“Minsk Qrupu irəliləyişə nail ola bilmir”
Artıq bu məsələni donmuş bir vəziyyətdən çıxarmaq lazımdır. Türkiyə bu istiqamətdə fəaliyyətini davam etdirəcək
“Minsk Qrupu Dağlıq Qarabağ probleminin həllində irəliləyişə nail ola bilmir”. Bu sözləri Suriyanın paytaxtı Dəməşqdə keçirilən İslam Konfransı Təşkilatının (İKT) xarici işlər nazirlərinin toplantısında iştirak edən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib. Bu gün Azərbaycana gələcək Əhməd Davudoğlu səfər öncəsi Türkiyənin bu problemin həllində göstərdiyi cəhdləri də dilə gətirib. O deyib ki, ermənilər tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında son dönəmlər bir diplomatik aktivlik yaşandı. 17 ildir dondurulmuş status artıq yavaş-yavaş müzakirə predmetinə çevrilir. Bu status Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlaması baxımından nə Azərbaycanın, nə də Türkiyənin mənfəətinə uyğun deyil. Yaxın günlərdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan bir araya gələcəklər. Ümid edək ki, bu görüş dondurulmuş münaqişənin bütün tərəfləri məmnun edəcək şəkildə çözülməsinə vəsilə olsun.
İlham Əliyevin ATƏT-in Minnk Qrupuna yönəltdiyi tənqidləri dəyərləndirən Əhməd Davudoğlu: “Əliyevin bu fikirlərinə qatılmamaq mümkün deyil deyib. Ötən vaxt da bunu təsdiq edir. Çünki bu müddətdə münaqişənin həlli istiqamətində heç bir irəliləyiş qeyd olunmadı. Artıq bu məsələni donmuş bir vəziyyətdən çıxarmaq lazımdır. Türkiyə bu istiqamətdə fəaliyyətini davam etdirəcək”,- deyib.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bu axşam Bakıya səfərə gəlir. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib. A. Davudoğlu Azərbaycan rəsmiləri ilə sabah görüşlər keçirəcək. Görüşlərdə iki ölkə arasında münasibətlər, Dağlıq Qarabağ problemi, habelə Türkiyə-Ermənistan danışıqları əsas müzakirə mövzusu olacaq.


