Amerikalı diplomat: “Türkiyə-Ermənistan əlaqələrinin yaxşılaşması Dağlıq Qarabağ probleminin həllinə də təsir göstərəcək”
Gəncədə səfərdə olan ABŞ-ın Azərbaycandakı səfirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Terri Devidson şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Kənd Təsərrüfatı Akademiyasının rektoru Mirdaməd Sadıqovla görüşüb.
Diplomat Gəncə şəhər Mərkəzi Kitabxanasında fəaliyyət göstərən Amerika guşəsini ziyarət edib və şəhər İcma Məlumat Mərkəzinə gedib. Mərkəzdə mətbuat konfransı keçirən T. Devidson Ağ Ev və Dövlət Departamentinin Azərbaycanla tərəfdaşlığa xüsusi dəyər verdiyini deyib: “Amerika və Azərbaycan üç əsas sahədə əməkdaşlıq edir. Bu sahələrdən biri ilk növbədə təhlükəsizlik üzrə əməkdaşlıqdır. Bildiyimiz kimi, biz çox təhlükəli bir dünyada yaşayırıq. Biz əməkdaşlıqla çalışırıq ki, dünyanı daha təhlükəsiz edək. İkinci sahə Azərbaycanla neft və qaz sahəsində əməkdaşlıqdır. Biz Azərbaycanı enerji təchizatı sahəsində daha güclü, daha müstəqil və suveren dövlət kimi görmək istəyirik və bu sahədə öz səylərimizi əsirgəmirik. Bundan başqa, biz demokratikləşmə sahəsində də Azərbaycana xüsusi dəstək veririk”.
Diplomat Azərbaycanın 20 ildir məruz qaldığı çətinlikləri anladıqlarını bildirib: “Amerika Ermənistan prezidenti ilə də sıx işləyərək Dağlıq Qarabağ probleminin sülh yolu ilə ədalətli həllinə çalışır. Bildiyiniz kimi, Türkiyə və Ermənistan arasında imzalanan protokollar cəmiyyətdə müəyyən narahatlıq doğurub. ABŞ-ın dövlət katibi Hillari Klinton bu iki ölkə arasında əlaqələrin yaxşılaşdırılmasına dəstək verib. Biz düşünürük ki, Türkiyənin Ermənistanla əlaqələri yaxşılaşdırılması regiona mənfi təsir göstərməyəcək. Əksinə, bu əlaqələrin yaxşılaşması Dağlıq Qarabağ probleminin həllinə də öz təsirini göstərəcək”.
APA


