Ziyafət Əsgərov da Azərbaycanın hərbi yola əl ata biləcəyini deyir
«Ermənistan problemin dinc yolla həllini uzadarsa, Azərbaycan işğal olunmuş ərazisini hərbi yolla azad etmək məcburiyyətində qalacaq»
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov noyabrın 23-də Böyük Britaniyanın Lordlar Palatasının üzvü Anderson Ueverli ilə görüşündə belə deyib. Milli Məcilsin mətbuat xidmətindən verilən məlumata görə, birinci vitse-spiker bildirib ki, ATƏT-in Minsk qrupunun 18 il fəaliyyət göstərməsinə baxmayaraq münaqişənin həllində heç bir nəticə əldə olunmayıb: «Hazırkı status-kvonu saxlamaqda maraqlı olan Ermənistan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə əməl etmir». Söhbət zamanı lord Veyverlinin nəzərinə çatdırılıb ki, iki ölkənin prezidentləri səviyyəsində aparılan danışıqlar müntəzəm davam etdirilir, növbəti görüş dünən Almaniyanın Münhen şəhərində baş tutub. 10 ildən çoxdur ki, parlamentarilər səviyyəsində də görüşlər keçirilir. Lakin işğalçı Ermənistan özünü ciddi dövlət kimi aparmır və danışıqlarda nail olunmuş müsbət tendensiyalardan imtina etməklə münaqişənin həllini uzadır. Milli Məclis sədrinin birinci müavini qeyd edib ki, Azərbaycan sülh tərəfdarıdır və münaqişənin sülh yolu ilə həllini istəyir. Amma Ermənistan Dağlıq Qarabağ probleminin dinc yolla həllini sonsuza qədər uzadarsa, Azərbaycan işğal olunmuş ərazisini hərbi yolla azad etmək məcburiyyətində qalacaq.
Beynəlxalq hüququn Dağlıq Qarabağ münaqişəsinə seyrçi mövqedən yanaşdığını deyən Z.Əsgərov vurğulayıb ki, dünya dövlətləri işğala məruz qalmış Azərbaycanla işğalçı Ermənistana eyni münasibət bəsləməməlidir: «Bu iki dövlətin hər birinə əməlinə görə qiymət verilməlidir, münaqişənin çözülməsinə də məhz həmin prizmadan yanaşmaq lazımdır».
Öncə ölkəmizə gəlişinin məramını açıqlayan lord Veyverli isə bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə deyilənlərlə əsasən razıdır. Görüşdə polemikaya üstünlük verən Böyük Britaniyanın Lordlar Palatasının üzvü dünya siyasətində Dağlıq Qarabağ probleminə dair fikir və mülahizələrini bölüşüb. Qonağı maraqlandıran suallara yerindəcə aydınlıq gətirildi. Lord Veyverli qeyd edib ki, münaqişənin həlli üçün öncə Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır, sonra qaçqınlar və məcburi köçkünlər doğma yurdlarına qaytarılmalıdır, Dağlıq Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinə təminat verilməlidir.
Söhbət zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
//QayNar
Xəbər lenti


