Ermənistan Türkiyənin çağırışlarını rədd edir
”Röyters”: “Türkiyə Dağlıq Qarabağ münaqişəsində kiçicik irəliləyiş axtarır”
Türkiyə-Ermənistan münasibətlərini normallaşdırmağı nəzərdə tutan protokollar hələ də gündəmdədir. Yəqin ki, bu məsələ bir müddət gündəmdə qalacaq, o vaxta kimi ki, protokolların Türkiyə parlamentində təsdiq olub-olunmayacağı bilinsin. İndi bütün beynəlxalq aləm səbirsizliklə Türkiyə parlamentinin bu məsələdə hansı iradəni göstərəcəyini gözləyir. Bu gözləmə ərəfəsində “Vremya novostey”ə müsahibəsində Rusiyada səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə nümayəndəsi Piter Semnebi deyib ki, protokolların ratifikasiya olunacağına 100 faiz qarantiya vermək olmaz: “ Amma əminəm ki, bu, gerçəkləşəcək” (APA).
O bildirib ki, protokolların ratifikasiyası hər iki ölkənin maraqlarına cavab verir: “Bu, Ermənistan üçün həyati əhəmiyyətli məsələdir. Bu, Türkiyənin də maraqlarına cavab verir, bu addım Türkiyənin qonşu dövlətlərə yönəlik yeni siyasətinin ilk nümunələrindən biridir. Əlbəttə, Türkiyə üçün Azərbaycanın maraqlarını nəzərə almaq, azərbaycanlıların bu məsələyə necə reaksiya verəcəyini dinləmək də çox vacibdir. Türkiyə-Ermənistan münasibətlərinin normallaşması yeni imkanlar açacaq, bu addım regionda təhlükəsizlik probleminə müsbət təsir göstərəcək”.
Piter Semnebi Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə əlaqələndirməyin düzgün olmadığını deyib.O, müsahibədə Dağlıq Qarabağ münaqişəsinədə toxunub. Qeyd edilib ki, Azərbaycan və Ermənistan ara aralarındakı münaqişənin həlli mexanizmlərinin müzakirəsində xeyli irəliləyib. Detallarla bağlı çoxlu məsələ hələ qalır və əlverişli mühit yaranarsa, əminəm ki, daha da irəli getmək olar”. Semnebi Azərbaycan və Ermənistanın hansı güzəştlərə gedə biləcəyi haqda suala belə cavab verib: “Mən indi konkret güzəştlər barədə danışa bilmərəm. Hər şey Madrid prinsiplərində aydın yazılıb. Əlbəttə, ən mürəkkəb problemlər detallarda gizlənir, lakin Madrid sənədində hər iki tərəfin güzəştə getməsinə dair qərarlar təsvir olunub. Ən mürəkkəb məsələlər, o cümlədən Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi isə qeyri-müəyyən vaxta qədər təxirə salınır”.
P. Semnebi bildirib ki, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərə bilər: “Biz əminik ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması Dağlıq Qarabağ münaqişəsinin həlli üçün də yeni imkanlar açır. Bu, pozitiv dinamika yaradır. Mən əminəm ki, Ermənistan rəhbərliyi Dağlıq Qarabağda mövcud status-kvonun ömürlük davam etməsinin mümkün olmadığını dərk edəcək”.
Türkiyənin baş naziri Rəcəb Təyyip Ərdoğan isə xalqa növbəti müraciəti zamanı Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ probleminin danışıqlar yolu ilə həll edilməsini istədiklərini deyib: “Prosesin əvvəlindən Azərbaycanın maraqlarını öz maraqlarımızdan ayırmamışıq, hər məqamda Azərbaycanın maraqlarını həssaslıqla müdafiə etmişik”. Ərdoğan bildirib ki, Türkiyənin Ermənistanla münasibətlərin normallaşmasını nəzərdə tutan protokolları imzalamasını “həm Türkiyə, həm də Azərbaycan içində reallıqdan uzaq formada yozanlar, yanlış informasiyalarla iki ölkə arasında münasibətlərin pozulmasına çalışanlar olub.Bizim Azərbaycanla heç bir fərqli problemimiz yoxdur, ola da bilməz. Biz Azərbaycanın problemini öz problemimiz kimi görürük”- deyə, baş nazir bildirib.
Ərdoğan Azərbaycan Milli Məclisinin bu ilin 14 oktyabrında Türkiyədə onunla görüşən heyət üzvlərinə də parlamentdə səsləndirdiyi fikirlərin arxasında olduğunu söylədiyini deyib.
Baş nazir onu da vurğulayıb ki, xarici işlər naziri Əhməd Davutoğlu da Azərbaycana son səfəri zamanı rəsmi Bakını son proseslər barədə məlumatlandırıb: “Dünyanın bugünkü reallıqlarında bölgəmizdəki problemləri həll etmək, əlaqələri inkişaf etdirmək, hər sahədə münasibətlər qurmaq bütün ölkələrin maraqlarına uyğundur”(AzərTAc).
Ərdoğan deyib ki, keçən əsrdən qalan problemləri bu yüzillikdə də davam etdirmək reallığı əks etdirmir: “Dünyanın bugünkü reallığı buna icazə vermir. Bu həqiqəti hər kəsin bilməsinə, sülh və barış proseslərini dəstəkləməsinə ehtiyac var”.
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyansa Dağlıq Qarabağda güzəştə getmək haqda Türkiyənin çağırışlarını rədd edir. Türkiyə Ermənistanla münasibətlərin normallaşması müqabilində təklif edir ki, Ermənistan da Dağlıq Qarabağda güzəştə getsin.
Ermənistan buna qətiyyən razı deyil. Bunu “Röyters” Ermənistanın xarici işlər naziri Nalbandyanla müsahibə əsasında yazır(Azadlıq radiosu). Xarici işlər naziri deyib ki, Türkiyə ilə Ermənistanın danışıqları artıq arxada qalıb. Nəticə budur ki, tərəflər tezliklə diplomatik münasibətlər qurmaq və sərhədləri açmaq haqda öhdəlik götürüblər. Türkiyə liderləri isə deyirlər ki, Türkiyə parlamenti Ermənistanla imzalanmış protokolları təsdiq etməmişdən qabaq, Dağlıq Qarabağ probleminin həllində tərəqqi görmək istəyir. Türkiyə-Ermənistan münasibətlərinin normallaşması ilə Dağlıq Qarabağ sülh prosesi arasında əlaqənin olması fikrini rədd edən Nalbandyan deyib : “Biz protokolları niyə imzalamışıq? Əgər onları ratifikasiya və tətbiq etmək istəmiriksə? Mən düşünürəm ki, beynəlxalq aləm sənədlərin tezliklə ratifikasiya və tətbiq olunacağını və razılaşmalara hörmət qoyulacağını gözləyir. Əgər tərəflərdən biri protokolların təsdiqini yubatsa və ya əngəllər törətsə, neqativ nəticələrə görə bütün məsuliyyət həmin tərəfin üzərinə düşəcək”.
“Röyters” yazır ki, regional güc mərkəzinə çevrilməkdə, Avropa İttifaqına üzv olmaqda Ermənistanla sərhədləri açmaq Türkiyə üçün nəhəng əhəmiyyətə malikdir.Ancaq Türkiyənin dostu Azərbaycan sərhədlərin açılmasına qəzəbli reaksiya verir. Buna görə Türkiyə Dağlıq Qarabağ sülh prosesində heç olmasa, kiçicik irəliləyiş axtarır. “Röyters” yazır ki, Dağlıq Qarabağla Türkiyə-Ermənistan əlaqələrinin normallaşması arasında əlaqə Ermənistanda siyasi dinamitdir. Onsuz da ermənilərin böyük və nüfuzlu diasporası soyqırımı iddiası tanınmadan Türkiyə ilə münasibətlərin normallaşmasının əleyhinədir.
Nalbandyan “Röyters”ə deyib ki, Dağlıq Qarabağ və Ermənistan-Türkiyə münasibətləri iki müxtəlif prosesdir. “Bu təkcə Ermənistanın mövqeyi deyil. Beynəlxalq ictimaiyyət də eyni fikirdədir”. ”Röyters” yazır ki, təhlilçilər Türkiyənin öz ratifikasiya şərtində nə qədər möhkəm olması haqda qəti fikirdə deyillər. Ancaq aprel ayında ermənilər iddia etdikləri soyqırımın 95 illiyini keçirəcəklər. O vaxt Amerika prezidenti ənənəvi olaraq bəyanat verir. Əgər aprelə kimi Türkiyə ratifikasiya etməsə, Türkiyəyə təzyiqlər artacaq.
Türkiyə Ermənistanla imzaladığı yaxınlaşma və sərhədlərlə bağlı protokolları “ağlasığan, məntiqli zaman çərçivəsində” ratifikasiya eləməlidir. Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan Azadlıq Radiosuna belə deyib. Koçaryan onu da vurğulayıb ki, protokolları əvvəlcə Ankara ratifikasiya eləməlidir. Ermənistan Xarici İşlər Nazirinin müavini “məntiqli zaman çərçivəsi” dedikdə nəyi nəzərdə tutduğunu da dəqiqləşdirib. Koçaryanın sözlərinə görə, konkret günlərlə ölçülən vaxtı yox, konkret şəraitə uyğun vaxtı nəzərdə tutub və beynəlxalq ictimaiyyət özü də bu “uyğun zaman” çərçivəsinin nə olduğunu dəqiq anlayır.
Xatırladaq ki, Ermənistan və Türkiyə arasındakı tarixi protokollar oktyabrın 10-da, Sürixdə imzalanıb. Protokollarda ikitərəfli münasibətlərin bərpası, sərhədlərin açılması, mübahisəsli məsələrin həlli nəzərdə tutulur.
FUAD


