Əfqanıstan məsələsi Özbəkistan-Amerika danışıqlarında önəmli yer tutur

Birləşmiş Ştatlarla Özbəkistan arasında yaranmış soyuq münasibətlər artıq geridə qalıb və Vaşinqtonun Daşkəndlə münasibətləri yeni mərhələyə qədəm qoyub. Bu haqda ABŞ-ın Özbəkistandakı səfiri Riçard Norland Daşkənddəki Amerika Ticarət Palatasının qarşısında çıxışı zamanı məlumat verib.

Səfir açıq şəkildə bildirib ki, Birləşmiş Ştatlar Özbəkistanla qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsini, siyasi, sosial, iqtisadi, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlıq sferalarının genişləndirilməsinin istəyir. Beləliklə, Avropa İttifaqından sonra Birləşmiş Ştatlar da Özbəkistanla münasibətlərin bərpa edilərək inkişaf etdirilməsində maraqlı olduğunu etiraf etmiş oldu. ABŞ səfiri çıxışı zamanı qeyd edib ki, onun ölkəsi Özbəkistanla birgə bir sıra iqtisadi layihələrin həyata keçirilməsini ikitərəfli münasibətlərin inkişafı baxımından əhəmiyyətli hesab edir. Ölkəsinin iş adamlarına müraciət edən səfir onları Özbəkistan iqtisadiyyatında fəal olmağa, xüsusilə kiçik və orta biznes sahələrinə sərmayə yatırmağa çağırıb. Səfir hesab edir ki, bunun üçün Özbəkistan iqtisadiyyatında münasib şərait var: “Özbəkistan artıq qlobal iqtisadi böhranın mənfi təsirinin qarşısını almağa nail olub. Səfirliyin əsas məqsədi iş adamlarına Özbəkistan iqtisadiyyatının cəlbedici olmasını çatdırmaq, xarici investisiya üçün münasib şərait yaratmaq və dəstəkləməkdir”. Ekspertlər hesab edir ki, tərəflər arasında reallaşdırılması gözlənilən ən maraqlı layihə Nəvaidəki hava limanıdır. Yaxın zamanlarda bu hava limanının miqyasının və yerinə yetirəcəyi işin yükünün artacağı gözlənilir. Səfir diqqətə çatdırıb ki, hava limanında azad iqtisadi zona yaradılması vacib haldır və Amerika investisiyası bu layihənin yaradılması və inkişaf etdirilməsində iştirak edə bilər. Səfir Norlandın fikrincə, Özbəkistan sivilizasiyalar arası dialoqda körpü rolunu oynaya bilər: “Biz bilirik ki, Özbəkistan qeyri-hərbi yüklərinin hava, dəmiryolu və avtomobil yolu ilə Əfqanıstana daşınmasına icazə verməklə ABŞ və NATO-ya böyük kömək etmiş olur. Hesab edirik ki, bunun ardınca daha böyük planların həyata keçirilməsi lazımdır. Məsələn, Avrasiyadan Hind okeanına qədər kommersiya tranzit marşrutunu inkişaf etdirmək olar”. Diplomatın sözlərinə görə, Özbəkistan bu prosesin davamında həlledici rol oynayacaq. Məzari-Şərifə qədər dəmiryolunun uzadılması məsələsi də gündəmdədir, hansı ki, həmin yol vasitəsilə yüklər birbaşa olaraq “böyük yola” çatdırılacaq.

Qeyd edək ki, Özbəkistan Herat şəhərini Pakistan, Hindistan və İran limanları ilə birləşdirəcək dəmiryolunun tikintisi ilə bağlı tenderin qalibi olub. Özbək şirkətləri Məzari-Şərif-Kabil marşrutu üzrə 11 körpünün tikintisini başa çatdırıb, Termezdən Kabilə qədər 300 km-lik elektrik xəttinin quraşdırılması işini sona çatdırmaq üzrədirlər. Özbək rabitə sahəsinin mütəxəssisləri Əfqanıstanın internetə çıxışını təmin edəcək.

Ekspertlər hesab edir ki, Əfqanıstan mövzusu Özbəkistan-Amerika danışıqlarında önəmli yer tutur. Rəsmi Daşkəndin seçdiyi çoxvektorlu siyasətin arxasında əslində nəyin dayanması ilə bağlı fərqli mülahizələr səsləndirilir. Dövlətin özünün milli maraqları, yoxsa supergüclərin maraqları? Özbək politoloq Nur Omarov hesab edir ki, Birləşmiş Ştatların əsas məqsədi Özbəkistan vasitəsilə Əfqanıstana əlavə yol əldə etməkdir. Rəsmi Daşkənd isə yaranan vəziyyətdən maksimum yararlanaraq Birləşmiş Ştatların dəstəyilə dünya siyasətinə daha sıx inteqrasiya olmaq istəyir. Hansı ki, 2005-ci ilin may ayında baş verən məlum Əndican hadisələrindən sonra Özbəkistana qarşı beynəlxalq münasibətlər sistemində ciddi müqavimət var idi. Özbəkistan bir növ Qərb dövlətləri tərəfindən izolə edilmişdi. Bu isə özünü təkcə diplomatik səfərlərin azalmasında göstərmirdi. Ölkə iqtisadiyyatının dirçəldilməsi  üçün lazım olan kredit mənbələrinə çıxış imkanı məhdudlaşmışdı. Qərb kreditlərinin Rusiya maliyyəsi ilə əvəzlənməsi siyasəti Daşkənd üçün qəbule dilməz oldu.

Bəzi ekspertlər hesab edir ki, Amerika-Özbəkistan münasibətlərinin normallaşması Daşkənd həbsxanalarındakı siyasi məhbusların azad olunması ilə nəticələnə bilər. Bu şəxslərin azad olunması Daşkəndin yeni siyasi xətt yeritməsinə işarə ola bilər.

Anar

Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az