Gültəkin Hacıbəyli: "Minsk Qrupu 15 il ərzində münaqişənin həllinə hər hansı töhfəni verməyi bacarmayıb"
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyəti rəhbərinin müavini ATƏT-in Minsk Qrupunu Dağlıq Qarabağ problemi ilə bağlı danışıqların imitasiyası ilə məşğul olmaqda ittiham edib.
"Minsk Qrupu artlq 15 ildir fəaliyyət göstərir. Bu müddət ərzində münaqişənin həllinə hər hansı töhfəni verməyi bacarmayıb. Bölgəyə turist səfərlərini həyata keçirməklə məşğul olub. Ən acınacaqlı məsələ odur ki, beynəlxalq ictimaiyyət hər zaman Azərbaycanın üzərinə təzyiq edərək münaqişənin Minsk Qrupu farmotında həll etməyin zəruriliyini vurğulayır və Azərbaycan tərəfindən bunu israrla tələb edir. Azərbaycan belə olan şəraitdə Minsk Qrupu çərçivəsində münaqişənin həllinə güvənə bilməz"- bunu jurnalistlərə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyəti rəhbərinin müavini, deputat Gültəkin Hacıbəyli deyib. Hacıbəyli deyib ki, əgər bir qrup uzun müddətdə hər hansı, hətta ən xırda bir nəticə əldə edə bilməyibsə, onda nə üçün biz ən həssas problemlə bağlı ümidlərimizi belə bir formata bağlamalıyıq? "Bu gün dünyaya qanun yox, güc hakimlik edir. Bu baxımdan münaqişənin həlli yolu güclü Azərbaycan dövləti, güclü ordu və iqtisadiyyata bağlıdır, diplomatiyamızın qüdrətinə və Azərbaycan xalqının yekdilliyinə bağlıdır. Beynəlxalq təşkilatların təzyiqi ilə üzləşəcəyik və üzləşirik də. Bunun üçün də biz güclü olmalıyıq ki, bu təzyiqlərə tab gətirək",
Xəbər lenti


