«Ermənistan-Türkiyə protokolları iflasa uğrayıb»
Ərdoğan: «Ermənistan işğala son qoysa, bütün problemlər həllini tapar»
Türkiyə parlamentinin deputatı, Cümhuriyyət Xalq Partiyasının Böyük Millət Məclisindəki fraksiyasının sədr müavini Hakkı Suha Okay hesab edir ki, Türkiyə hökuməti ermənilərlə barışığa gedən zaman ictimaiyyətin fikrini nəzərə almayıb. Parlamentari bu sözləri Day.Az saytına müsahibəsində bildirib. «Ərdoğan və hakim partiya düzgün yol tutmamışdı. Sürix protokolları türk xalqının maraqlarına ziddir. Əgər Azərbaycanla «bir millət, iki dövlət» şüarı əsasında danışırıqsa, bu şüarın tələblərinə əməl olunmalıdır», - deyə deputat qeyd edib. Ermənistan Konstitusiya Məhkəməsinin protokollara birtərəfli qaydada dəyişikliklər etdiyini xatırladan Okay son hadisələrdən sonra həmin sənədlərin tam fiaskoya uğradığına əmindir: «Mən Türkiyənin onları heç zaman ratifikasiya etməyəcəyini düşünürəm». Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan isə TRT kanalına müsahibəsində Cənubi Qafqazdakı vəziyyətə toxunub: «Ermənistanla protokolların ratifikasiyası, sərhədlərin açılması və s. məsələlərdə bizim ATƏT-in Minsk qrupundan həllini istədiyimiz bir məsələ var. Mən bunu Amerikaya son səfərimdə Barak Obamaya və Rusiyaya səfərimdə Dmitri Medvedevə və Vladimir Putinə də çatdırdım. Minsk qrupunun ciddi etinasızlığı var. Yəni, 20 ilə yaxın bir müddətdə bu işi başa çatdıra bilmədilər. Əgər, Rusiya, ABŞ və Fransa bu vaxt ərzində məsələni həll etsəydi, bu gün problemlər də olmazdı. Əgər onlar istəsəydilər, Ermənistan bu işğala son qoyardı. Məlumdur ki, Ermənistan Azərbaycan ərazisini işğal edib. Bunu BMT təsdiq və təsbit edib. İşğala son qoyulduqdan sonra ortada bu cür problem qalmayacaq. Amma, Rusiya, ABŞ və Fransa bu istiqamətdə gözlənilən səyləri göstərmir. Aprel ayı yaxınlaşır və “ABŞ Konqresində elə olacaq, belə olacaq” fikirlərinə qarşı biz onlara söylədik ki, sizin parlamentiniz olduğu kimi, bizim də var. Biz hər hansı məsələdə parlamentimizə təzyiq göstərə bilmərik və onun hər bir qərarına əməl edəcəyik. Biz İsveçrədə imzalanmış protokolu da parlamentə göndərmişik. Amma, Ermənistan bu sənədlərə dəyişikliklər edərək parlamentə göndərir. Burada, bəlkə Sarkisyan öz siyasi mövqeyini gücləndiirmək istəyir. Bizim Cənubi Qafqaz platforması çərçivəsində atdığımız addımların da bu proseslə yaxın əlaqəsi vardır. Amma, bir nəticə əldə edilmədiyi halda, biz Amerikanın tələbi əsasında “tamam, biz bu addımı atırıq” da deyə bilmərik”. Onun sözlərinə görə, Ermənistan hələ prosesin başlanğıcında məsələyə uğursuz müdaxilə edib: «Bu müdaxilənin nəticəsi aradan qaldırılmamışdan biz Ermənistan rəsmiləri nəyi görüşüb müzakirə edə bilərik? Ermənistan məsələni bir də gözdən keçirməlidir». Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, Ermənistan son illər Türkiyənin atdığı müsbət addımlara uyğun cavab verməyib: «Hazırda Türkiyədə 170 minə yaxın erməni var və bunlardan yalnız 70 mini ölkə vətəndaşıdır. Qalanları qaçaq kimi yaşayır və gərginliyi artırmamaq üçün biz buna göz yumuruq. İstanbuldakı erməni əsilli vətandaşlarla görüşümdə də mən bunları çatdırdım».
Cavidan
Xəbər lenti


