Editor.Az / Xəbər: Türkiyə-Ermənistan danışıqları pozula bilər Türkiyə-Ermənistan danışıqları pozula bilər ================================================================================ admin on 29/01/2010/ 20:43 Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı protokolların imzalanması deyəsən ümidləri doğrultmayacaq. Belə ki, Ermənistan-Türkiyə protokollarının ölkənin əsas qanununa uyğunluğunun tanınması barədə Ermənistan Konstitusiya Məhkəməsinin qərarı Türkiyənin xoşuna gəlməyib. Qeyd edək ki, Ermənistan Konstitusiya Məhkəməsi öz qərarında bildirib ki, Ermənistan-Türkiyə protokollarında müəyyən edilmiş öhdəliklər qarşılıqlı dövlətlərarası xarakter daşıyır və üçüncü ölkəyə şamil oluna bilməz. Konstitusiya Məhkəməsi həmçinin bildirib ki, protokollarda prioritet müddəa Ermənistan-Türkiyə sərhəddinin açılmasıdır. Digər öhdəliklər sərhədlər açıldığı halda hüquqi qüvvəyə minəcək.Yeri gəlmişkən, erməni tərəfi Ankaranı protokolları ratifikasiya etməyə və Dağlıq Qarabağ münaqişəsinin həllini ikitərəfli münasibətlərin normallaşdırılması prosesilə əlaqələndirməməyə çağırır. Ötən gün Ermənistanın Prezident Aparatı rəhbərinin müavini Vigen Sərkisyan sözügedən qəzetə müsahibəsində bəyan edib ki, tərəflər belə mərhələyə məsələ getdikcə mürəkkəbləşən vaxtda yaxınlaşırlar. Onun sözlərinə görə, “Ermənistan hökuməti ratifikasiya olunmuş sənədləri parlamentə göndərir ki, o da öz növbəsində prezidentə bu sazişin altından atdığı imzadan imtina etmək hüququ verən sənədlər hazırlayır”. V.Sərkisyanın qeyd etdiyi kimi, əgər sənədlərin ratifikasiya olunmaq imkanı əldən buraxılarsa, onda bu, bütün regionu geriyə, bizim başladığımız yerə yox, əksinə daha uzağa atacaq. Belə olan halda iki tərəf arasındakı etimad azalacaq”. Bundan əvvəl Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bəyan edib ki, Türkiyə ilə danışıqlar prosesinin pozulacağını istisna etmir: “Əgər Türkiyə protokolları imzalamağa hazır olmayacaqsa, əgər ultimatum dilində danışmağı davam etdirəcəksə, şərt irəli sürəcəksə və prosesi ləngidəcəksə, onda istisna etmirəm ki, danışıqlar pozulacaq”. Ermənistan-Türkiyə münasibətləri Londonda Əfqanıstana həsr olunmuş beynəlxalq konfransda da müzakirə edilib. Halbandyan ABŞ-ın dövlət katibi Hillari Klintonla görüşüb. Ermənistan XİH-dən bildiriblər ki, görüşdə Ermənistan-Türkiyə münasibətləri və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirə aparılıb: “Klinton ABŞ-ın Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesinə, imzalanmış protokolların tezliklə ratifikasiyasına və həyata keçirilməsinə ABŞ-ın dəstəyini təsdiqlədi”. Nalbandyan isə deyib ki, Ermənistan Konstitusiya Məhkəməsinin qərarı İrəvanın öz üzərinə götürdüyü öhdəliklərə sadiq qaldığının daha bir göstəricisidir. O, Türkiyədən də bu cür yanaşma gözlədiklərini söyləyib. Nazir ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın rolunun vacibliyinə diqqət çəkib və Rusiya, Ermənistan, Azərbaycan prezidentlərinin Soçi görüşünün yekunları haqqında dövlət katibini məlumatlandırıb. Bundan öncə isə Londonda Klinton Türkiyənin XİN rəhbəri ilə görüşüb. Görüşdə Türkiyə tərəfi Ermənistanın Konstitusiya Məhkəməsinin çıxardığı qərardan narahatçılığını bildirib. Qeyd edək ki, Londonda Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan arasında da görüş keçirilib. Türkiyə KİV-lərinin məlumatına görə, qısa görüş zamanı Davudoğlu Türkiyə tərəfinin protokolların gələcək aqibətindən narahatçılığını ifadə edib. Görüşdən sonra keçirdiyi mətbuat konfransında o Ermənistan Konstitusiya Məhkəməsinin qərarının tam mətni açıqlanan gün Türkiyə XİN-in müvafiq bəyanat verdiyini xatırladıb: “Biz Ermənistanla imzalanan protokolların ruhuna və məzmununa zidd şərhlərlə prosesin düzgün istiqamətdə irəliləyəcəyinə inanmırıq. Hər ölkənin daxili prosedurlarına hörmət edirik. Protokolların Ermənistan Konstitusiya Məhkəməsinə göndərilməsi bu ölkənin daxili prosedurudur. Lakin bizi maraqlandıran odur ki, bu prosedur həyata keçirilərkən altına imza atdığımız sənədlərin mahiyyəti dəyişməsin. Konstitusiya Məhkəməsinin qərarının hüquqi mətn olduğu üçün bunu nəticələrinin aydınlaşdırılmasını gözləyirik. Ermənistan tərəfi bizim mövqeyimizin, qənaətimizin nədən ibarət olduğunu bilir. Bizim üçün önəmli olan bu prosesin davam etməsidir. Bu məqsədlə əlimizdən gələni edəcəyik”. Nəzərinizə çatdıraq ki, Ermənistan və Türkiyə mətbuatının məlumatına görə, nazirlər gələn həftə Almaniyanın Münhen şəhərində keçiriləcək təhlükəsizlik konfransında bir daha görüşmək barədə razılığa gəliblər. Ermənistan XİH mətbuat katibi Tiqran Balayan isə “İnterfaks”a müsahibəsində XİN başçılarının münhendə görüşəcəyi ilə bağlı deyilənləri təkzib edib: “Nalbandyanın Münhen konfransında iştirakı planlaşdırılmayıb. Odur ki, Ermənistan XİN başçısının Münhendə Türkiyə XİN başçısı ilə görüşündən söhbət bele gedə bilməz”. “Türkiyə-Ermənistan münasibətlərinin nizamlanması gözlənilməz siyasi gedişdən asılıdır”. Belə bir iddia ilə də “Uoll Strit Journal” qəzeti çıxış edib. Qəzet yazır ki, sərhədlərin qarşılıqlı şəkildə açılması və iki ölkə arasında diplomatik əlaqələrin yaradılması istiqamətində səylər getdikcə iflsasa uğrayır. Müəllif Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Soçidə keçirilən üçtərəfli görüşünə də diqqət çəkir. Bildirilir ki, Ermənistan prezidenti Serj Sərkisyanın “indi vəziyyətin daha da pisləşdiyi bir mərhələyə yaxınlaşırıq” fikri 24 Aprel tarixinin yaxınlaşması ilə erməni tərəfinin diplomatik səyləri azaltması anlamına gəlir: “Ermənistan protokolların təsdiq edilməsi üçün parlamentə göndərib. Bununla belə prezidentə protokollardan imtina üçün əsas verən qanun layihəsi hazırlanır”. Qeyd olunur ki, bununla yanaşı protokolların hökumət tərəfindən geri çəkiləcəyi ilə bağlı informasiyalardan Ermənistanda narahat olanlar da var. Yazıda müəllif Azərbaycan prezidenti İlham Əliyevin Türkiyə-Ermənistan münasibətləri ilə əlaqədar dediyi fikirlərə yer verib: “Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyincə, Türkiyənin protokolları imzalamayacağından əminik”. Qəzet qeyd edir ki, Türkiyənin bu şərti olmasaydı, böyük ehtimalla Ermənistan Dağlıq Qarabağ danışıqlarını dondurardı. Ermənistan-Türkiyə münasibətləri tanınmış jurnalistlərin də diqqət mərkəzindədir. Türkiyənin “Hürriyet” qəzetinin köşə yazarı Ferai Tınçisə iki ölkə arasında imzalanan protokolların taleyinin sual altına düşdüyü fikrindədir: “Ermənistan Konstitusiya Məhkəməsi prezident Sərkisyanın tələbi ilə Türkiyə ilə imzalanmış protokolların Konstitusiyaya uyğun olmasına dair qərar qəbul etdi. Ancaq bu qərar prosesə müsbət təsir göstərmədi, əksinə ciddi bir krizis yaratdı. Qərarın “Səbəb” bölümündə iki ölkə arasındakı yaxınlaşma prosesində atılacaq hər addımın Ermənistan Konstitusiyası və Müstəqillik Bəyannaməsinin XI maddəsinə uyğun olmasının lüzumu qeyd edilir. Ona görə də bu protokolların həyata keçirilməsi prosesində Ermənistan soyqırımı iddiasının beynəlxalq ictimaiyyət tərəfindən tanınması üçün öhdəyə götürdüyü məsuliyyətdən kənara çıxa bilməz. XI maddə bunu nəzərdə tutur”. Erməni tərəfinin protokollarda Dağlıq Qarabağla bağlı məsələnin yer almasına etiraz etdiyini deyən Tınç bildirib ki, əgər Türkiyə addım atmazsa, Ermənistandakı müxalifət və və diaspora Obamanın 24 apreldəki nitqində “soyqırımı” sözünü işlətməsi üçün güclü bir səbəb əldə edəcək. “Milliyet” qəzetinin yazarı Sami Kohen isə baş verənlərdən Ermənistanın uduzacağı fikrindədir: “Ermənistanla razılığa gəlmək mümkün deyil. İşi bundan artıq zorlamağa gərək yoxdur. Burada ziyanı yenə Ermənistan görəcək. Bizim itirəcək bir şeyimiz olmaz”. O protokolların imzalanmasının əslində iki ölkə arasında münasibətlərin yaxşılaşmasında bir o qədər də rol oynamadığını da bildirib: “Sənədlərin parlamentlər tərəfindən təsdiqi mərhələsinə gəlinmədən hər iki tərəf protokolları özlərinə görə şərh etməyə və beləliklə, keçmişdəki anlaşmazlıqları təkrar ön plana çıxarmağa başladı. Türk hökuməti razılaşmanı həyata keçirə bilmək üçün lazımi təsdiqi protokollarda yer tutmayan Dağlıq Qarabağ probleminin həll edilməsi şərtinə bağladı”. B.ŞIXLI