"Ermənistan bizim razılaşdırdığımız bəzi məsələləri müzakirə edir"
Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib
"Ermənistan bizim artıq razılaşdırdığımızı düşündüyümüz bəzi məsələləri yenidən müzakirəyə çıxarıb. Belə halda danışıqlar aparmaq çox çətindir. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində aparılan danışıqlarda yeni təkliflər müzakirə olunmur. Danışıqlar artıq 5 ildir ki, müzakirə etdiyimiz əsas prinsiplər üzərində davam etdirilir". Bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov deyib.
İlkin mərhələdə neçə rayonun azad olunması və statusla bağlı məsələyə gəldikdə isə nazir rəsmi Bakının münaqişənin mərhələlərlə həllinin tərəfdarı olduğunu bəyan edib.
"Bu, mərhələli prosesdir. İlk növbədə əlbəttə işğal olunmuş torpaqlardan Ermənistan qoşunları çıxarılmalıdır. Bütün kommunikasiyalar bərpa olunmalıdır. Ondan sonra məcburi köçkünlər qayıtmalıdır. Sülh-stabillik yaradılmalı, iqtisadiyyat inkişaf etməlidir. Ondan sonra gərək Dağlıq Qarabağın statusunu müəyyənləşdirək. Azərbaycan tərəfi hər dəfə deyib və yenə də təkrar edir ki, Dağlıq Qarabağda yaşayan erməni icması, Azərbaycan icması ilə birlikdə statusu müəyyənləşdirəcək. Amma status Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müəyyənləşdiriləcək".
Xəbər lenti


