Türkiyə-Ermənistan münasibətləri qlobal siyasətdə
Oktyabrın 10-u Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələrin bərpasına dair protokolların imzalanması bütün dünyada böyük əks-səda doğurdu.
Türkiyə, Azərbaycan və Ermənistan ictimaiyyəti isə bu addımı birmənalı qarşılamayıb.
Türkiyə
Türkiyə rəsmiləri bildiriblər ki, imzalanmış protokollar Azərbaycanın maraqlarına zidd deyil və Azərbaycanın işğal olunmuş torpaqları qaytarılmyacağı təqdirdə protokol Türkiyə parlamentində təsdiqlənməyəcək. Ancaq vaxtı ilə Türkiyənin ümumiyyətlə belə protokolun imzalanmasının qeyri-mümkünlüyü barədə verdiyi bəyanatlar, protokolların təsdiqlənməyəcəyi barədə bəyanatları şübhə altına qoyur. Türkiyənin özündə əhali Ermənistanla diplomatik əlaqələrin qurulmasına birmənalı yanaşmır. Vətəndaşlar arasında diplomatik münasibətlərin qurulımasının lehinə çıxanların sayı, bu məsələnin əleyhdarlarından heç də az deyil. Azərbaycanda formalaşmış ictimai rəyə əsasən Türkiyə iqtidarı Azərbaycan maraqlarına zidd olaraq Ermənistanla münasibətlərin bərpası, müxalifəti isə Azərbaycan maraqlarının qorunmasının tərəfdarıdır. Nəzərə alsaq ki, istər müxalifət, istərsə də iqtidar qərbyönlü siyasətin tərəfdarıdır və protokolların imzalanması birbaşa ABŞ tərəfindən sifariş olunub, bəlli olur ki, Türkiyə müxalifəti sadəcə olaraq ictmaiyyətin diqqətini özünə tərəf çəkmək istəyir. Xüsusən Türkiyənin milli maraqları Ermənistanla yaxınlaşmanı tələb edərsə, iqtidarda hansı partiya olursa olsun öz milli maraqlarını Azərbaycan maraqlarına qurban verməz.
Ermənistan
Ermənistanda da məsələyə münasibət Türkiyədəki kimi cəmiyyəti iki hissəyə bölüb. Nədənsə bizim mətbuat ermənilərin hamısının iki ölkə arasında münasibətlərin normallaşmasına qarşı çıxış etdiyi barədə rəy yaratmaq istəyir. Erməniləri narahat edən iki məsələ var: Qarabağın işğaldan azad olunması və erməni soyqırımının tanınması. Nəzərə alsaq ki, hər iki məsələ protokolda öz əksini tapmayıb, bu narahatlıqların millətçilik hislərinin müvəqqəti coşması kimi dəyərləndirmək olar. Bir nöqtəyə işarə etmək yerinə düşərdi. Sarkisyanın ABŞ-a səfəri zamanı sadə ermənilər etiraz aksiyası keçirsələr də, ABŞ erməni diasporası rəsmi bəyanatında bildirmişdir ki, Türkiyə Qarabağ və soyqırımla bağlı ilkin şərtlər irəli sürməsə, diaspora protokolların imzalanmasının əleyhinə deyil.
Azərbaycan
Azərbaycanda isə Türkiyə-Ermənistan münasibətlərinin bərpasına münasibət birmənalı olaraq pis qarşılanıb. İstər dövlət rəsmiləri, istər müxalifət nümayəndələri, istərsə də sadə vətəndaşlar bu addımı Türkiyə tərəfindən arxadan vurulmuş zərbə kimi qiymətləndiriblər. Dövlət başçısı protokolların imzalanmasının Türkiyənin suveren hüququ olduğunu və Azərbaycanın bu hüququ pozmaq fikrində olmadığını bildirsə də, Xarici İşlər Nazirliyinin son zamanlar tez-tez verdiyi bəyanat və açıqlamaları rəsmi Bakının ciddi narahatlıqları barədə xəbər verir. Rəsmi mətbu orqanlarında “bütün bəlaların” səbəbkarı olaraq ABŞ-ın göstərilməsi, iqtidaryönlü müxalifət liderlərindən birinin isə Azərbaycanın Rusiya və Belarusiya ilə ittifaqından danışması (hərçənd ki, Rusiya özü bu prosessdə ABŞ-la eyni mövqedən çıxış edib) Qərbi hədələmək cəhdinə bənzəyir.
“Tarixi hadisə”
Dünyada isə iki protokolun imzalanmasına müsbət “tarixi hadisə” kimi baxırlar. BMT-nin Baş Katibi Pan Gi Mun Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasının əsasını qoyan iki protokolun imzalanmasını alqışlayıb.
Pan Gi Mun bu addımın Cənubi Qafqaz bölgəsində sülh, təhlükəsizlik və sabitliyə töhfə verəcəyinə ümidini bildirmişdir. BMT-nin belə mövqedən çıxış etməsi aydındır. Ümumdünya təşkilatı olaraq BMT-nin istənilən iki ölkə arasında diplomatik münasibətlərin qurulmasına müsbət yanaşması təbiidir.
ABŞ-la Rusiyanın vahid mövqedən çıxış etməsi olduqca maraqlıdır. İmzalanma mərasiminə gəlmək istəməyən Nalbandyan, ABŞ dövlət katibi Hillari Klintonun 3 saat davam edən səyləri nəticəsində axırki mərasimə gəlib. Protokollara imza atmağa tələsməyən erməni nazir, Rusiya xarici işlər nazirinin “sakitcə imzala və çıx get” təpkisindən sonra protokollara imza atıb. Nalbandyanın doğurdan da tərəddüd edib etməməsi şübhə doğurur, çünki bu kimi ciddi diplomatik addımlar əvvəlcədən düşünülür. Düşünürük ki, Nalbandyanın hərəkəti planlaşdırılmış və müəyyən ictimayi rəyin formalaşması üçün atılmış bir addım idi.
Rusiyanın mövqeyi
Rusiyanın bu protokolların imzalanmasına dəstək verməsi gözlənilməz idi. Çünki, bu protokol geostrateji baxımdan Qafqazda Rusiya təsir dairəsində olan yeganə dövlətin, yəni Ermənistanın Qərb üçün açılması deməkdir. Bəzi politoloqların bunu Rusiyanın iqtisadi böhrandan sonra zəifləməsi ilə əlaqələndirməsinə inanmaq sadəlövhlük olardı. Əsrlər boyu regionda Rusiyanın beşinci kolonu olan ermənilərin asanlıqla qərbə üz tutması qeyri mümkündür. Demək məsələ daha ciddidir.
İrəvanın bölgədəki ölkələrlə qeyri-rəsmi əməkdaşlığını nəzərə almasaq, blokada vəziyyətində yaşayan Ermənistanın dünyaya yeganə çıxışı İrandır. Bu isə Ermənistanı İrandan asılı durumda saxlayır. İranla həmsərhəd ölkələr içində ikisi – İraq və Əfqanıstan - müharibə şəraitində yaşayır və hazırkı durumda İrandan iqtisadi cəhətdən çox asılıdırlar. Regionun iki qüdrətli ölkəsi - Pakistanla Türkiyə - ABŞ-ın müttəfiqləri olsalar da, İrana qarşı çıxış etmələri qeyri mümkündür. Bu həm İranın hərbi və iqtisadi üstünlüyü, həmçinin İslam faktoru ilə bağlıdır. Deməli, İranın regionun fövqəldövləti olması üçün potensial təhlükə Rusiya yönlü Türkmənistan və qərbyönlü Azərbaycandır. Ancaq hər iki ölkənin İranla eyni mədəni və tarixi köklərə malik olması, İrandan zəif olması bu ölkələrin də İrana qarşı çıxma ehtimalını azaldır. Sual yaranır ki, Rusiyanın bu məsələ ilə nə əlaqəsi var?
Geosiyasi maraqlar
İlk öncə qeyd etməliyik ki, qlobal siyasət keçid dövrü yaşamaqdadır. Soyuq müharibə zamanı mövcud olan ikiqütblü sistem, Sovetlərin süqutu ilə ABŞ timsalında birqütblü düzənlə əvəz olundu. Ancaq müxtəlif bölgələrdə müxtəlif ölkələrin inkişafı, ABŞ mövqelərinin dünya siyasəti və iqtisadiyyatında zəifləməsi, çoxqütblü dünyanın yaranmasından xəbər verir. Hazırda istənilən ölkə üçün qlobal dünyadan daha çox regiondakı mövqeyi prioritet təşkil edir, çünki artıq qlobal siyasətdə hansısa ölkələr yox, regionlar siyasi aktorlar qismində çıxış etməyə başlayır. Rusiya da bunu anlayır və xarici siyasətində ABŞ-la bir çox məsələdə razılşaması və vahid mövqedən çıxış etməsi də əslində buna işarədir. Rusiya gələcək perspektivdə özünü dünya miqyaslı fövqəldövlət yox, qlobal siyasi səhnədə mühüm rol oynayacaq bir regionun güclü dövləti görmək istərdi. Bu işdə isə ona maneə törədən yeganə ölkə İrandır. İran Rusiya ilə eyni bölgədə söz sahibi olmaq iddiasındadır. Sürətlə inkişaf edən İranın regional ölkələrlə mədəni və dini bağlılığını nəzərə alsaq, görərik ki, bu iddianın gerçəkləşməsində İranın şansı Rusiyadan az deyil ki, bəlkə də çoxdur. Rusiyanın məntiqi ilə yanaşsaq, artıq Rusiya ilə sərhəddi olmayan Ermənistanın İranın asılılığından çıxmaq vaxtı çatıb.
Ancaq bu Rusiyanın atdığı addımların yeganə izahı ola bilməz. Digər cəhətdən, çox guman ki, Rusiya Ermənistanın gec-tez blokadadan çıxmaq istəyəcəyini anlayıb və sınaqdan keçmiş köhnə diplomatik üsluba əl atıb – “hadisələri dəyişə bilmirsənsə onların başında dur”. Elə bəlkə bu səbəbdən də, Rusiya bir çox məsələlərdə Qərbin gücünü nəzərə alaraq, onunla konfrontasiyaya girməkdənsə, prosesləri birgə idarə etməyi üstün tutur.
Nəticə
Hər halda, Azərbaycanı bu qədər narahat edən problem, bütün dünyada müsbət qarşılanır. Bu prosessə rəhbərlik edən ABŞ Rusiyanın dəstəyini alıb, Avropa Birliyindən İsrailə kimi protokolların imzalanması “tarixi hadisə”, “regionda sülhün bərqərarı” kimi dəyərləndirilir. Bundan sonra Azərbaycan kimi kiçik bir ölkə bütün dünyaya qarşı dura bilməz və durmayacaq da, Türkiyədən isə mümkün olmayan şeyləri tələb etmək lazım deyil. Heç bir ölkə boş ideallar naminə öz xalqının mənfəətindən keçən deyil. Sadəcə olaraq bu bir ibrət kimi qəbul olunmalı və xarici siyasətdə köklü şəkildə islahatlar aparılmalıdır ki, Qarabağ hansısa fövqəldövlətin siyasi maraqlarının qurbanına çevirilməsin.
"Salam" Analitik Mərkəzi


