Abunə:
Email:
BAŞ SƏHİFƏ | SİYASƏT | DAXİLİ SİYASƏT | Millət vəkili hədəfdədir

Millət vəkili hədəfdədir

Şrift ölçüsü: Decrease font Enlarge font
Əhəd Abıyev Əhəd Abıyev

Əhəd Abıyev: "Ümumiyyətlə, ermənilərlə bu və ya digər formada hər hansı bir masada oturanlara da tövsiyə edib ki, belə bir addım atmasınlar".

Son zamanlar ölkə mətbuatının gündəmindən düşməyən millət vəkilləri sırasında Əhəd Abıyevin də adı çəkilir. Müxtəlif məqamlarda adı hallanan bu şəxsin bir ara həyatına təhlükələrin yarandığı da söylənildi. Digər həmkarlarından fərqli olaraq Ə.Abıyev fikirləri ilə medianın gündəmində qalıb. Hansı ki bu fikirlər sonradan onun başına bəla olub.
Xatırladaq ki, Ə.Abıyev Masallıda baş verən məlum hadisələrdən sonra daha da "məşhurlaşdı". Onun baş verənlərdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin adını hallandırmasından sonra vəziyyət daha da gərginləşmişdi. Yerli medianın yazdığına görə, deputat onda bildirmişdi ki, sahibkar Çingiz Həşimovla oğlu Yaşar Həşimovun azadlığa buraxılmaması barədə hüquq-mühafizə orqanlarına göstərişi R.Mehdiyev verib. Masallıda baş verən məlum hadisələrdən sonra onun icra başçısı Qəzənfər Ağayevlə üz-üzə gəlməsi, birincinin ikinci barədə kompromat toplaması da vəziyyəti gərginləşdirdi. Bu günlərdə isə Ə.Abıyev yeni bir mövzu ilə gündəmdə qalıb. Belə ki, parlamentari Ermənistanın dini lideri olan II Qareginlə bağlı müxalifət mətbuatının suallarını cavablandırarkən deyib ki, o, ermənilərin katolikosu ilə görüşmək niyyətində deyil və ümumiyyətlə, ermənilərlə bu və ya digər formada hər hansı bir masada oturanlara da tövsiyə edib ki, belə bir addım atmasınlar. Maraqlıdır ki, parlamentari özü də bilmədən 1994-cü ildə imzalanan atəşkəs müqaviləsindən sonra danışıqlar prosesinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqları tənqid edib. Yəni Ə.Abıyev "Mən ermənilərlə hər hansı bir danışığın əleyhinəyəm" deməklə dövlət səviyyəsində aparılan danışıqları tənqid atəşinə tutub. Amma nədənsə, parlamentari unudub ki, onun həmkarları da belə görüşlərdə iştirak edirlər. Bu cür görüşlər isə ATƏT PA çərçivəsində, AŞ PA-da təmsil olunan Azərbaycan nümayəndə heyəti ilə Ermənistan nümayəndə heyəti arasında, eyni zamanda da MDB PA-da təmsil olunan nümayəndə heyətləri arasında davamlı olaraq baş tutur. Belə çıxır ki, Ə.Abıyev deputat həmkarlarının da bu cür görüşlərinə sıcaq baxmır. Millət vəkilinin II Qareginlə görüşdən imtina etməsi isə ekspertlər tərəfindən də birmənalı qarşılanmır. Söhbətləşdiyimiz ekspertlər hesab edirlər ki, millət vəkili II Qareginlə görüşdən imtina etməməli və əksinə, çalışıb onunla görüşməlidir. Ekspertlərin fikrincə, Ə.Abıyev II Qareginlə görüşüb ermənilərin işğalçılıq siyasətini bir daha ortaya qoyarsa, bu, işin xeyrinə ola bilər, nəinki onunla görüşdən imtina etmək. Onu da qeyd edək ki, Ə.Abıyevin düşdüyü durum onun YAP-dan uzaqlaşdırılması və bu il keçiriləcək növbəti parlament seçkilərindən kənarda qala biləcəyi ilə nəticələnə bilər. Eyni zamanda onun həbsi ilə bağlı məlumatlar da dolaşmaqdadır. Məsələlərə aydınlıq gətirmək üçün millət vəkili ilə əlaqə saxladıq. Masallıda ovda olduğunu öyrənsək də, vaxt tapıb telefonumuza cavab verdi. Deputat bildirdi ki, onun üçün heç bir təhlükə yoxdur və heç bir təhlükədən də qorxmur: "Sadəcə, müxalifət dediklərimi təhrif edib. Mən kiməm ki, Qareginlə hansısa məsələ ilə bağlı fikir mübadiləsi aparam. Mən adi millət vəkiliyəm və Qarabağla bağlı danışıqlarda dövlət tərəfindən heç bir tapşırıq almamışam. Təmsil olunduğum partiyanın lideri var. Danışıqlar prezidentlər və xarici işlər nazirləri səviyyəsində aparıldığından mənim buna heç bir qarışacağım yoxdur". Ə.Abıyev onu da bildirdi ki, Əli Kərimov və onun komandası onun fikirlərini təhrif edərək mətbuatda yayırlar ki, bu da onların müxalifət kimi qərəzli mövqeyindən irəli gəlir.
   
   
Nahid Canbaxışlı
"Həftə-İçi" qəzeti
Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az