Şaumyanın güllələnmədiyini sübut edən sənədlər aşkarlanıb
Məşədi Əzizbəyov isə Biləsuvar və Salyan bölgəsində azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçirib
Tarixçilər üçün son dərəcədə qiymətlidir ki, Azərbaycan prezidenti İlham Əliyev bütün prinsipiallığı ilə bizim tarixi torpaqlarımızın Azərbaycana məxsus olması məsələsini qaldırır. Nüfuzlu beynəlxalq təşkilatların, başqa dövlətlərin rəhbərləri ilə görüşlərdə çox açıq bir şəkildə bildirir ki, Dağlıq Qarabağ problemi Rusiya tərəfindən Cənubi Qafqaza köçürülən ermənilər tərəfindən ortalığa atılıb. Bunu dünən Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirdiyi mətbuat konfransında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru Yaqub Mahmudov deyib.
1918-ci ilə kimi Cənubi Qafqazın siyasi xəritəsində ermənilərin adı olmayıb.
Ermənilər özlərini bütün Cənubi Qafqazın ən qədim əhalisi kimi qələmə verdiklərini deyən Y.Mahmudov, əslində bu ərazidə erməni dövlətinin ilk dəfə 1918-ci ildə yaradıldığını, bundan əvvəl Cənubi Qafqazın siyasi xəritəsində erməni dövlətinin olmadığını söyləyib.
Ermənilərin tarixi faktları saxtalaşdırma siyasətinə cavab olaraq Tarix İnstitutu itirilmiş torpaqlarımızın tarixinin araşdırılmasına xüsusi əhəmiyyət verdiyini deyən institutun direktoru ermənilərin azərbaycanlılara qarşı işğalçılıq siyasətini ifşa edən yeni nəşrlər barədə də məlumat verib: “ Onlardan biri “Qarabağ tarixi” adlanır. 6 dildə çap olunan bu kitab müxtəlif ölkələrdə təşkil olunan sərgilərdə birinci yerə layiq görülüb. Çünki bu kitab ancaq sənədlər, real faktlar əsasında tərtib edilib. Naxçıvanın tarixi abidələrinə həsr olunan kitab da tarixi sənədlərə əsaslanır. “Tarixi adlara qarşı soyqırımı” kitabı isə əvvəllər Azərbaycana məxsus olan torpaqlarda- indiki Ermənistan ərazisində tarixi və coğrafi yer adlarının dəyişdirilərək erməniləşdirilməsindən bəhs edir. Kitabda hətta adların dəyişdirilmə tarixi də öz əksini tapıb”.
Tarix İnstitutu tərəfindən nəşr edilən kitablardan biri də “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi” kitabıdır. Üç ilə ərsəyə gətirilən bu kitabı dəyərli edən əsas cəhət onun sənəd və arxiv materialları əsasında tərtib olunmasıdır. Kitabda İrəvan ərazisinin Azərbaycana məxsus olması real faktlar əsasında sübut edilir.
Bundan əlavə Tarix İnstitutu azərbaycanlılara qarşı törədilmiş 1918-ci ilin mart soyqırımı ilə bağlı 3 cildlik sənəd toplusunun hazırlanması üzərində də iş aparır. Qeyd edək ki, kitabın birinci cildi artıq çap olunub.
Y.Mahmudov “26 Bakı komissarı” abidəsinin altında Stepan Şaumyanın cəsədinin aşkarlanmaması ilə bağlı məsələyə də aydınlıq gətirib: “Keçən il yanvarın 24-26-da “26 Bakı komissarı” abidəsinin altındakı cəsədlər ümumi şəhər qəbiristanlığına köçürüldü. Üç gün ərzində Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi əməkdaşlarının və Tarix İnstitutunun mütəxəssislərinin iştirakı ilə orda tədqiqatlar aparılıb və orada təxmin edildiyi kimi 26 deyil, cəmi 23 cəsədin qalıqları tapıldı. Bundan sonra Tarix İnstitutu dərhal tədqiqatlara başladı. Bəzi şəxslər arxivləri qaldırmadan, araşdırma aparmadan israr etməyə başladılar ki, Stepan Şaumyanın cəsədi orda olub. Amma həmin cəsədlər yaş göstəricilərinə görə düzülmüşdü. “26-lar”ın arasında 3 nəfərin yaşı 40-dan yuxarı olub - Məşədi Əzizbəyov, Stepan Şaumyan və Tatevos Əmiryanın. “Sahil bağı”ndan çıxarılan cəsədlərdən isə yalnız biri 40 yaşdan yuxarı şəxsin idi ki, bu da Məşədi Əzizbəyovun yaş göstəricilərinə uyğun gəldi. Şaumyanla Əmiryanın heç birinin cəsədinin qalıqları tapılmadı. Cəsədi tapılmayan üçüncü şəxs isə İçərişəhərdə komendaturaya rəhbərlik etmiş Arsen Avakyandır. Avakyan daşnakları silahla təmin edən əsas şəxslərdən biridir. Həmin vaxt onun 23 yaşı olub. “Sahil bağı”ndan həmin yaş həddində bir neçə cəsəd tapılıb. Araşdırma nəticəsində məhz onun orada basdırılmadığı müəyyənləşdirilib. Bunu Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi də təsdiq edir”.
Y. Mahmudov deyib ki, Tarix İnstitutunun apardığı tədqiqatlar zamanı Türkmənistanda arxivdən xüsusi teleqram aşkarlanıb: “Bu teleqram Stepan Şaumyanın güllələnməsi ilə bağlıdır. Məlum olduğu kimi “26-lar” 1918-ci il sentyabrın 20-də güllələniblər. Həmin teleqramda isə göstərilir ki, sentyabrın 20-dən sonra 10 gün ərzində Krasnovodskda məhbəsdə Stepan Şaumyan və Anastas Mikoyana “suxoy poyok” pulu verilib. Teleqramda o da göstərilib ki, ona orada ilk günlər gündəlik 1 manat 50 qəpik, ayın 2-dən sonra isə 2 manat, daha sonra 17 manat veriblər”.
Şaumyanla Rəşid Behbudovun ölümü arasında hansı bağlılıq var?
Y.Mahmudov Şaumyanın 1918-ci ildə güllələnmədiyini sübut edən başqa bir fakt kimi xalq artisti Rəşid Behbudovun ölümünü göstərib: “SSRİ xalq artisti Rəşid Behbudov Hindistanda olarkən bu ölkənin şimalına konsert verməyə gedəndə yerli müxbirlərdən biri ona deyib ki, bu günlərdə burada sizin məşhur həmyerliniz dəfn olunub. R. Behbudov həmyerlisinin kim olduğunu soruşub, cavabında “Şaumyan” deyiblər. Təbii ki, həmin vaxtlar Rəşid Behbudovun ətrafında sovet kəşfiyyatının nümayəndələri olub. Müğənni Bilal Əliyev də şahidlik edir ki, o zaman rus dilini yaxşı başa düşməsə də, söhbətin mənasını anlayıb. R.Behbudov müxbirdən orada çəkiliş aparılıb-aparılmadığını soruşub. Həmin jurnalist geri qayıdanda həmin kaseti Rəşid Behbudova verib. 1988-1989-ci illərdə Dağlıq Qarabağ problemi başlayanda böyük sənətkarımız ərazi məsələləri üstündə Mixail Qorbaçovla dalaşıb və erməni tarixinin uydurma olduğunu sübut etməkdən ötrü həmin kaseti Qorboçova verib. Bunu Rəşid Behbudovun yoldaşı da təsdiq edir. Rəşid Behbudovu xəstəxanada yatanda xanımına deyib ki, kaset məsələsinə görə onu aradan götürəcəklər”.
Əsas məqamlardan biri sovet hökumətinin liderlərindən olan Anastas Mikoyanın Stepan Şaumyanla bağlı izi itirməyə çalışmasıdır: “Mikoyan uzun müddət izi itirməkdən ötrü məlumat verib ki, guya o, Şaumyanla bağlı Hindistan arxivlərinə sorğu göndərib və ona orada heç bir sənədin olmamasını deyiblər. Guya onun oğlu Serqo Mikoyan da eyni şəkildə arxivlərə müraciət edib. Guya bu sənəd tapılmayıb. İngilis jurnalisti Brayn Pirs isə Hindistana, Dehliyə gedərək arxivə müraciət edib. Arxivdən ona arayış veriblər ki, Mikoyan soyadlı şəxslər həmin arxivə müraciət etməyiblər. Bunların hamısı çox aydın sübut edir ki, güllələnən “26-lar” sırasında Şaumyan olmayıb”.
Sovet dövründə turizm xətti ilə Hindistana gedən şəxslərdən Stepan Şaumyanın Hindistanda qaldığı evlərdə olanlar da olub: “Həmin adamların çoxunu üzə çıxaranda biri xəstələnir, biri demək istəmir. Bu məsələni dərindən araşdıracaq. Hazırda xarici ölkələrin arxivlərində iş gedir. Mən bunu bütün təfsilatı ilə açmaq istəmirəm, çünki dərhal bunun əleyhdarları meydana çıxır. Biz Hindistandakı arxivlərlə əlaqədar işlər də görürük. Yəqin ki, bu iş bir nəticə verəcək”.
Şaumyan azərbaycanlılara qarşı soyqırımının keçirilməsinə şəxsən başçılıq edirmiş: “ Guya ki, o sosialist inqilabında fəal iştirak edib. Əslində isə bunların hamısı yalan məlumatlardır. O, Daşnak Partiyasının Bakı komitəsinin üzvü olub. Şərqi Anadoluda erməni dövlətinin yaradılması işi də ona tapşırılmışdı. Şaumyan Şərqi Anadoluda və Azərbaycan ərazisində türk-müsəlman əhalisinin qırılmasına bilavasitə göstəriş verən canidir. Bunu sənədlər də sübut edir. Azərbaycanlılara qarşı mart soyqırımından üç-dörd gün sonra mərkəzi Rusiya hökumətinə verdiyi hesabatda bildirib ki, Bakıda hakimiyyəti ələ almaq üçün 2 minə qədər daşnak qoşunlarından istifadə olunub. Bakıda müsəlmanların hakimiyyəti ələ almasına yol verəməmək üçün Şaumyan buna şüurlu surətdə getdiklərini də bildirib. Başqa bir fakt isə ondan ibarətdir ki, Şaumyan Şamaxıda minlərlə azərbaycanlını qətlə yetirən Lalayanı həbs olunandan bir neçə gün sonra azad etdirir”.
Y.Mahmudov azərbaycanlılara qarşı qırğınların törədilməsində Məşədi Əzizbəyovun da iştirak etdiyini bildirib: “ Məşədi Əzizbəyov gərək Şaumyana qoşulmayaydı. Ən azı o, daşnakların məhv edilməsi xəttini tutmalı idi. Amma ondan istifadə etdilər”.
Onun sözlərinə görə, aparılan tədqiqatlar sübut edir ki, M. Əzizbəyovu “26-lar”a beynəlmiləl görkəm verməkdən ötrü əlavə ediblər: “Çox təəssüf ki, Əzizbəyov Biləsuvar, Salyan bölgəsində cəza dəstələrinə başçılıq edib və kütləvi qırğınlar həyata keçirib. Bunu sübut edən faktlar var. “26-lar” soyqırım cəlladlarıdır. Onların ümumi abidələri, Caparidze də daxil olmaqla digərlərinin heykəlləri götürüldü. Bunlar hamısı o deməkdir ki, Azərbaycanda bu iş artıq başlayıb. Bu, çox düzgün və cəsarətli addımdır. Güman edirəm ki, bu addımlar davam edəcək”.
Y.Mahmudov Dağlıq Qarabağ münaqişəsi və ermənilərin azərbaycanlılara qarşı məkrli siyasətlərinin ifşa olunmasında imkanlı azərbaycanlıların biganəliyindən də gileylənib: “Varlı ermənilər qondarma Ermənistan dövlətinin tarixini yaratmaq üçün milyonlarını qoyur. 100 min tirajlarla saxta kitabları buraxdırırlar, sonra isə dünyanın müxtəlif ölkələrində yaşayan himayədarları vasitəsilə müraciət edirlər ki, Azərbaycana, türklərə qarşı belə kitablardan çox buraxdırın. Mən isə 10 ildən çoxdur ki, üzümü varlı adamlara tutub yalvarışlarla, bəzən də təhqirə məruz qala-qala deyirəm ki, siz bu məmləkətin sərvətinə sahib ola bilirsinizsə, bu sərvəti sizə qazandıran dövlətə, onun tarixinə xidmət eləmək lazımdır”.
Y. Mahmudov təəssüflə deyib ki, Azərbaycanda Tarix İnstitutuna ermənilərin Ermənistan tarixçilərinə verdiyi pulun yüz mində bir hissəsini xərcləyən varlı adamlar yoxdur: “Bu həqiqətdir. Biz gözləyirik ki, gələcəkdə bizim varlılarımız da hərəkətə gəlsinlər və onların sərvətinin mənbəyi olan Azərbaycan dövlətini, xalqımızı, ərazilərimizi müdafiə eləsinlər”.
B.CAHANDAROV
Xəbər lenti


