Abunə:
Email:
BAŞ SƏHİFƏ | SİYASƏT | DAXİLİ SİYASƏT | Bənəniyar hadisələri araşdırılır

Bənəniyar hadisələri araşdırılır

Şrift ölçüsü: Decrease font Enlarge font
Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov

Bəzi qüvvələr Bənəniyar kəndində baş verən hadisədən öz xeyirlərinə yararlanmağa çalışırlar

Ölkəmizin bütün sahələrdə sürətli inkişafı, əhalinin sosial rifah halının günü-gündən yaxşılaşması, vətəndaş cəmiyyəti quruculuğu, dini etiqad azadlığının təmin edilməsi, həyata keçirilən böyük quruculuq işlərini gözü götürməyənlərin olduğu hər kəsə məlumdur. Onlar xaricdəki havadarlarının hərtərəfli köməkliyi ilə ölkəmizdə bütün sahələrdə baş verən inkişafı görməzlikdən gələrək, burada insan hüquqlarının kobud şəkildə pozulduğu, insanların hüquq-mühafizə orqanları tərəfindən zorakılığa məruz qaldıqlarını qabartmaqla beynəlxalq aləmdə ölkəmiz haqqında mənfi rəy yaratmağa çalışırlar. Bu dəfə isə onlar Naxçıvan Muxtar Respublikasının (MR) Bənəniyar kəndində baş verən hadisədən öz xeyirlərinə yararlanmaq istəyirlər.

Xatırladaq ki, ötən il dekabrın 27-də Aşura gününün qeyd olunması ilə əlaqədar Muxtar Respublikanın Culfa rayonu Bənəniyar kəndində yerli sakinlərlə polis arasında qarşıdurma olduğu, yerli camaata güc tətbiq edildiyi, bir neçə nəfərin həbs olunduğu barədə məlumatlar yayılıb.

Qeyd edək ki, ABŞ və Norveçin ölkəmizdəki səfirlikləri nümayəndələrinin Naxçıvan-a səfəri ilə bağlı açıqlama yayıb. Açıqlamada  iddia edilir  ki, yanvarın 13-də Bənəniyar kəndindəki vəziyyətlə yaxından tanış olmaq məqsədi ilə ABŞ və Norveç səfirliklərinin diplomatları həmin kəndə gediblər: “Lakin bir qrup insan kəndin girişində avtomobili saxlayıb, diplomatları hədələyərək onları, kənd sakinləri ilə hər-hansı əlaqə yaratmadan ərazini tərk etməyə məcbur ediblər “.

Bəyanatı APA-ya şərh edən Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov isə Bənəniyar hadisələri ilə bağlı lazımi araşdırmaların aparıldığını deyib. Azərbaycanda akkreditə olunmuş diplomatların təhlükəsizliyinin təmin olunması məsələsinə gəlincə, E. Poluxov Azərbaycanın bununla bağlı üzərinə düşən öhdəlikləri tam yerinə yetirdiyini vurğulayıb: “Azərbaycanın 1961-ci ildə qəbul olunmuş diplomatik münasibətlərə dair Vyana konvensiyası ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsində heç bir problem yoxdur”.

Yuxarıda da qeyd etdiyimiz kimi son illər Azərbaycanda demokratiyanın inkişaf etdirilməsi, vətəndaş cəmiyyəti quruculuğu, dini etiqad azadlığının təmin edilməsi və vətəndaş həmrəyliyinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Lakin bəzi xarici təşkilatlar, həmçinin ayrı-ayrı ölkələrin Azərbaycandakı səfirlikləri diplomatik etiket normalarına uyğun gəlməyən fəaliyyət nümayiş etdirir, ölkəmizin daxili işlərinə müdaxilələrə yol verir, bəzi hallarda isə Azərbaycanda ictimai asayişin pozulmasına, ayrı-ayrı şəxslərlə dövlət orqanları arasında ziddiyyət yaranmasına çalışırlar.

Onlar konkret cinayət əməllərinə görə məhkum olunmuş şəxslərin ətrafında əsassız kampaniyaların təşkilində fəal iştirak edir, beynəlxalq ictimaiyyətdə guya Azərbaycanda insan haqlarının pozulduğu, demokratiya prinsiplərinə riayət olunmadığı haqqında rəy formalaşdırmağa cəhd göstərirlər.

ABŞ və  Norveç səfirlikləri nümayəndələrinin Naxçıvan -a səfəri onların kiçik bir hadisəni böyütmək, ona siyasi rəng vermək, Azərbaycanda ictimai asayişin qorunmasına xələl gətirmək cəhdi kimi qiymətləndirilməlidir.

Əvvəlcə jurnalistlərin, digər şəxslərin həbsi ilə bağlı bəyanatlar və açıqlamalarla məqsədlərinə nail olmaq istəyən bu   səfirliklər heç bir nəticə əldə etmədiklərinə görə  indi də digər məsələləri hədəfə götürür, dövlətlərarası münasibətlərə, diplomatik etiket qaydalarına yaraşmayan addımlar atır, anlaşılmaz açıqlamalar verirlər.

ABŞ və Norveç səfirliklərinin səyləri dini etiqad azadlığının təmin edilməsinə, insan hüquqlarının qorunmasına yönəlmiş addım kimi deyil, dini radikallığın artmasına töhfə, dini ekstremizmə dəstək kimi xarakterizə oluna bilər.

Dünya ictimaiyyəti dəfələrlə ABŞ hüquq-mühafizə orqanlarının vətəndaşlarla qəddar davranışının şahidi olub. Ancaq nə ayrı-ayrı ölkələrin səfirlikləri, nə də Azərbaycanın ABŞ-dakı diplomatik korpusu bu məsələyə müdaxilə etmək, onu şişirtmək istiqamətində addım atmamış və belə halları yolverilməz hesab ediblər.

Çox yaxşı olardı ki, bu ölkələrin Azərbaycandakı səfirlikləri öz səlahiyyətləri çərçivəsində, dövlətlərarası münasibətlərin ruhuna uyğun fəaliyyət göstərsinlər, Azərbaycanda ictimai asayişin pozulmasına yönəlmiş addımlar atmasınlar.

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Bənəniyarda baş verən hadisələrə münasibət açıqlayıb. Komitə sədri Aşura günü Bənəniyar kəndində baş verənlər ətrafında ajiotaj yaratmağa ehtiyac olmadığını deyib: “İstər Bənəniyar olsun, istərsə də Azərbaycanın başqa bir ərazisi, harada radikallıq, ifratçılıq, ekstremizm var, dövlət də, cəmiyyət də buna öz münasibətini bildirəcək”. Komitə sədri Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası tərəfindən verilən fətvalara əmələ olunmasının vacibliyini vurğulayıb: “Aşura ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin fətvası olmuşdu ki, zəncir vurulmasın, baş yarılmasın. Əksər yerdə buna riayət olunsa da, bəzi yerlərdə yenə də buna əməl edilmədi”.

Azərbaycanlıların tolerant xalq olduğunu bildirən H.Orucov bununla belə, müəyyən xarici ziyanlı meyllərin Azərbaycanda öz niyyətlərini həyata keçirməyə çalışdıqlarını vurğulayıb: “Amma onların qarşısı tərəfimizdən yüksək səviyyədə alınır. Bir qrup adam var ki, onlar sanki ştatlı işçilər kimi gah bu, gah da o biri məscidə gedib, qrup halında zəncir vururdular. Sanki qonorara işləyirdilər”.

B.TOFIQOĞLU

Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az