Abunə:
Email:
BAŞ SƏHİFƏ | SİYASƏT | XARİCİ SİYASƏT | Kremldən məntiqsiz qərar

Kremldən məntiqsiz qərar

Şrift ölçüsü: Decrease font Enlarge font

Rusiyanın ayrılıqda həll edə bilmədiyi Şimali Qafqaz problemlərini birləşdirməsi nəticə verməyəcək

Vəfa Quluzadə: «Rusiyanın Şimali Qafqazda situasiyanı nəzarətinə almaq üçün imkanları tam tükənib»

Rusiyanın yeni federal qurum yaradaraq Qafqaz respublikalarını birləşdirməsi heç də birmənalı qarşılanmayıb. Ekspertlərin fikrincə, bu, Rusiyanın Şimali Qafqazdakı siyasətinin və nüfuzunun nə dərəcədə acınacaqlı durumda olduğunu göstərir. Bir müddət əvvəl Dağıstanda baş verən terror aktları bölgədəki vəziyyətə Kremlin nəzarəti demək olar ki, itirmək üzrə olduğunun bariz nümunəsidir.
Rusiyanın cənubunda yaradılan yeni federal dairəyə Şimali Osetiya, Çeçenistan, Dağıstan, Inquşetiya, Kabardin-Balkar, Stavropol vilayəti və Qaraçay-Çərkəz respublikaları daxildir. Dairənin rəhbəri isə Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi və Rusiyanın baş nazirinin müavini Aleksandr Xlopon təyin olunub. Prezident Dmitri Medvedevə məxsus olan bu ideya baş nazir Vladimir Putin tərəfindən də dəstəklənir. Xloponu qəbul edən D.Medvedev onun üzərinə böyük məsuliyyətin düşdüyünü vurğulayıb. Bəs görəsən Kremlin bu addımı Şimali Qafqazdakı situasiyanı nəzarət altına almağa kömək edəcəkmi?
Politoloq Vəfa Quluzadənin fikrincə, Rusiyanın bu addımı situasiyanı normallaşdırmaq üçün təlaşdan atılan addımdır. Ona görə də politoloq hesab edir ki, Kremlin bu addımı gözlənilən nəticəni verməyəcək və verə də bilməz: “Rusiyanın Şimali Qafqazda situasiyanı nəzarətinə almaq üçün imkanları tam tükənib. Kreml hazırda elə təəssürat yaratmağa çalışır ki, guya vəziyyətin normallaşdırılması üçün iş görür. Digər tərəfdən Rusiya prezidentinin bu vəzifəyə təyin etdiyi şəxs düşünmürəm ki, Şimali Qafqazdakı situasiyadan baş çıxartsın. Onun əvvəl çalışdığı regionun xüsusiyyətləriylə Şimali Qafqaz tam fərqlənir”.
Vahid dairədə birləşdirilən respublikaların rəhbərlərinin birgə fəaliyyət göstərməsinin də problemli məsələ olduğunu deyən V.Quluzadə bildirdi ki, hazırda Şimali Qafqazın əsas problemləri işsizlik və ədalətsizlikdir ki, bunların da hər ikisinin mənbəyi Rusiyadır. Bu baxımdan Rusiyanın ayrılıqda həll edə bilmədiyi problemləri birləşdirərək həllinə çalışması məntiqsizlikdir: “Rusiya hazırkı vəziyyətiylə regionları üçün cəlbedici deyil. Rusiyanın iqtisadi cəhətdən geriliyi onun nüfuzunu ciddi şəkildə aşağı salır. Bu baxımdan Rusiyanın rəhbərləri problemlərin həllinə Kremlin özündən başlasalar yaxşı olar”.
 
Xəyal
Azadliq
Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az